Yel çərşənbəsinin özünəməxsus adət-ənənələri NƏLƏRDİR? - FİLOLOQ AÇIQLADI

"Sabah artıq Novruz bayramının astanasına qədəm qoyduğumuz üçüncü çərşənbədir. Bu çərşənbə bölgələrdə müxtəlif cür adlandırılır. Qərb və Qarabağ bölgəsində bu çərşənbəyə "Ölü çərşənbəsi", torpaq çərşənbəsi və ya Qara çərşənbə deyilir. Digər bölgələrimizdə isə Yel çərşənbəsi kimi qeyd olunur. Qərb və Qarabağ bölgəsi bu çərşənbəni ona görə torpaqla əlaqələndirirlər ki, həmin gün qəbirüstü ziyarətlərə gedir, dünyasını dəyişmiş əzizlərinin ruhlarını şad etməyə çalışırlar. Bu çərşənbədən iki-üç gün öncə qəbiristanlıqda xüsusi olaraq təmizlik işləri aparılır. İnsanlar axın-axın gedərək, kəndlərdə öz doğmalarının məzarlarını otdan, alaqdan təmizləyirlər". Bu sözləri SİA-ya açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova deyib.

İ.Qəsəbova qeyd edib ki, Yel çərşənbəsi də adəti üzrə bayram ab-havasında keçirilir: "Kimin nəyə gücü çatırsa, süfrəsinə düzür. Çərşənbə günü böyüklər evlərdə doğmalarının ruhuna yemək asırlar".

"Qərb bölgəsində üçüncü çərşənbədə ocaq qalanmır. Çünki bu çərşənbəni bir o qədər də təmtəraqlı qeyd etmirlər. Qəbirüstünə evlərində olan təamlardan xonça bəzəyib aparar, səməni və şam düzərlər. Bunun rəmzi mənası odur ki, ətrafda yaşayan uşaqlara, maddi imkanı yaxşı olmayan insanlara yardım etməkdir. Çünki orada toplaşan uşaqlar, hətta başqa yerlərdən də gələn insanlar qəbirstanlıqdan özlərinə bayram payı götürürlər. Bu, həm də bir ehsan xarakteri də daşıyır.

Novruz bayramının üçüncü çərşənbəsi artıq illərdir təbiət hadisələrinin müşahidə edilməsi ilə ölçülür. Çünki bu çərşənbədə təbiət daha sakit olur",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə