Əvvəllər maşınları yalnız kişilər sürərdi. Sonralar maşınları kişilərlə yanaşı, qadınlar da sürməyə başladı. Biz uşaq olarkən qadın sürücü görəndə lap dəhşətə gəlirdik ki, qadın da maşın sürər. Sonralar isə qadın sürücülər çoxaldı və bu məsələ də adiləşdi.

İndi maşınları həm qadınlar, həm də kişilər sürür. Biz də alışmışıq yanımızdan ötən avtomobilin içərisində ya qadın, ya da kişi görməyə. Heç kim də maşının içərisində qadından, kişidən başqa sürücü görməyi təsəvvür edə bilməz. Deyərsiniz ki, niyə, bəzən sükan arxasında uşaq-muşaq da görmək olur. Olar, olar. Onlar ata balalarıdır, hərdən ataları onlara maşını verib "bir şəhəri hərlən",- deyir. Birdən də elə olur ki, onlar şəhəri hərləndikcə, hadisələr də bir-birinin ardınca baş verir. Lakin bu ata balalarında məgər "günah" var?..

Söhbət nə maşın sürən qadınlardan, nə kişilərdən, nə də ata balalarından gedir. Söhbət bu gün tez-tez rastlaşdığımız yeni sürücülərdən gedir. Bu sürücülərlə rastlaşan olubsa, nə dediyimi anlayar. Rastlaşmayanlar da bundan sonra bir az gözüaçıq olsunlar, ətraflarına yaxşı baxsınlar, onlar da görəcəklər. Bu, elə bir gizli məsələ deyil.

Deməli, şəhərdə yeni sürücülər peyda olub: dodaq sürücülər. Bir də baxırsan yanından maşın ötür, istər-istəməz nəzər salırsan, içəridə dodaqdan savayı heç nə görmürsən.

Dodaq sürücüləri işıqforlarda daha yaxşı müşahidə etmək olur. Maşınlar dayanır ki, sakinlər keçsinlər, bu an ətrafa bir nəzər salsan, hökmən dodaq sürücülərdən birini görməmiş olmazsan.

Allah eləməsin ki, bu dodaq sürücülərlə siz də mənim kimi axşamçağı rastlaşasınız. Və mənim kimi duvalıq olasınız.

Yaxşı ki, xəbərdar etdim sizi. Yoxsa dodaq sürücüləri görərkən vahimələnməməyiniz mümkün deyil. Birinci dəfə mən dodaq sürücünü görəndə 3-5 gün özümə gələ bilməmişdim. Sonra alışdım. Necə ki, bir vaxtlar maşınları ancaq kişilər sürərdi, biz də qadınları sürücü kimi görəndə devikərdik. Bu dəfə də qadın yox, kişi yox, dodaq görəndə devikdim, sonra isə tez alışdım.

Birinci dəfə necə olmuşdu görməyim, nağıl edim, siz də bilin. Banka gedirdim. Bank binasının yanında maşın dayanmışdı. Mən də yolu keçərkən həmin maşının yanından ötməli idim. Elə həmin an da maşına tərəf baxmışdım və "bismillahir-rəhmanir-rəhim",- deyib qulağıma gələn ürək döyüntülərimlə birlikdə addımlamağa davam etmişdim. Banka necə getdim, necə gəldim, xatırlamıram. Çünki gördüyüm mənzərənin təsirindən qəti çıxa bilmirdim.

Vallah, deyəcəksiniz ki, axı bu dodaq sürücü kimdir, nədir, səhərdən uzun-uzadı danışıb mətləbə gələ bilmirsən. Deyim, siz də bilin ki, görəndə qan-bağır olmayasınız. Kim olacaq, əslində bu sürücü qadın idi. Lakin alt dodağı yeri, üst dodağı göyü süpürürdü. Bilmirəm, dodaqları dərd tapmışdı, arı vurmuşdu, yoxsa yıxılıb əzmışdı onları, nə idisə, dodaqlar o qədər şişmişdi ki, inanın, maşının içərisində dodaqdan başqa heç nə görünmürdü.

Sonra bu məsələni bir-iki yerdə danışdım. Dedilər, ay yazıq, yıxılmaq nədir, arı vurmaq nədir, dərd tapmaq nədir, slikon vurdurub dodaqları göyə qaldırıb, yerə endirmək dəbdir ey...

Mən də dedim, olsun da, dəb olsun, amma bu qədər?.. Vallah yəqin siz mən gördüyümü görməmisiniz, görsəniz, inanın ki, siz də sürücünün dodaq olduğunu zənn edərsiniz.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə