"Hər birimiz nəticələrimizlə müəllimlərimizi sevindirəcəyik" - REPORTAJ - FOTOLAR

Bu gün - 14 iyun tarixində Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur. Şagirdlər uzun illərdir ki, müstəqil həyata qədim qoyacaqları günü səbrsizliklə gözləyirlər. Bu səbəbdən də “Son zəng”ə həftələr, aylar öncədən hazırlaşmağa başlayırlar. Bu gün şagirdlər həyəcanlı göründükləri qədər də, kədərli idilər…

SİA olaraq şagirdlərin həyəcanını bölüşmək üçün Suraxanı rayonu 279 nömrəli tam orta məktəbə üz tutduq. “Son zəng” tədbirində Suraxanı rayonu icra hakimiyyətinin başçısı Əziz Əzizov, bələdiyyə nümayəndələri, məktəbin pedaqoji heyəti və valideynlər iştirak ediblər. Mərasimdə şagirdlər bir-birindən rəngarəng şeir və rəqs səhnələri nümayiş etdiriblər.

279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayeva: “Bu gün bütün məktəblərdə olduğu kimi bizim məktəbdə də əlamətdar bir gündür. 11 il əzizləyərək böyütdüyümüz bir nəsil artıq məzun olur. Onlar yeni bir həyata qədəm qoyduqları üçün sevinsək də, yollarımızın ayrılması bizi kədərləndirir. Məzunlarımız gözəl dövrün, müzəffər xalqın, qələbə qazanmış dövlətin gəncləridirlər. Buna görə də şəhidlərimizin qarşısında baş əyir, Ali Baş Komandana təşəkkür edirik.

Bu il 11-lərin göstəriciləri olduqca yüksəkdir, hətta 11 “D” sinfindən 5 nəfər 600-dən yuxarı bal toplayıb. Ümumilikdə isə hesablamalarımıza görə, həmin sinifdən bütün şagirdlər bu il Ali məktəbə qəbul olurlar. Qeyd edək ki, builki məzunlarımızdan 17 nəfər qırmızı attestata namizəddir. Bu da bizim, valideynlərin və ilk başda şagirdlərimizin 11 illik əziyyətinin bəhrəsidir”.

11 “Ç” sinfinin sinif rəhbəri Məlahət Ağayeva: “Şagirdlərimlə ilk tanış olduqda körpə balalar idilər, bu gün isə yeni bir yola ayaq basırlar. Bizim sinifin şagirdləri hər zaman məktəbin seçilmiş uşaqları olub. Buna görə də hər zaman onların gözlərində gələcəyə dair böyük ümidlər hiss olunub. Əminəm ki, şagirdlərimiz gələcəkdə mötəbər kürsülərdə əyləşəcəklər, dövlətə, xalqa yararlı vətəndaş olacaqlar. Uşaqların hər birinə uğurlar arzu edirəm, onları çox sevirəm”.

Valideyn Günəş Məhərrəmova: “Övladım 11 ildir ki, bu məktəbdə təhsil alır. Çox uzun, enişli-yoxuşlu yollardan keçdik, pandemiya dövrünü yaşadıq. Lakin məktəb kollektivi və müəllimlər hər zaman uşaqların yanında olub, onlara dəstək oldular, təhsillərinin axsamasına imkan vermədilər. Şagirdlərin bu gün və gələcəkdə qazanacaqları bütün uğurlar müəllimlərin əziyyətinin bəhrəsidir”.

Məzun Ənvər Cumazadə: “Bu gün sonuncu dəfə bizim üçün məktəb zəngi çalınacaq. Bu günü səbrsizliklə gözləsək də, bu gün kədərlənirik. Çünki 11 ildir evimiz olan məktəblə, müəllimlərimizlə yollarımızı ayırırıq. Ümid varam ki, hər birimiz nəticələrimizlə müəllimlərimizi sevindirəcəyik, bütün məzunlara uğurlar arzu edirəm”.

Məzun Zaur Abbaszadə: “Müəllimlərimiz hər zaman bizə kömək olub, dəstəklərini əsirgəməyiblər. Buna görə də hər birinə təşəkkürümü bildirirəm. Bu gündən etibarən qarşımızda yeni bir səhifə açılır. Biz bu günü uzun müddətdir gözləsək də, kədərlənirik. Çünki müəllimlərimiz, dostlarımızla yollarımız ayrılır. Ümid varam ki, həyatımızın yeni səhifəsi hər birimiz üçün uğurlu olar”.

Qeyd edək ki, bu il respublikada 102 min 120 nəfər XI sinfi bitirir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə