Vahid başdaşı formasına ehtiyac var? - MÜTƏXƏSSİSLƏR FİKİR BİLDİRDİ

Son zamanların aktual məsələlərindən biri də qəbiristanlıqlardır. Ümumiyyətlə, qəbiristanlıqla bağlı şəriət qaydaları necədir? Bir qəbirdən neçə il sonra istifadəyə etmək olar? Vahid başdaşı formasına ehtiyac varmı? Bu hansı qanunlar və qərarlarla tənzimlənir? Dəbdəbəli qəbirlərə münasibət necədir? SİA mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.

İlahiyyatçı Ağa Hacıbəyli: “Məlumdur ki, qəbristanlıq İslam dininə və mədəniyyətinə görə yaşadığımız bölgə ilə çiyin-çiyinə, yan-yana salınar. Hədəf və qayəsi də insanlar ölümü görsün, axirəti xatırlasınlar, insanlar məzarlıqları görsünlər, sabah o yerə gedəcəklərini anlasınlar deyədir.

Qəbirstanlıqlar yaşayış yerlərinə çox yaxın yerlərdə inşa edilir. Bir qəbirdən təbii ki, bir nəfər istifadə edə bilər. Zərurət olduğu zaman bir nəfərdən daha artıq adam bir qəbrə qoyula bilər. Ancaq aralarına torpaq qoymaq şərtilə bu mümkündür. Yəni, torpaqdan qəbrin içərisinə maneə, sədd qoyulur. Necə ki Uhud savaşında peyğəmbərimiz belə bir addım atmışdı. Çünki o günkü şərtlərə görə Uhud ərazisində qəbirlərin qazılması kifayət qədər böyük bir problem idi. Ona görə şəhid olmuş vücudlarda çürümə ehtimalı, daha çox iy-qoxu filan məsələlərindən dolayı sürətli bir dəfnə ehtiyac vardı. Allah Rəsulu bir qəbirdə bir neçə səhabənin, şəhidin dəfninə icazə vermişdi. Amma dediyim kimi aralarında sədd olma şərtilə.

Vahid başdaşı məsələsi bizim ölkəmizdə kifayət qədər böyük problem yaradır. Ona görə ki, qəbristanlıqlarımızda kifayət qədər dəbdəbə ilə qurulan qəbirlər var. Yəni bunun hər hansı bir qərarla, qanunla tənzimlənməsi böyük problemdir. Amma bundan sonra eləmək olarmı? Yenə də bu çətinliklər yaradacaq. Dinimizə dair vahid bir qanun varmı? Bəli, qəbristanlıqda o vaxtlar dəfn olunanlara hər kəs üçün eyni səviyyədə başdaşı qoyarmışlar, üzərində adı yazılarmış. Beləliklə, insanlar bilərmiş ki, burada yatan filankəsin ya atasıdır, ya qardaşıdır, ya anası, ya da bacısıdır. Yəni bir işarət qoyularmış. Amma indi işarətlərdən daha ziyadə böyük mərmər daşlar çox bahadır. Bahalı işlər görülür, qəbirlərin üzərində türbələr tikilir və sanki böyük bir yarış var. Bu yarışın da qəbirdə yatan insana zərrə qədər xeyri yoxdur. Burada elə bir qanun yoxdur. Bu mənəviyyatla tənzimlənən bir şeydir.

Necə ki, məscidlərdə çiyin-çiyinə dayanırıq, həccə gedəndə insanlar eyni libası geyinib bərabər olduğu kimi, qəbristanlıqlarda da o bərabərliyi qorumaq lazımdır. Burada qanundan daha çox dərin bir şüura, anlatmaya ehtiyac var. Maarifləndirmə çox ciddi bir şəkildə aparılmalıdır ki, insanlarımız dini bilsinlər. Hətta vəfat edən insanları da axirət aləminə doğru göndərə bilək.

Dünyadakı coğrafi mühit kifayət qədər bir-birindən fərqlidir. Elə bölgələr var ki, orada qəbrə qoyulan nəş təqribən 2-3-4, bəlkə də 5 ilə torpaq tərəfindən kimyası pozular. Amma elə coğrafiyalar var ki, mühit daha fərqlidir, orada havalar çox istidir və torpaq cənazəni daha tez torpaqlaşdırır. Yəni, o bölgəni bilən insanların əli ilə əgər belə bir zərurət yaranırsa ikinci dəfə qəbir açılmalıdır, ora əlavə insan dəfn olunmalıdır. Bu yerlərdə bu bilgiyə ehtiyac var. Əgər həqiqətən zərurət varsa, başqa bir yer yoxdursa, ikinci qəbir açılmalıdırsa artıq ehtimaldan daha çox bilgiyə ehtiyac var ki, bəli bu qəbirdə vücud çürüyüb. Əgər qəbir açılmağı zərurəti olubsa, orada sümük filan qalıbsa, onlar da bir tərəfə yığılmalı və yenə araya sədd qoyulub ikinci cənazə dəfn edilə bilər. Bu da İslam alimlərinin bir çoxunun fətvasından çıxan nəticədir”.

Mövzu ilə bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov da fikirlərini bildirib: “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarın 17.2 bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır. Qəbir yerindən yalnız dəfn olunmuş şəxsin Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş yaxın qohumları təkrar istifadə etmək hüququna malikdirlər.
Qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsinə yalnız dəfndən 25 il müddət keçdikdən sonra və ya bu Qaydaların 25.2.2-25.2.4-cü yarımbəndlərində müəyyən edilən hallarda qohumluq əlaqələrini təsdiqləyən müvafiq sənəd təqdim edilməklə yol verilir.

Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir. Qaydalara görə, qəbiristanlığın müdriyyəti rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barədə məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrinə daxil etməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə