ÜST risk səviyyəsini yüksəltdi, Covid-19 hansı ölkələrə sıçrayıb? - ARAŞDIRMA

Çinin Hubey əyalətinin Uhan şəhərində ilk təsadüf edilən yeni koronavirus (Covid-19) növünə dünyada 83 mindən çox insan yoluxub. SİA-nın araşdırmalarına görə, qısa müddətdə 50-dən çox ölkəyə yayılan epidemiya nəticəsində ölənlərin sayı 2850-ni keçib. Virus sonuncu dəfə Azərbaycanda da aşkarlanıb. Virusa yoluxanlardan 36 min 571 nəfər virusdan qurtulub.

Epidemiya narahatlığı Avropa birjalarına zərbə vurur

Avropa birjaları "Covid-19"-un Avropada sürətlə artması və epidemiyanın iqtisadiyyatlarda səbəb olacağı zərər gözləntilərinin artması səbəbindən həftənin son ticarət gününü kəskin bir enişlə başa vurub.

ÜST risk səviyyəsini artırıb

Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirus (Covid-19) üçün qlobal risk səviyyəsini "yüksək" dən "çox yüksək" səviyyəsinə qaldırıb.

İsveçrə böyük tədbirləri ləğv edib

İsveçrə hökuməti ölkədə yoluxmaların sayının artması ilə mindən çox insanın iştirak etdiyi bütün tədbirlərə qadağa qoyub. Görülən tədbirlər çərçivəsində bu il Cenevrə Avtomobil sərgisi keçirilməyəcək. Digər tərəfdən, Yaponiyada Disneyland qapılarını ziyarətçilər üçün müvəqqəti olaraq bağlayıb.

Meksikada ilk yoluxmalar, Yaponiyada sərnişin gəmisində 1 ölüm

Meksika rəsmiləri ölkədə ilk yoluxmaların aşkarlandığını açıqlayıb. Cümə günü verilən elanda "Covid-19" diaqnozu qoyulan 2 xəstənin vəziyyətinin ağır olmadığı və xəstələrin ailələri ilə birlikdə karantində olduğu bildirilib.

Yaponiyada karantinə alınan "Diamond Princess" gəmisində İngiltərə vətəndaşının öldüyü açıqlanıb.

Cənubi Kipr sərhəd keçid məntəqələrini bağlayır

Cənubi Kipr fevralın 19-da koronavirusun yayılması səbəbindən Şimali Kipr Türk Respublikası ilə arasındakı 7 nəzarət nöqtəsindən 4-ü bağlayacağını açıqlayıb.

Koronavirus Nigeriyada görülüb: Xəstə Türk Hava Yollarının təyyarəsi ilə İstanbuldan gəlib.

Koronavirusa Qara Afrikada ilk dəfə Nigeriyada rast gəlinib. Lagos şəhərində səhiyyə üzrə məsul komissar Akin Abayomi xəstənin İstanbuldan gələn Türk Hava Yolları təyyarəsi ilə ölkəyə girdiyini açıqlayıb. Nigeriyanın səhiyyə naziri Osagie Ehanire ölkədə ilk "Covid-19" hadisəsinin fevralın 25-də İtaliyanın Milan şəhərindən Lagosa gələn bir İtaliya vətəndaşında görüldüyü bildirilib.

Hollandiyada ilk "Covid-19" virusuna yoluxma hadisəsi aşkarlanıb

Hollandiya Səhiyyə Nazirliyi yanında Dövlət Sağlamlıq və Ətraf Mühit İnstitutunun yazılı açıqlamasında ötən axşam Tilburg Xəstəxanasında karantində olan adamda virusun tapıldığı bildirilib.

Açıqlamada, bir müddət əvvəl İtaliyanın Lombardiya bölgəsini ziyarət etdiyi təyin olunan şəxsin kiminlə ünsiyyət qurduğunun araşdırıldığı bildirilib.

İranlı tələbə Belarusiyada koronavirus xəstəliyinə tutulub

Belarusiyada səhiyyə işçilərinin verdiyi açıqlamada ilk koronavirusunun ölkədə iranlı bir tələbədə virus aşkar edildikdən sonra qeydə alındığı bildirilib.

Yeni Zelandiyada ilk koronavirus hadisəsi aşkarlanıb

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern İrandan gələn 60 yaşlı Yeni Zelandiya vətəndaşı qadında yeni növ koronavirusun (Covid-19) aşkarlandığını açıqlayıb. Avstraliyada rəsmi görüşlər keçirən Baş nazir Ardern virusun İndoneziyanın Bali adasına İrandan gələn Yeni Zelandiyalı qadında tapıldığını açıqlayıb.

İranda koronavirus öldürməyə davam edir: Ölüm sayı 34 nəfərə çatıb

İranda daha 8 nəfər koronavirus səbəbindən öldü, ölənlərin sayı ölkə daxilində 34, yoluxmaların sayı 388-ə yüksəlib.

Yaponiyada məktəblərdə tətil elan olunub

Yaponiya, koronavirusun yayılmasının qarşısını almaq üçün ibtidai və orta məktəbləri və liseyləri mart ayının sonuna qədər bağlamaq qərarına gəlib.

Danimarkada ilk hadisə İtaliyadan qayıdan bir şəxsdə görülüb

Digər tərəfdən qeyd edilib ki, 27 fevral tarixindən etibarən Danimarkada da koronavirusa ilk yoluxma hadisəsi baş verib. Danimarka Səhiyyə Nazirliyinin verdiyi açıqlamada İtaliyanın şimalından xizək tətilindən qayıdan kişi vətəndaşında virus aşkarladığı və xəstənin öz evində karantində olduğu bildirilib.

Yunanıstanda 2 yeni yoluxma hadisəsi aşkarlanıb

Yunanıstanda bir koronavirus yoluxması tapıldıqdan sonra 2 yeni hadisənin görüldüyü, onlardan birinin uşaq olduğu açıqlanıb. İtaliyanın şimalından Salonikidən gələn 38 yaşlı qadının "Covid-19" virusunu daşıyıcısı olduğu və xəstəliyi uşağına ötürdüyü qeyd edilib. Hər iki şəxs karantinə alınıb.

Səudiyyə Ərəbistanı Ümrə ziyarətlərini təxirə salır

Səudiyyə Ərəbistanı hökuməti Orta Şərq ölkələrində koronavirusun yayılmasından sonra Məkkə və Mədinə şəhərlərini Ümrə ziyarətinə gələnlərin üzünə bağlayıb, giriş-çıxış müvəqqəti olaraq dayandırılıb. Bu günə qədər ölkədə heç bir koronavirus hadisəsi aşkar edilməsə də Riyad rəhbərliyi qonşu ölkələr Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və İranda yoluxmuş xəstələrin sayının artdığı üçün tədbirlərini artırıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...