Təbiət muzeyi - eksponatlar ərazinin zəngin flora və fauna nümunələrindən ibarətdir

Son 25 ildə qədim Naxçıvanın həyatındakı canlanma yalnız burada aparılan tikinti, quruculuq, abadlıq işləri ilə deyil, eyni zamanda həyatımızın bütün sahələrində yeniliklər ilə xarakterizə olunur. Şübhəsiz, ilk növbədə böyük məhəbbətlə görülən işlər hər bir kəsi valeh edir. Bununla yanaşı muxtar respublikanın qədim və zəngin tarixinin, mədəniyyətinin, təbiətinin təbliği istiqamətində həyata keçirilən tədbirlər bu təəssüratı daha da unudulmaz edir.

Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən diqqətəlayiq tədbirlərdən biri də xalqımızın qədim dövrlərdən günümüzə kimi olan tarixini, mədəniyyətini, milli-mədəni dəyərlərini, o cümlədən fauna və florasını parlaq şəkildə işıqlandıran muzeylərimizdir ki, burada toplanılıb gələcək nəsillər üçün qorunub saxlanılan eksponatlar şəhərimizə gələn yerli, xarici turist və qonaqların da böyük marağına səbəb olur.

Ərazinin zənginliklərini əyani surətdə geniş təbliğ edən muzeylərdən biri də AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun nəzdində yaradılan Təbiət muzeyidir. Özünəməxsusluğu ilə seçilən muzey haqqında ətraflı məlumat almaq üçün institutun Zooloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Bayramovla həmsöhbət olduq. O, bildirdi ki, flora və faunamızın növ müxtəlifliyi, maraq doğuran canlılar, o cümlədən nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin geniş təbliği, xüsusən gənc nəsildə təbiətə və təbii sərvətlərimizə doğma münasibət hissi və ekoloji mədəniyyət aşılamaq muzeyin əsas məqsədini təşkil edir. Ekspozisiya zalında nümayiş etdirilən eksponatlar da ərazinin zəngin flora və fauna nümunələrindən ibarətdir.

Muzeydən ümumi görünüş

2003-cü ildən fəaliyyət göstərən muzeyin ekspozisiya və kolleksiya fondunun zənginləşməsində institut əməkdaşları ilə yanaşı, təbiətsevər vətəndaşların da əməyini xüsusi vurğulayan şöbə müdiri qeyd etdi ki, müxtəlif canlıların daşlaşmış qalıqları, skeletləri, qədim insanların əmək alətləri, quşların müxtəlifliyi ilə seçilən yuvaları və başqa eksponatlar muzeyin zənginliyini daha da artırıb.

Muzeydə səliqə ilə divarboyu düzülmüş vitrinlərdə Naxçıvan Muxtar Respublikasının təbiətini əks etdirən çoxsaylı eksponatlar, sanki canlı təəssürat bağışlayan müqəvva ekspozisiyaları tamaşaçının diqqətini ilk baxışdan cəlb edir.

Bu elmi-mədəni ocağın girişində muxtar respublikanın özünəməxsus torpaq-iqlim şəraitində yüksək məhsuldarlığı ilə seçilən yeni buğda hibridlərinin və seleksiya sortlarının sərgisinə xüsusi guşə ayrılıb. Guşədə institutun elmi əməkdaşlarının illərlə gərgin əməyi nəticəsində alınmış bərk və yumşaq buğda sortlarının dənlə dolu iri sünbüllü nümunələri nümayiş etdirilir. Burada əməkdaşların buğdadan hazırladıqları Naxçıvan Muxtar Respublikasının xəritəsi xüsusi ilə diqqəti cəlb edir. Qeyd edək ki, strateji məhsul kimi buğdanın sərgilənən nümunələrinin sayı 50-ni keçib.

Bərk və yumşaq buğda sortlarının sərgilənən nümunələri

Buğda dənindən hazırlanan Naxçıvan Muxtar Respublikasının xəritəsi

Muzeydə diqqəti özünə çəkən digər bölmə floramızın yüksək müalicəvi xassələri ilə fərqlənən dərman bitkiləridir. Burada cövhərlər, qoz, badam, acı badam, ərik və şaftalı çəyirdəklərindən alınmış yağlar xüsusi germetik qablara doldurulub və etiketlənmiş şəkildə nümayiş etdirilir. Həmin bölmədə floramızda zəngin bioloji ehtiyata malik 60 rəsmi dərman bitkisinin bir çox xəstəliklərin müalicəsində uğurla tətbiq edilən 20 uyğun kombinasiyalı qarışıqlar tərkib hissələri və istifadə qaydasının təlimatı ilə birlikdə nəfis qutularda sərgilənir.

Dərman bitkiləri

Fauna nümunələri eksponatları və ekspozisiyalarının sərgilənməsi muzeydə böyük sahəni əhatə edir. Vəhşi cütdırnaqlılardan qaya keçisinin, dağ qoyununun və Pişikkimilər fəsiləsindən olan vaşağın skeletlərinin müxtəlif hissələrindən hazırlanmış ekspozisiyalar, qonur ayının nümayiş etdirilən dərisi maraqla qarşılanır.

Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış 38 növ ilanın və kərtənkələnin, demək olar ki, hamısının formalin məhlulunda təsbit edilmiş eksponatları muzeyə gələnlərlə bərabər, mütəxəssislərin də diqqətini xüsusi cəlb edir. Eksponatlar arasında təbiətdə olduqca nadir rast gəlinən, tapılmasına illər sərf ediləcək növlər muzeyin digər bir bölməsinin ekspozisiyasını təşkil edir.

Təbiətdə nadir rast gəlinən növlər

Burada eyni zamanda sututarlarımızda yayılmış və elmi işçilər tərəfindən faunaya yeni daxil edilmiş balıq növləri, xüsusən Kür uzunburunu, qızılxallı balıq, qambuziya və başqa nümunələr nümayiş etdirilir ki, bu eksponatlar da tamaşaçılarda, həmçinin mütəxəssislərdə sonsuz maraq və bəzən də təəccüb hissi doğurur. Sərgilənən balıqların əksəriyyəti vətəgə əhəmiyyəti daşıyır.

Muzeydə həmçinin bütün Qafqazda ən iri fərdlərinə Araz su anbarında rast gəlinən uzunbarmaq çay xərçənginin və krevetin fərdləri nümayiş etdirilir.

Onurğasız heyvanlara aid çoxlu sayda eksponat muzeyin növbəti bölməsinin ekspozisiyasını təşkil edir. Burada insan və heyvanlarda parazitlik edən dəyirmi və yastı qurdlar, o cümlədən həşəratlar sinfinə daxil olan sərtqanadlılar, kəpənəklər, vəhşi arılar, müxtəlif hörümçəkkimilər, xüsusilə molyusk növləri, ali xərçənglərin nümayəndələri və su həyat tərzi keçirən müxtəlif orqanizmlərin sərgisi bölgənin zəngin onurğasız faunası haqqında təəssürat yaradır.

Tədqiqatlara cəlb edilən kəpənəklər

Öyrəndik ki, muzeydə bəzi eksponatlar həm nümayiş olunur, həm də tədqiqatlara cəlb ediliblər. Belə ki, muzeyə tamaşaçılarla yanaşı, müxtəlif heyvan qrupları ilə bağlı tədqiqat aparan mütəxəssislər gəlir, sərgilənən nüsxələrdən ilkin material kimi istifadə edir, təsvir və ölçmə işləri yerinə yetirirlər.

Akif Bayramov bildirdi ki, tədqiqat aparmaq məqsədilə ötən illərdə muxtar respublikamıza Fransadan, Rusiyadan, Macarıstandan, Hollandiyadan, Portuqaliyadan və digər xarici ölkələrdən gələn qonaqlar sözügedən muzeyin ekspozisiyasının zəngin nümunələri ilə əyani tanışlıqdan zövq alıblar.

Məktəblilər muzeydə olarkən

Təbiətsevərlərin, ali təhsil müəssisələrində təhsil alan tələbələrin və orta məktəb şagirdlərinin üzünə həmişə açıq olan muzeydə son illər açıq dərslər təşkil edilir, müxtəlif mövzularda tədbirlər keçirilir. Burada tələbə və şagirdlər ərazinin fauna və florası ilə yaxından tanış edilir, onlara zəngin təbii sərvətlərimizin qorunması, ekologiyaya aid tövsiyələr verilir.

Türkanə Bəylərli

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...