Fəlsəfə-insanı düşünməyə vadar edən elm - İZAH EDİLDİ

Fəlsəfə varlığın, yəni təbiət və cəmiyyətin, insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanuna uyğunluqlar haqqında elmdir.

Bəs fəlsəfə elmi ilə məşğul olmaq insanın şüuruna necə göstərir?

"Fəlsəfə, insan şüuruna müxtəlif yollarla təsir edə bilən bir disiplin sistemidir. Fəlsəfi düşüncə, dünya, insan və mövcudluq haqqında sahələrdə düşünməmizə, anlamağımıza və qiymətləndirməyimizə təsir edir". Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı Rəvan Əliyev bildirib.

R.Əliyev fəlsəfənin insan həyatına təsir edən keyfiyyətlərindən çıxış edərək qeyd edir: "Məsələn, fəlsəfə insanları həyatın əsas məsələlərini düşünməyə, sual verməyə və cavab axtarmağa sürükləyir. Bu, insanların öz həyat və mövcudluğu haqqında daha çox düşünməsinə və bu sahələrdə daha çox öyrənməsinə səbəb olur. Fəlsəfi suallar insanların şüurunu genişləndirir. Bu suallar insanları qlobal və universallıq perspektivində düşünməyə, müxtəlif dünya nəzəriyyələrini anlamağa və müqayisə etməyə imkan yaradır. İnsanlar həyat və mənəviyyatları ilə bağlı dərin, ətraflı düşünərək şüurlarını formalaşdırmağa və genişləndirməyə nail olurlar. Bu gün dünyada "fəlsəfənin sonu" kimi ideyalar genişlənib. Bu qeyd etdiklərimizi nəzərə alaraq deyə bilərəm ki, fəlsəfə güclü texnoloji dəyişikliklər fonunda yaranan qlobal böhranlardan çıxış yolunun ən optimal imkanlarını yaratmaqla əslində müasir inkişafının yeni dövrünə qədəm qoyur".

Çinarə Muradova

Bütün xəbərlər Facebook səhifəmizdə