Qəbir üstünə səməni, paxlava aparmaq İslamda bəyənilir? - DİN XADİMİ DANIŞDI

"Bu məsələlər təbii ki, bizim xalqımızın yaşam tərzində danılmaz bir haldır. İnsanlar məzar daşlarına şirniyyat, səməni və ya bəzək-düzək qoyursa, o demək deyil ki, bunu onlara din təlqin edir. İnsanların həyatında çox şey var ki, onlar dindən xaricdir. Məzarları ziyarət edib, onları bəzəməklə iş bitmir. Millətimizin istər toyda, istər yasda, istərsə də sosial həyatda çox adət-ənənələri var. Bunlar daxilində o qədər yanlışlıqlara, israfçılığa yol verirlər ki, bəzən biz onları diqqət mərkəzində saxlamaqdan yayınırıq". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, islamşünas Hacı Ağasəid Yaqubov deyib.

Onun sözlərinə görə, insan öldükdə onun bu həyatla bütün əlaqələri kəsilir və biz onu yalnız dini ayinlərlə son mənzilə yola saldığımız üçün həmin adamı dinlə əlaqələndirir, din adamı sayırıq: "Dünyadan köçən insanla bağlı görülən işləri də dində görmək istəyirik. Bu məsələ bir qədər yanlışdır. İnsanlar öz həyatlarını bəzən məzarlığa daşıya bilir. Evində xonça bəzədiyi, şirniyyat süfrəsi açdığı üçün rəhmətə gedən sevdiyi insanla da bunları bölüşmək istəyir. Bu, dindən deyil, insan duyğusundan irəli gələn bir şeydir. Bunu daa nəzərə almalıyıq ki, dində qadağalar, çəkinmələr, vaciblər, məsləhətlər, bəyənilməyən işlər var. Eyni zamanda, tam orta bir mövqe də var ki, ona mübah deyilir. Yəni, din bunu nə qadağan etmir, nə də vacib saymır. Allah-təala insanı digər canlılardan fərqli olaraq şüur və ağıl sahibi yaradıb. İnsan da ağlının nəticəsi altında müəyyən hərəkətlər edir. Odur ki, insanların bayramlarda göstərdiyi bu davranışları ilk olaraq düşüncə baxımından bunu senzura edək, əgər dində belə hala qarşı hər hansı bir diqqət çəkən məqam varsa, onda dini arqumenti ortaya qoya bilərik. Psixoloji olaraq biz şəhidləri fikirləşməliyik. Onlar öz canlarından keçərək torpaqlarımızı bizə bəxş etdilər. Şəhid ailələrinin fikir və duyğuları artıq sadəcə itirdikləri üzərindədir. Onlar şəhidlərin məzarına nə etsələr də, azdır. Şəhid ailələri bunlarla belə daxili rahatlıq tapa bilmirlər. Ona görə də biz onlara heç nə deyə bilmirik. Onlar istəyirlər ki, məzarlarını bəzəməklə şəhidlərinin gözəlliyini camaata çatdırsın".

"Təbii ki, biz məzarlıqda müəyyən işləri Allahın rəhmətini qazanmaqdan ötrü edirik. Amma ağlın qəbul edə bilməyəcəyi, cəmiyyətdə anormal qarşılanan hallar tənqid olunmalıdır. Bəzən bir insanın etdiyi iş bütün cəmiyyət üçün nümunə ola bilməz. Hər kəsin öz ölüsünün qəbrini bəzəməyi, şirniyyat düzməyi bizim dində yoxdur. Haranın adətidir, hansı dinə məxsusdur, heç bilmirəm",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə