Sovet dövrü milli geyimlərimizin sonu oldu I YAZI

Söz yox ki, ictimai-iqtisadi formasiyalar xalqların həyatına, məişətinə təsirsiz ötmür. Azərbaycan xalqı da 70 illik bir formasiyanın gətirdiyi assimilyasiyaya məruz qaldı. Həyatımızın bütün sahələri dəyişdi. Çünki biz müstəqil bir xalq deyildik. SSRİ-nin tərkibinə qatılmışdıq və rus imperiyasının qanunlarına tabe idik. Həmin vaxta qədər zaman-zaman müasirləşsə də, yenə də müəyyən qədər qorunub saxlanılan geyimlərimiz yeni bir dövrə qədəm qoydu.

Burada artıq bazar da dəyişmişdi. Bazarda satılan parçalar, təklif olunan paltar çeşidləri istər-istəməz geyimimizə təsirsiz ötməyəcəkdi. Zamanla geyimlərimizə onlardan əlavə edəcək, bu “müasirləşmə” ilə də bir vaxt baxacaqdıq ki, özümüzdən ortada heç nə qalmayıb. Belə də oldu. İllərə nəzər salsaq, geyimlərimizdə əsaslı dəyişikliyin məhz SSRİ dövründən başlandığını görə bilərik. 70 il az deyil. İki qərinəlik bir vaxtdır və illərin hər biri də insan həyatına öz “naxışlarını” vurub gedir.

Beləliklə, 70 ilin sonunda artıq geyimlərimiz çox dəyişmişdi. Milli geyimlərə uyğunluq yalnız kəndlərdə, o da yaşlı qadınlar arasında saxlanmaqda idi. Gənc qadınlar isə artıq daha “müasir” geyinirdilər.

Geyim xalqın mədəni irsinin bir parçasıdır

Geyim parçadan və müxtəlif materiallardan hazırlanan, insanların bədənin müxtəlif hissələrini örtmək üçün istifadə etdikləri bədən örtüyü kimi ifadə olunur. Şüuraltında isə bu, yuxarıdakı təriflə bitmir. Geyim mədəniyyət, mənəviyyat, xarakter, zövq, həm də əxlaqdır. İstər kişi, istər qadın olsun, ilk baxışda geyim onun təqdimatıdır; səliqəsi, zövqü, əxlaqı haqqında məlumatdır.

Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən hesab olunur. Geyimlər maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini, etnik əlamətlərini özündə ehtiva edir. Elə bu baxımdan da geyimlər etnogenez məsələlərini aydınlaşdırmaq, xalqlar arasında mədəni-tarixi əlaqə və qarşılıqlı təsir məsələlərini müəyyənləşdirmək işində yardımçı material rolunu oynayır. Eyni zamanda geyimlər həm xalqın təsərrüfat sahələrinin səviyyəsindən, həm də coğrafi şəraitdən birbaşa asılıdır.

Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində, həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir.

Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və bizlərin, Kültəpədən və Mingəçevirdən (eradan əvvəl II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış eradan əvvəl V əsrə aid möhür-barmaqcıqlar insanların özlərinə paltar tikməsi və həmin dövrlərin geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir.

Bakı şəhərindəki Şirvanşahlar sarayı (XV əsr) yanındakı məqbərədə qiymətli xara və ipək parça qalıqlarının aşkara çıxarılması da yuxarıda deyilənləri təsdiq edir.

Azərbaycanda çoxlu miqdarda ucuz xammal mənbələrinin olması burada orta əsr şəhərlərində ipək və yun parça istehsalı sənətkarlığının inkişafı üçün lazımi şərait yaratmışdır. Bütün bunlar aşkar edildikcə, təbii ki, xalqımızın milli-mənəvi dəyərləri, etnik xüsusiyyətləri, məşğuliyyəti, sənətkarlığı, adət-ənənələrinin nə səviyyədə olması barədə məlumatlar da dünəndən bu günə gələ bilmişdir.

