Müşviq Ələsgərli: “Prosedurun sadə olması neqativ hallar yaradır"

"Azərbaycanda kütləvi informasiya vasitələrinin qeydiyyatdan keçirilməsi çox sadələşdirilib". Bunu Ədliyyə Nazirliyinin "Mətbu nəşrlərin uçotu üçün müraciətin və sənədlərin qəbulu" xidmətinin elektronlaşdırılması ilə bağlı SİA-ya açıqlama verən Jurnalistlərin Həmkarlar İttifaqının sədri və Mətbuat Şurasının İdarə heyətinin üzvü Müşviq Ələsgərli deyib.

Onun sözlərinə görə, qəzet və jurnallar üçün qeydiyyat proseduru daha sadədir: "İndiyə qədər onsuzda Ədliyyə Nazirliyinə müraciət etməklə mətbu orqan təsis edib fəaliyyət göstərmək olurdu. Əslində bu hansısa icazə prosesi deyil. Sadəcə məlumatlar qeydə alınır ki, belə bir qəzet mövcuddur və fəaliyyət göstərir. İndi eyni prosedur elektron formada tətbiq olunur. Burda ciddi bir dəyişiklik yoxdur. Qanunvericilikdə, təcrübədə işlədilən bir variantın elektron formasıdır. Buna görə də prosedurun elekronlaşdırılması demokratik addımdır. Azərbaycanda tətbiq olunan KİV haqqında qanun da Avropada ən yaxşı qanunvericiliklərdən biridir".

Müşviq Ələsgərli qanunun özündə problem olmasa da, qanundan istifadə edənlərin problem yaratdığını deyib: "Hazırda beş mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib, onların da sadəcə bir qismi fəaliyyət göstərir. Fəaliyyət göstərənlər arasında neqativ hallara yol verənlər də var. Azərbaycan Mətbuat Şurası da həmin KİV-lərə qarşı mübarizə aparır. Prosedurun bu qədər sadə olması da neqativ hallar yaradır. Xüsusən hansısa siyasi qüvvələrin maraqlarına ximət edən KİV-lər bu cür sadə prosedurlardan istifadə edərək müəyyən problemlər yaradırlar. Ona görə də bəzən bu qanunun sadələşdirilməsi əvəzinə, sərtləşdirilməsi təklif olunur. Bu təkliflərdə mətbu orqan açmaq istəyən şəxslərin öncədən müəyyən vəsaitə, redaksiya avadanlıqlarına malik olması kimi məsələlər nəzərdə tutulur. Hələlik bunlar qanunvericilikdə yoxdur. Bəlkə gələcəkdə bu istiqamətdə dəyişikliklər edilə bilər. Elektron variantın tətbiq olunması isə Azərbaycan vətəndaşları, media nümayəndələri üçün irəliyə atılmış daha bir humanist addımdır. Sadəcə çalışmaq lazımdır ki, bu qanunun demokratikliyindən neqativ yöndə yox, Azərbaycan cəmiyyətinin informasiya tələbatının ödənilməsi üçün istifadə olunsun".

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...