Peşələrin mürəkkəb tərəfləri nələrdir? - SORĞU

Hər sahənin özünəməxsus sadə, mürəkkəb, maraqlı yönləri var. Bəzən sahələri maraqlı edən onun mürəkkəb tərəfləri olur.

Bir sıra müxtəlif peşə sahibləri öz sahələrinin mürəkkəb tərəflərindən çıxış edərək SİA-ya açıqlama veriblər.

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və İnformasiya siyasəti kafedrasının müəllimi Mübariz Göyüşlü müəllimliyin məsuliyyətli bir peşə olduğunu diqqətimizə çatdıraraq qeyd edir:
"Şagird və tələbələr müəllimi özünə örnək götürür, onun dediklərini həqiqət kimi qəbul edir. Bu baxımdan da müəllimlik peşəsinin ən çətin tərəfi məsuliyyətli olmaqdır. Hesab edirəm ki, müəllim adını daşıyan şəxs çox məsuliyyətli, savadlı olmalıdır. Müəllim yalnız öz sahəsi üzrə savadlı deyil, həm də digər sahələr üzrə məlumatlı, dünyagörüşlü hazırlıqlı olmalıdır. Məsuliyyətli, savadlı, dünyagörüşlü olmaq məsələsi önəmli məqamlardır. Bu peşənin digər tərəfləri də var ki, buraya müəllimin adət-ənənələrinə, ailəyə bağlı olması daxildir. Müəllim ziyalıdır. Onun missiyası yalnız 45, 90 dəqiqədə dərs tədris etməklə bitmir, onun bir örnək olmaq, ziyalı missiyası var. Əsl bir ziyalı kimi cəmiyyətə, şagirdlərinə, tələbələrinə örnək olmağı bacaran şəxs əsl müəllimdir. Düşünürəm ki, həmin şəxsin nümunə bir insan olması müəllimliyin ən çətin, önəmli tərəflərindən biri budur".

Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sahəsinin mürəkkəbliyi və özəlliyi ilə bağlı xüsusiyyətlərdən danışarkən vurğulayıb: "Millət vəkili ictimaiyyətin mövqelərinin, maraqlarının təmsilçilisi kimi milli məclisdə fəaliyyət aparırsa, bu halda özünəməxsus tələblər qarşısındadır. Konstitusiya hansı səlahiyyətləri müəyyənləşdirməsinə baxmayaraq Azərbaycan vətəndaşı bir bölgədə, ərazidə ictimai problemlə üz-üzədirsə, onun çözümünü parlament üzvünün əli ilə görür. Bu məsələni əhali problemi ilə bağlı olaraq söyləyirəm. Bunun üzərinə minlərlə fərdi müraciətləri əlavə etdiyinizdə kifayət manefələri uzlaşdırmaq üçün peşəkarlılıq, səbir, iradə, daimi aktivlik və s. tələb olunur. İkincisi, Azərbaycan vətəndaşı istəyir ki, onun parlament üzvü ölkənin ictimai-siyasi həyatında da aktivliyi ilə seçilsin. Buna görə qanun quruculuğu prosesində, həmçinin, müxtəlif problemlərin müzakirəsində mövqeyini təqdim etməlisən. İnsanlarımız passivliyi qəbul etmirlər, haqlı olaraq belə məsələdə güzəştsiz mövqe tuturlar.
Üçüncüsü, şübhəsiz, Azərbaycan Avropanın ümumxoşbəxtlik arealında yerləşmir. Bura Qafqazdır, uzun illər, bəlkə də əsrlər burada gedən müharibələr, konfiliktlər hər bir dövlət təmsilçisi, hakimiyyət orqanı üzərinə əlavə bir öhdəlik qoyur. Bu, ondan ibarətdir ki, sən ölkəni daxildə və beynəlxalq məkanda indiki halda Ermənistanla savaşda uğurla təmsil etməyi bacarmalısan. Azərbaycan vətəndaşı öz deputatından bu müharibədə, mübarizədə qəti önəmli mövqelər gözləyir. O, qələmi, müsahibələri, çıxışları, beynəlxalq arenadakı fəaliyyəti ilə töhfə vermiş olsun.
Şübhəsiz ki, parlament üzvü olmaq şərəfli bir vəzifədir. Bu çətinliklər öz-özlüyündə, bəlkə, dövrün xarakteri ilə bağlıdır. 2050, 2060, 2070-ci illərin parlament üzvləri üzərinə fərqli tapşırıqlar, ictimai gözləntilər qoyulacaq. İndiki halda bir səlahiyyəti daşıyaraq funksionallıq tələb olunur. O bir sıra hallarda öz vəzifələrindənkənar işləri də yerinə yetirməlidir. Yalnız o halda, o bir ictimai rəğbət əldə edə bilər. Əks versiyada onun nüfuz qazanmağı çətin olur. Bir daha qeyd edim ki, parlament üzvü şərəfli bir missiya, məsuliyyət olmağına rəğmən özünəməxsus tələblərə, mühakimələrə malikdir. Daimi göz önündədir. Hər zaman onun fəaliyyətinə bir münasinət var. O bir qala şəraitində, qəsr formatında çalışmır, onu həmişə görürlər. O öz şəxsi həyatını bir kənara qoyub dediyimiz kontekstdə, şəraitdə çalışmalıdır".

Jurnalist Elmir Səftərov dördüncü hakimiyyət hesab edilən jurnalistika sahəsinin məsuliyyət və özünəməxsus xüsusiyyətləri barədə bildirir: "Hər bir peşə özünəməxsus xüsusiyyətləri, məsuliyyəti və çətinliyi ilə səciyyələnir. Müasir dövrdə daim yenilənən informasiya texnologiyaları media subyektlərinin də inkişafına öz təsirini göstərməkdədir. İlbəil artan xəbər saytları, sosial şəbəkələr insanların seçim şansını daha da artırır. Bu da çoxlu informasiya axını deməkdir. Hazırkı reallıqda isə cəmiyyətə dəqiq, operativ və qərəzsiz informasiyanın çatdırılması olduqca çətin məsələdir.
Təbii ki, burada ictimai və inzibati məsuliyyət məsələsi də gündəmə gəlir. Lakin jurnalistikada əsas məsələ xəbərin paylaşılmasında önə çıxır. Belə ki, doğru olmayan məlumat informasiya subyektinin nüfuzuna mənfi təsir göstərər, hətta inzibati məsuliyyət də yarada bilər. Ümumilikdə jurnalist dövlətlə cəmiyyət arasında əlaqələndirici funksiyaya da malik olduğu üçün, yazılan və deyilən hər bir cümlə böyük məsuliyyət yaradır. Jurnalist həm də ölkə daxilində ictimai rəyi formalaşdırdığı üçün hazırladığı məlumatlar onun özü üçün problem olmaqla bərabər, həm də çalışdığı qurumu da təhlükə altında qoya bilər".

Həkimlik peşəsini insanların taleyinə bağlayan həkim-cərrah, professor Adil Qeybulla qeyd edir: "Həkimlik ən məsuliyyətli peşədir. Bu, insanların taleyinə bağlıdır. Hər bir həkimin həkim əqidəsi olmalıdır. Həkimin bütün fəaliyyətinə vicdanı və əqidəsi nəzarət etməlidir. Peşə əqidəsi odur ki, insan öz bilik və bacarığını xəstələrə sərf etməyi bacarsın. Bununla yanaşı, öz peşəsinə xəyanət etməsin. Onun xəstənin nəzarətinə həmin dövr üçün nəzərdə tutulan standartlardankənar yanaşması peşə əqidəsinin pozulması və ona xəyanətdir. Həkimliyin ən çətin tərəfi bundan ibarətdir. Bütövlükdə bu peşənin hədəfi insanın sağlamlığıdır".

Siyasətçinin vicdan və ədalət prinsipinə əməl etməli olduğunu ön plana çıxaran politoloq Oqtay Qasımov bildirir: "Peşə, ixtisas dedikdə anlaşılan odur ki, hər insan həyatda müəyyən mövqe tutmaq üçün, özünün cəmiyyətə faydalı olmasını, maddi cəhətdən təmin etməsi üçün peşəyə yiyələnməlidir. Hər peşənin özünəməxsus spesifik xüsusiyyətləri var. Eyni zamanda, hər peşəyə yiyələnməyin də ortaq tərəfləri var. İnsan bir peşəni öyrənərkən bütün diqqətini həmin sahəyə yönəltməlidir, sənətini sevməlidir. Şəxsin sənətini sevmədiyi halda, həmin peşəni yaxşı öyrənməsi, sona qədər işlətməsi mümkün deyil. Bu baxımdan, sənətlərin hər birinin spesifikasından asılı olaraq mürəkkəb tərəfləri var. Bu mürəkkəb tərəfləri öyrənmək üçün yalnız səbir, təmkin, inadkarlıq lazımdır. Asan, çətin peşə anlayışından çox, bir insanın həmin sahəyə yiyələnməsi üçün iradə, səbir, dözüm, fədakarlıq əsas götürülməlidir.
Siyasətçi olmağa gəldikdə isə, bu sahə çox mürəkkəbdir. Bir yunan sözü var: "Elmlərin şahı fəlsəfədir, siyasət isə fəlsəfənin tacıdır". Siyasət elmlərin, peşələrin ən çətinidir. Siyasətlə məşğul olan insan birbaşa cəmiyyətlə məşğul olur. Cəmiyyətin, dövlətin idarə edilməsilə məşğul olan şəxsdir. Bu baxımdan, siyasətçi olmaq üçün çox geniş diapazonlu bilgilərə sahib olmaq lazımdır. Buraya tarix, coğrafiya, fəlsəfə, təbiət elmləri, cəmiyyət haqqında elmlər, sosiologiya, psixologiyanı bilmək daxildir. Burada səbirli şəkildə öyrənmək, davranışlara diqqət yetirmək, cəmiyyətin əhval-ruhiyyəsini nəzərə almaq, ən önəmlisi vicdanlı və dürüst olmaq lazımdır. Siyasətçi üçün ən önəmli kriteriyaların önündə gələn bu məsələlərdir. Siyasətçi vicdan, ədalət prinsiplərini nəzərə almırsa, onun uğur qazanması mümkün deyil. Buna nəzərən siyasətçi olmaq kifayət qədər çətin bir işdir. Uğurlu siyasətçi olmaq, cəmiyyətin etimadını qazanmaq isə daha mürəkkəbdir. Siyasətçi olmaq peşələrin ən çətinidir, desək, yanılmarıq".

Aparıcılıq peşəsinin çətin tərəflərindən söz açan teleaparıcı, siyasi şərhçi Tural İsmayılov: "Efir məsuliyyət tələb edən bir sahədir. Özəlliklə canlı yayımda bu məsuliyyət iki qat artır. Canlı olmayanda belə düzgün mesajlar vermək lazımdır. Orada səni izləyən insanlar respublikanın müxtəlif bölgələrindən, yaş katoqeriyalarından ola bilər. Burada normal, bu peşəyə həqiqətən hörmət edən peşəkar aparıcı üçün bu məsuliyyət duyğusu çox çətindir. Bəzi adamlar ki, bu gün teleaparıcıları çox primitiv və bəsid kimi görə bilər, amma bu çox ciddi bir peşədir. Vizual medianın ən çətin sahələrindən biridir. Peşəkar aparıcı üçün ən çətin məsələ xalqa verdiyi mesajlardır. Bir aparıcı xalqa nə dediyini yaxşı dərk etməlidir. Danışığına diksiyasına, ritorikasına diqqət yetirməlidir. Bütün bunları cəmləşdirdikdə aparıcılıq kifayət qədər stressli, çətin peşə hesab edilə bilər".

Musiqi incəsənətin ən mürəkkəb növlərindən biridir - deyən musiqişünas Lalə Hüseynova bildirib: "Səbəb isə bu peşəyə uşaq yaşlarından başlamaq lazım gəlir. Nə qədər tez başlasaz, bir o qədər yaxşıdır. Əllər alətə otura bilir, xüsusilə də bu pianoçu və skipkaçılara aiddir. Buna görə də çox erkən başlamaq lazımdır. Bu, uzun bir yoldur. Bir peşəkar muqisiçi yetişdirmək üçün 15,16 il vaxt lazım olur. Digər peşələrə 4, 5, 6 il oxumaqla yiyələnmək olar. Musiqi peşəsi isə erkən yaşdan başlayır. Buraya istedadla bərabər peşəkar müəllimlər lazımdır. İstedadı ortaya çıxarmaq üçün sözügedən müəllimlər, ustadlar, mühit gərəkdir. Bu cür peşəkarların qədrini bilmək lazımdır. Ona görə ki, bu işə başlayana neçə illər lazımdır. Pianoçu, xanəndəçi və s. bu işə neçə il öncədən başlayırlar".

İqtisadçı Natiq Cəfərli iqtisadiyyatın ən çətin tərəflərini açıqlayır: "İqtisadçı peşəsinin ən çətin tərəf statistik məsələrinin dürüstlüyüdür. Azərbaycanda bu xüsusilə aktualdır, çünki statistik məlumatlar bir mənbədən-Dövlət Statistika Komitəsindən alınır. Bir çox ölkələrdə alternativ mənbələr var. Digər mənbələrə istinad etmək inkişaf etmədiyindən ancaq bir mənbədən makro-iqtisadi olsun, ya başqa göstəricilər olsun, bir mənbədən görülür, bilinir, yayılır. Onları başqa mənbələr ilə tutuzdurmaq mümküm deyil. Ən böyük çətinliklərdən budur. Biz rəqəmlərlə çalışırıq. Ən vacib olan rəqəmlər, rəqəmlərin dürüstlüyüdür".

Yazıçı olmağın ən çətin tərəfini başqalarından fərqlənməkdə görən yazıçı İradə Aytel: " Yazıçı olmaq hamı kimi yaşamamaq, romantik olmaq, özünə qapanmaqdır. Bundan əlavə, yazıçı olmaq maddi çətinliyi, əzab-əziyyəti gözə almaq deməkdir. Məsələn, hazırda bir kitab üzərində işləyirəm. O kitaba o qədər bağlanmışam ki, (həm ruhum, həm də cismimlə) işimdən uzaq düşmüşəm. Ehtiyacımı qarşılamaq üçün məcburam ki, işləyəm. Yazıramsa, işləyə bilmirəm. İşləyirəmsə, yaza bilmirəm. Nəticə olaraq yazmaq ehtirası hər şeydən önə keçir, yazıram...
Bilirəm yazdığım mənə çörək, su verməyəcək. Yazdığım əsəri nəşriyyat pul ödəyib məndən almayacaq, xarici kitabçılarla müqavilə bağlayıb, qonorar almayacam, dövlət də mənə heç bir vəsait ayırmayacaq. Amma yazıram, ac-susuz qalsam belə...
Bütün bunlara rəğmən, yazıçı olmaq çox gözəldir. Mütaliə insanın yaradıcılığını cilalayırsa, yazmaq da ruhu cilalayır".

Peşəsini sevən psixoloq Aynur İsmayılova deyir: "Hər peşənin çətin və asan tərəfləri var. Peşəsini sevən psixoloq, həkim, müəllim üçün peşəsinin çətin tərəfləri də ona üzücü gəlmir. Peşəmizin çətin tərəfləri ola bilər. Bizim peşəmiz insan ruhu, düşüncələri ilə işləyən tərəfdir. Bizim peşədə mənəvi yorğunluq daha çox olur. Hər bir peşəkar psixoloq isə həmin mənəvi yorğunluğunu təbiət qoynunda keçirərək, uşaqlarla oynayaraq, mühitini dəyişərək çıxır. Peşəsini sevən insan üçün sahəsinin çətin tərəfləri ona bir istirahət vaxtı kimi gəlir".

Avto-nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə diqqətimizə çatdırır: "Peşəmin çətinliyi odur ki, ajiotaj yaradacaq informasiya verməli deyilsən, media ilə işləməyi bacarmalısan. Həmçinin, hər zaman formada olmaqla yanaşı dürüst olub, yalançı proqnoz verməməlisən".

Çinarə Muradova

Bütün xəbərlər Facebook səhifəmizdə