Azərbaycan ipəkçiliyin mərkəzi kimi

Mənbələrdə göstərilir ki, XVII əsrdə Azərbaycan Yaxın Şərqin böyük ipəkçilik zonası, Şirvan əyaləti isə Azərbaycanın əsas ipəkçilik rayonu idi. Şamaxı Şabran, Ərəş, Qəbələ, Cavad və Ağdaşla birlikdə Azərbaycanın mühüm toxuculuq mərkəzlərindən i idi. Bu haqda məşhur səyyah Adam Oleari yazırdı: “Onların (şirvanlıların) əsas məşğələsini iplik, ipək və yun toxuma və müxtəlif tikmə işləri təşkil edir”. Şamaxıda istehsal olunmuş tafta, fata və darayı parçaları xüsusi şöhrət tapmış, zərif baş örtüklərinə və başqa toxuma məmulatlarına isə böyük tələbat vardı.

Azərbaycanda Gəncə, Şəki, Naxçıvan, Marağa, Mərənd, Ərəş və Ordubad mühüm toxuculuq mərkəzləri idi. Bunların sırasında ipək parça sənətkarlığının görkəmli mərkəzlərindən biri olan Gəncəni xüsusi qeyd etmək lazımdır. Evliya Çələbi (XVII əsr) yazırdı ki, Gəncə ipəyi çox məşhur idi. Gəncə şəhərində mövcud olan sənətkarlıq içərisində pambıq parça istehsalı da böyük yer tuturdu.

Təbriz şəhəri isə ən müxtəlif növlü parça istehsalı mərkəzi idi. Bu şəhər yüksək keyfiyyətli məxmər, atlas, qumaş və sair parça istehsalı üzrə xüsusilə məşhur idi. Adları çəkilən parçaların bir hissəsi hətta başqa ölkələrə də ixrac olunurdu.

Naxçıvanın mahir toxucu sənətkarları gözəl və yüksək keyfiyyətli pambıq parça istehsal edirdilər. Onların hazırladığı rəngarəng çit parçalara böyük tələbat var idi.

Beləliklə, XVII əsrdə Azərbaycan şəhərlərində parça istehsalı sahəsində meydana gələn müəyyən ixtisaslaşma sonrakı əsrlərdə də davam edirdi. Azərbaycanda istehsal olunub geniş işlənən və başqa yerlərə ixrac olunan parçalar sırasında zərbəft, xara, atlas, tafta, qanovuz, kəmxa, kiseyə, məxmər, darayı, mahud, şal, tirmə, midqal, bez və başqalarını qeyd etmək olar. Bu parçalardan bəziləri xalq arasında "Hacı mənə bax", "gecə-gündüz", "gendə dur", "alışdım yandım", "küçə mənə dar gəlir" adları ilə məşhur idi.

Sözsüz ki, parça xalqın mədəniyyətini əks etdirən elementlərdən biridir. Parçaların naxışı və rəngləri həm bir xalqı başqasından ayırmağa və həm də eyni xalqın içərisində müxtəlif sinfi təbəqələrin nümayəndələrini fərqləndirməyə imkan verirdi. Azərbaycanda əhali arasında qanovuz, darayı, mov, zərbaft, xara, atlas, məxmər, tafta, fay, tirmə və digər parçalar geniş istifadə olunurdu.

Parça istehsalının bu qədər çox, rəngarəng və çeşidli olması onu deməyə imkan verir ki, Azərbaycanda həmin dövrlərdə nəfis şəkildə qadın və kişi geyimləri də olub. Hələ bu geyimlərin özünəməxsus elementlərinə, tikilmə formalarına nəzər saldıqda bir xalqın maddi-mənəvi dəyərlərinin nə qədər zəngin olduğu da göz önünə gəlir.

Tariximizin bir parçası olan qədim milli geyimlərimiz bu gün geyilməsə də, onların istifadə dövrü yaşadığımız 70 illik sovet dövründə sona çatsa da, bu gün el bayramlarında, müxtəlif tədbirlərdə və toy mərasimlərində onlardan istifadə olunur. Muzeylərimizdə saxlanan və nümayiş olunan bu geyimlər bizim keçmişimiz, dünənimizdir. Və nə bilmək olar, bəlkə də gələcəyimizin geyimləridir. Odur ki, onlardan danışmaq hər zaman maraqlıdır.

