Qafar Əliyev: "NATO sammitində Azərbaycanın əsas probleminə diqqət ayrılması əhəmiyyətli oldu"

"NATO sammitində Azərbaycanın əsas probleminə diqqət ayrılması bizim üçün xüsusi əhəmiyyətə malik oldu". SİA-nın verdiyi məlumata görə, bunu salamnews saytına Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi və Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə toxunması bütün diqqəti özünə cəlb etdi: "R.T.Ərdoğan Bakıda söylədi ki, Azərbaycanın haqq səsi eşidilmir və başqa dövlətlərin ərazi bütövlüyü pozulan zaman NATO dövlətləri tərəfindən edilən dəstək Azərbaycana göstərilmir. Bu cəhətdən NATO-nun son sammitini bizim üçün xüsusi əhəmiyyətə malik tarixi tədbir kimi xarakterizə etmək olar. Bundan başqa, bir nömrəli problem olan Dağlıq Qarabağ münaqişəsi məsələsinin bu sammitdə müzakirəyə çıxarılması, Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirilməlidir. Bu sammitdə aparıcı ölkə rəhbərləri qəbul etdikləri qərarlarda dövlətlərin ərazi bütövlüyünün qorunması məsələsini bir daha qabartdılar. Bu da ölkəmizin xeyrinə olan mühüm məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə