Əli Əhmədov: \"Heydər Əliyev Azərbaycan xalqının milli həmrəylik simvoluna çevrilib\"-MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun yap.org.az saytına müsahibəsi:


- Əli müəllim, ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində yeri və rolu barədə nə deyə bilərsiniz?

- Bu sualla bağlı deyilməsi vacib olan əsas fikir ondan ibarətdir ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur. Amma düşünürəm ki, Heydər Əliyevin Azərbaycan xalqının qarşısındakı xidmətləri və müasir Azərbaycanın tarixindəki rolu daha geniş məzmuna və mənaya malikdir. Onu da qeyd etmək istəyirəm ki, Heydər Əliyev bu gün vətəndaşlarımız tərəfindən müasir Azərbaycan cəmiyyətinin qurucusu kimi də qəbul edilir.
Təbii ki, Heydər Əliyevin müstəqil Azərbaycanın banisi olması Azərbaycan xalqı tərəfindən Onun ən böyük xidməti kimi dəyərləndirilməkdədir. Əminliklə demək olar ki, hazırda Azərbaycanın mövcudluğu, inkişafı və tərəqqisi bu dövlətin Heydər Əliyev tərəfindən yaradılmış özülünün kifayət qədər möhkəmliyilə əlaqədardır. Heydər Əliyevin yaratdığı fundamental baza üzərində qurulan Azərbaycan dövləti həyatın bütün sahələrində böyük uğurlar əldə edir. Buna görə də, biz Heydər Əliyevin xidmətləri, Onun bu günkü Azərbaycan tarixindəki rolu haqqında danışarkən, bir yandan Heydər Əliyevin öz sağlığı zamanı həyata keçirdiyi islahatları və onun nailiyyətlərini qeyd etməli, digər tərəfdən isə Onun qurduğu dövlətin bu günün özündə də əldə etdiyi uğurları birmənalı şəkildə qiymətləndirməliyik. Hörmətli Prezidentin də dəfələrlə açıq şəkildə vurğuladığı kimi, Azərbaycanın əldə etdiyi nailiyyətlər Heydər Əliyev siyasətilə bağlıdır. Azərbaycan cəmiyyəti ölkəmizdə qazanılan uğurların əksəriyyətinə görə, məhz, Heydər Əliyev siyasətinə özünü borclu bilir.
Bir sözlə, Heydər Əliyev Azərbaycanın ən ağır dövrlərində ölkəni başının üstünü almış təhlükələrdən xilas edə bilib. Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurub, müasir Azərbaycan cəmiyyətini formalaşdırıb, cəmiyyətimizin əsas dəyərlərini müəyyənləşdirib və həmin dəyərlər bu gün müasir cəmiyyətimizin inkişafının əsas təməl prinsipləri kimi öz missiyasını yerinə yetirir.
Heydər Əliyev Azərbaycan xalqının Ümummilli lideri kimi insanlarımızın milli həmrəylik və birlik simvoluna çevrilib. Heydər Əliyev şəxsiyyəti, adı və ideyaları ətrafında birləşən Azərbaycan cəmiyyəti daha güclü, qüdrətli və əzəmətli görünür. Bütün bunların hamısı təbii ki, Heydər Əliyevin Azərbaycanın tarixində oynadığı müstəsna roldur, həyata keçirdiyi müstəsna xidmətlərdir və tarixi missiyadır. Eyni zamanda, vurğulanmalıdır ki, əslində bu missiya Azərbaycanda Heydər Əliyevin ideyalarının bu gün də davam etdirilməsi formasında özünü göstərməkdədir.

- Ümummilli lider Heydər Əliyevin dövlətçilik məktəbinin ənənələrinin, ideyalarının və siyasi kursunun davam etdirilməsi haqqında hansı fikirləri söyləmək olar?

- Heydər Əliyev elə dahi şəxsiyyətlərdəndir ki, onun müəyyənləşdirdiyi siyasət, formalaşdırdığı dövlət və dəyərlər bu gün də fəaliyyətdədir, Azərbaycan xalqına xidmət edir. Təbii ki, bütün bunlar bir tərəfdən Azərbaycan vətəndaşlarının Heydər Əliyev şəxsiyyətinə və onun siyasətinə dərin hörmətini, ehtiramını ifadə edirsə, digər tərəfdən bu dəyərlərin, ideyaların və müəyyənləşmiş siyasətin həyatiliyindən, insanlara, bütövlükdə, cəmiyyətimizə fayda veməsindən, Azərbaycanın milli maraqlarına xidmət etməsindən irəli gəlir. Heydər Əliyev Azərbaycanın bu gününü və gələcəyini təmin edən siyasət və konsepsiyalar müəyyənləşdirib. Bu konteksdə mən Heydər Əliyevin dühasının məhsulu olaraq, ortaya çıxmış və Azərbaycanın iqtisadiyyatının qüdrətli əsası kimi, neft strategiyasını ayrıca vurğulamaq istəyirəm.
Neft strategiyası yalnız bir iqtisadi layihə deyil. Bu, bir iqtisadi layihə olduğu qədər də, sosial və geopolitik konsepsiyadır ki, bu gün Azərbaycan cəmiyyəti onun faydalarını görməkdədir. Neft strategiyası bir tərəfdən Azərbaycan iqtisadiyyatının təməlini təşkil edir, digər tərəfdən, bu strategiyanın sayəsində ölkədə çox əhəmiyyətli sosial-iqtisadi layihələr, həmçinin, insanlarımızın rifahının yaxşılaşması, ölkəmizin bütövlükdə simasının dəyişdirilməsi məqsədi güdən infrastuktur layihələri həyata keçirilməkdədir. Bütün bunlar isə mahiyyət etibarilə Heydər Əliyevin neft strategiyasının üzərində qərar tutub.
Eyni zamanda, Azərbaycanın istər regionda, istərsə də, beynəlxalq aləmdə güclü mövqeləri yenə də Heydər Əliyevin neft strategiyasına istinad edir ki, bu da Onun geopolitik əhəmiyyətindən və rolundan xəbər verir. Heydər Əliyevin azərbaycanlıq prinsipi dövlətimizin ideya, məfkurə əsasını təşkil etməklə, Azərbaycanda mili həmrəyliyin, birliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycançılıq dövlətçiliyimizin ideya əsası kimi, bu dövlətin daha da möhkəmlənməsinə, güclənməsinə, qüdrətinin artmasına xidmət edir. Azərbaycançılıq ideyası təkcə ölkəmizin hüdudlarında deyil, sərhədlərimizdən də kənarda, ayrı-ayrı ölkələdə cəmləşmiş etnik azərbaycanlıların milli həmrəyliyinin və birliyinin formalaşmasına da müstəsna təsir göstərir. Hesab edirəm ki, dünyada müşahidə olunmaqda olan, Azərbaycan diaspor hərəkatının da inkişafında, onun genişlənməsində Heydər Əliyevin azərbaycançlıq konsepsiyası çox mühüm rol oynayır. Əlbəttə ki, bütün bunların hamısı, sadalanmalı olan digər dəyərlər də bu gün Azərbaycanın maraqlarına xidmət edir və dövlətimizin inkişafının əsası kimi çıxış edir.


- Əli müəllim, sonuncu sualımız siyasi sistemin demokratikləşməsində mühüm rol oynayan müstəqil mətbuat və söz azadlığı ilə bağlıdır. Məlum olduğu kimi, 3 may tarixi dünyada Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda da müstəqil mətbuat formalaşıb. Məhz, bu prosesdə ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Bu konteksdə ümummilli lider Heydər Əliyevin xidmətləri haqqında danışmağınızı istərdik…

- Qeyd edim ki, Heydər Əliyevin dövlətçilik konsepsiyası bir neçə fundamental əsaslara söykənir. Bunların içərisində heç şübhəsiz demokratiya, demokratik dəyərlər və plüralizm xüsusi yer tutmaqdadır. Bir şəxsiyyət kimi Heydər Əliyev dərin demokratik dəyərləri mənimsəmiş insan idi və Onun idarəçilik stilində də demokratiya, insanlara hörmət, onların hüquq və azadlıqlarına sayqı göstərmək çox vacib rol oynayırdı. Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğu istiqamətində muəyyənləşdirdiyi siyasət və konsepsiya yenə də əhəmiyyətli dərəcədə bütün dünyada qəbul olunan ümumbəşəri dəyərlər olan demokratik dəyərlərə istinad etməsilə seçilirdi. Buna kifayət qədər misallar gətirmək mümkündür. Məsələn, Heydər Əliyevin rəhbərliyi altında qəbul olunan Azərbaycanın ilk milli Konstitusiyasının çox ciddi şəkildə demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına istinad etdiyini, özündə bu dəyərləri əks etdirdiyini qeyd etmək kifayətdir.
Heydər Əliyev Azərbaycanda siyasi plüralizmin də geniş şəkildə təşəkkül tapması üçün ciddi səylər göstərirdi və bunun nəticəsində ölkəmizdə siyasi plüralizm və siyasi tolenrantlıq özünə mühüm yer tuta bildi. Digər tərəfdən, Heydər Əliyev insan azadlığına böyük önəm verirdi. Bu mənada söz və mətbuat azadlığı da Onun dövlətçilik konsepsiyasının çox vacib cəhətlərindən biri kimi qeyd oluna bilər.
Bu gün Azərbaycanda geniş inkişaf tapmış müstəqil mətbuatın yaranmasında Heydər Əliyevin söz və mətbuat azadlığına xüsusi önəm verməsi və sayqı ilə yanaşması vacib rol oynayıb. Etiraf etmək lazımdır ki, Azərbaycan yaşadığımız bölgədə ən geniş inkişaf tapmış sərbəst və azad mətbuata malik olan ölkə kimi qəbul olunur. Bunu istər Azərbaycanda azad mətbuat orqanlarının sayının çoxluğu, istərsə də onların sərbəst fəaliyyət göstərməsi üçün dövlət və hakimiyyət tərəfindən yaradılmış əlverişli mühitin olması təsdiq edir.
Heydər Əliyev Azərbaycanda sərbəst mətbuatın və söz azadlığının təmin olunması üçün lazım olan bütün addımları atmaqla yanaşı, Azərbaycan cəmiyyətində belə bir ənənənin əsasını qoymuş olub. Məsələn, sovetlər dönəmindən qalmış senzuranın ləğv edilməsi, azad mətbuat üçün hər bir şəraitin yaradılması, mətbuatın inkişafı üçün dövlət dəstəyinin göstərilməsi təşəbbüsü ilə dəfələrlə çıxış etməsi və s. Azərbaycanda Heydər Əliyevin və Onun müəyyənləşdirdiyi siyasətin söz və mətbuat azadlığına nə qədər hörmətlə yanaşdığından xəbər verir. Xatırladım ki, dəfələrlə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan mətbuatının bir neçə il öncə müəyyən səbəblərlə əlaqədar üzləşdiyi iqtisadi sıxıntıların aradan qaldırılması ilə bağlı çox vacib addımlar atıldı. Bu ənənə də bu gün Azərbaycanda davam etdirilməkdədir. Məhz, mətbuat sahəsində çalışanlara hörmətin və qayğının göstərilməsi, onların daha yaxşı iş şəraitilə təmin olunması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsi Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş çox vacib ənənənin bu gün də yaşadığını nümayiş etdirir.
Hesab edirəm ki, bu, Azərbaycan cəmiyyətinin demokratik dəyərlərə söykəndiyini sübut edən bir amil kimi də dəyərləndirilir, eyni zamanda, Azərbaycan dövlətinin təməl prinsipləri kimi Heydər Əliyev tərəfindən formalaşdırılmış ənənələrin də yaşadığını göstərir. Sadaladığım cəhətlər Heydər Əliyevin xalqımızın qarşısında göstərdiyi müstəsna xidmətlərin yalnız kiçik bir siyahısıdır. Ölkə əhalisinin ümummilli liderin xatirəsinə hədsiz hörmət və ehtiramla yanaşmasının, hər il onun doğum gününü böyük məhəbbətlə qeyd etməsinin kökündə bu xidmətlər və onların unudulmaması dayanır.

Bütün xəbərlər Facebook səhifəmizdə