Azərbaycan qadını Şərq qadınının ümumi obrazıdır

Azərbaycanın və ümumilikdə Şərq xalqları qadınlarının geyimi ilə yaratdığı bir obraz mövcuddur. Şərq qadını obrazı. Bütün dövrlərdə onun geyimində bir incəlik, zərafət, əxlaqi dəyərlər öz əksini tapıb. Elə bu cəhətlər də Şərq qadını obrazını formalaşdırıb. Baxmayaraq ki, geyimlər dəyişilib, lakin nə zaman Şərq qadınından söhbət açılırsa, göz önünə məhz gözəlliyini geyimi ilə daha da rövnəqləndirən obraz gəlir. O obraz ki, zaman-zaman onda bir özünəməxsusluq olub. Boy, qamət, saç düzümü, geyim və geyim aksesuarları, baş örtüyünün yaratdığı əsrarəngiz görünüş bu obrazın əsas çaları olub. İllər əsrləri tamamlayıb yeni yüzilliyə keçid etsə də, müasirlik yeni əsrlərə lövbərini açsa da, Şərq qadınının da geyimi müasirləşsə də, lakin bu geyim tərzinin görünüş etibarilə mədəniyyəti, mənəviyyatı, əxlaqı, zövqü, xarakteri özündə əks etdirən tərəfləri yerində qalıb.

Bütün bunları isə biz qədim milli geyimlərimizdən almışıq və zaman-zaman çağdaş dövrümüzə daşımağı bacarmışıq. Ötənlərə nəzər saldıqda bunu aydın şəkildə görmək mümkündür.

Mənbələrdə göstərilir ki, azərbaycanlı qadının geyindiyi tumanın uzunluğu, Naxçıvan-Ordubad zonasından başqa, topuğa qədər olurdu. Naxçıvan-Ordubad zonasında qadınlar nisbətən qısa tuman geyirdilər. Tuman 112 taxta müxtəlif naxışlı ipək və ya yun parçalardan tikilirdi. Üst tumandan başqa onun altından geyilən tumanlara ara tumanı deyilirdi. Tumanlar büzməli və qırçınlı olub, lifəsinə tumanbağı keçirilirdi. Keci sapından toxunmuş tumanbağının hər iki başında rəngli ipək və güləbətin saplardan hazırlanmış qotazları olurdu. Tumanlar çitdən tutmuş tirməyə qədər hər cür parçalardan tikilirdi. Tumanın ətəyinə başqa parçadan köbə, müxtəlif baftalar, zəncirə və sair tikilirdi.

Bəzi şəhərlərdə qadınlar küçəyə çıxarkən çaxçur da geyirdilər. Çaxçur müxtəlif ipək parçalardan tikilirdi.

Qadın üst geyimlərini daha da gözəlləşdirmək üçün evdə və sənətkar karxanalarında hazırlanmış müxtəlif çeşidli baftalar- sarıma, qaragöz, zəncirə, şahpəsənd mövcud idi. Bunlardan əlavə qızıl va ya gümüşdən hazırlanmış qoza va katibi qoza düymələr də qadın geyimlərinin yaxası boyunca tikilirdi. Köynəyin ətəyinə tikmək üçün qızıldan kəsilmiş ətəklik və ya midaxıl istifadə olunurdu. Bəzən köynəyin ətəyinə qızıl pullar tikilirdi. Qadın geyimlərində güləbətin, muncuq, pilək və sair tikmələr də geniş yer tuturdu.

Qadınlar arxalıq və ya çəpkənin üstündən qızıl, yaxud qızıl suyuna salınmış gümüş kəmər taxırdılar. Onlarla yanaşı, dəri üzərinə gümüş pullar tikilmiş və gümüş toqqası olan kəmərlər də çox geniş yayılmışdı.

Əldə edilmiş materiallara əsasən demək olar ki, XVI-XVII yüzilliklərdə Azərbaycanda yeddi növə yaxın qadın baş geyimi olmuşdur. Bunlardan gözəl, əlvan naxışlı örpəkləri, kiçik narın naxışlı araqçınları, çənə altından bağlanan xəz və ya məxmərdən tikilmiş şlyapaları göstərmək olar.

XVI-XVII yüzilliklərdə ən çox yayılmış qadın baş geyimlərindən biri araqçın idi. Bunlar əsas etibarilə iki cür olurdu: qadın və qız araqçınları. Bu baş geyimlərini qadınlar evdə, həyətdə və qonaqlığa gedəndə geyər, küçəyə çıxdıqları vaxt isə üstdən əsas etibarı ilə ağ çarşab örtərdilər. Küçədə çarşabsız gəzməyə adətə görə kiçik qızlara və qarılara icazə verilirdi.

Qadın baş örtükləri içərisində kəlağayı, müxtəlif örpəklər, naz-naz və qaz-qaz ipək örtüklər xüsusilə geniş yayılmışdı. Kəlağayı Azərbaycanın Şəki, Gəncə və Şamaxı kimi məşhur ipəkçilik mərkəzlərində xüsusi karxanalarda istehsal edilirdi.

Azərbaycanda çarşab əsasən bəzi şəhər və şəhəryanı kəndlərin sakinləri üçün səciyyəvi idi. Evdən çıxarkən qadınlar başdan-ayağa qədər çarşaba bürünürdü. Çarşab bir rəngli atlasdan, dama-dama keci parçadan və müxtəlif çeşidli ipək parçalardan olurdu. Çarşab örtən qadınlar bəzən rübənddən də istifadə edirdilər.

XVI-XVII yüzilliklərdə kütləvi surətdə geyilən qadın əlbisələrindən biri də dabana qədər uzanan şalvarlar idi. Kişilərdə olduğu kimi, qadınların da şalvarları ayaq tərəfdən çox dar, yuxarısı enli olurdu.

Əsrlər bir-birini əvəz etdikcə, geyimlərdə də dəyişiklik baş verirdi. Məsələn, XVIII yüzildə Azərbaycan geyimləri də çox rəngarəng olmuşdur. Bakı, Quba, Şamaxı, Qarabağ, Naxçıvan, Gəncə, Lənkəran, Şəki kimi müstəqil xanlıqların əmələ gəlməsi geyim məsələsindən də təsirsiz ötməmişdir. Xanlıqların belə xüsusi çərçivədə, başqa-başqa siyasi və iqtisadi vəziyyətdə yaşamaları geyimin (üzdən də olsa) dəyişməsinə səbəb olmuşdur. Bu dəyişkənlik əsas etibarilə geyimin biçimi və siluetində deyil, onun tikildiyi malda və bəzəklərində idi.

XVIII yüzildə qadın geyimləri nisbətən daha gözəl və zövqlə hazırlanırdı. Bu əsrin axırlarında Azərbaycanda olmuş səyyah marşal Fon Biberşteyn bu ölkənin qadınlarının və onların geyimlərinin gözəlliyinə valeh olduğunu xüsusi qeyd etmişdir.

Bu dövrdə qadın üst geyimləri üst köynəyi, çəpkən, arxalıq, kürdü, küləcə, ləbbadə, eşmək və baharıdan ibarət idi. Yaşından asılı olaraq qadınların geydikləri köynəklərin rəngi də müxtəlif olurdu. Qızlar və gəlinlər sarı, qırmızı, yaşıl, qoca qadınlar isə ağ və ya qara rəngdə köynək geyərdilər.

Dövrün gözəl biçimli üst qadın geyimlərindən biri çəpkən idi. Çəpkən astarlı olub, belə qədər bədənə kip biçilirdi. Onun yan tərəflərində aşağıda çapıq adlanan qabarıq hissələri olurdu ki, bu da bədənin daha gözəl və fiqurlu görünməsinə imkan verirdi.

Qadınlar arasında geniş yayılmış geyimlərdən biri də arxalıq idi. Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilirdi. Arxalığa beldən aşağı hissədə büzmə, yaxud qırçınlı müxtəlif endə ətək tikilirdi. Bəzi arxalıqlar gen və düz biçilirdi, yan hissədə isə çapığı olurdu.

Ən gözəl qadın arxalıqları Şuşa, Şəki, Naxçıvan və Şamaxıda tikilirdi.

Zəngin qadın üst geyimlərindən biri də kürdü olmuşdur. Kürdü sarıqlı və qolsuz idi. O, qış fəslində geyildiyi üçün boynuna, yaxa və ətəyinə xəz tikilirdi.

Qadın ayaqqabıları forma etibarilə bəzi kişi ayaqqabısına bənzəsə də, onlardan öz zərif biçimi və gözəl bəzəkləri ilə ayrılırdı. Nisbətən kübar qadınların ayaqqabılarının üstünə tikmə salınır, içərisinə isə dabandan tutmuş pəncəyə qədər naxışlarla bəzənmiş gümüş parçası bərkidilirdi (respublikamızın bir çox muzeylərində saxlanılan belə qadın ayaqqabıları buna misal ola bilər).

XVIII yüzillikdə qadın baş geyimləri də əvvəlki dövrlərdə olduğu kimi, çox müxtəlif cür idi.

XIX sonu, XX əsrin əvvəllərdə Azərbaycan qadın geyimləri demək olar XVIII əsrdə olan geyimlərdən ibarət olub. Diqqət yetirəndə gömək olur ki, burada dəyişən məqam yalnız forma və naxışlar, bəzəklər olub. Baş örtüklərinin rəngləri daha da rəngarənglik təşkil edib. Toxuma corablar, naxışlı ayaqqabılar meydana gəlib ki, bunlar da geyimlərin gözəlliyini, zənginliyini tamamlayan elementlər olub.

Geyimlər Azərbaycanın ayrı-ayrı tarixi-etnoqrafik zonalarının lokal xüsusiyyətlərini əks etdirməklə bərabər, eyni zamanda onu geyən şəxsin yaşını, ailə və ictimai vəziyyətini də büruzə verirdi. Cavan qızın və ailəli qadının geyimlərində gözə çarpacaq qədər fərqlər olurdu. Cavan gəlinlər daha gözəl və zəngin geyinirdilər. Qızlar və yaşlı qadınlar bəzək şeylərindən az istifadə edirdilər. Bax elə bu elementlər xalqın bir nizam-intizama, əxlaqi dəyərə malik olduğunu göstərən amillərdir.

Bəs bu gün?

Sovet dövrü sona doğru getdikcə, milli geyimlərimizin də sonu çatdı. Artıq Şərq qadını bu özünəməxsusluğu qoruyub saxlaya bilmədi. Çünki yaşadığımız dövrün ictimai təsiri bizdən yan keçə bilməzdi.

Həm vaxt qədim milli geyimlərimizə təkcə ucqar kəndlərimizdə yaşlı qadınların əynində rast gəlsək də, bu, həmin yaşlı nəsillə də başa çatdı. Artıq o geyimlərə günümüzdə yalnız muzeylərdə, bayram tədbirlərində rast gələ bilirik.

Sovet dövrünün bizə verdiyi geyimlər isə sonrakı dövrlərdə təbii ki, daha da müasirləşməyə başladı. Rəngarənglik, millilik arxivə yollandı. Qısaltmalar, daraltmalar o yerə gəlib çatdı ki, bir də baxdıq, ətəklərimiz lap əynimizə yapışır, uzunluğu isə dizimizin altında qalıb. Elə belə qalsaydı, buna şükür edərdik. Hazırda qısa ətəklər (cəmi bir qarış olan), köynəklər (göbək hissəni bayırda qoyan) geyimlər günümüzə hakim kəsilib ki, bundan əsasən gənc qızlar istifadə edirlər. Maraqlıdır, gənc qız qadın olanda bu geyimi əynindən çıxarırmı, onun üçün başqa geyim forması varmı?..

***

Həmişə düşünürəm ki, bəlkə də xalqın taleyinə 70 illik o alın yazısı yazılmasaydı, geyimlərimiz də dəyişməyəcəkdi...

(Ardı var)

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə