BMT-nin sabiq baş katibinə Nizami Gəncəvi mükafatı təqdim olunub

Parisdə, UNESCO-nun mərkəzi qərargahında Birləşmiş Millətlər Təşkilatının 6-cı baş katibi Butros Butros Qali ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradov arasında görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, görüş qurumun iki illiyi ilə əlaqədar reallaşdırılan layihə çərçivəsində baş tutub və mərkəzin fəxri üzvü olan Butros Butros Qaliyə təşkilatın təsis etdiyi Nizami Gəncəvi mükafatı təqdim olunub.

Görüşdə gələn il Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə olunub və Forumla əlaqədar sentyabrın 4-7-də Andorrada keçiriləcək toplantıya dair fikir mübadiləsi aparılıb.

Butros Butros Qali Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən toplantının əhəmiyyətini vurğulayıb. O bildirib ki, "Avropada etimadın bərpa olunması" mövzusunda müzakirələrin aparılması bu gün Avropada münaqişələr, gərgin siyasi proseslər və müsəlman dünyasında müşahidə edilən terror dalğası fonunda olduqca vacib addımlardan biridir.

Nizami Gəncəvi mükafatı daha əvvəl sabiq prezidentlər Bill Klinton, Vayra Vike-Frayberqa, Tarya Halonen, Süleyman Dəmirəl, Şahzadə Nur, Şahzadə Silvio və başqalarına təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...