Biz istədiyimizi təmin etmişik, öz torpağımızda möhkəmlənmişik və möhkəmlənəcəyik ŞƏRH

Azərbaycan ictimaiyyəti avqust ayının ilk günlərini antiterror əməliyyatları xəbərlərinə kökləndi. Anar Rüstəm oğlu Kazımovun şəhid olması xəbərinin ardından avqustun 3-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi rəsmi olaraq "Qisas" antiterror əməliyyatı keçirdiyini bəyan etdi. Beləliklə, Qarabağda 10 noyabr Bəyannaməsinin müddəaları bərpa edildi və yerinə yetirilməyən öhdəliklərin həyata keçirilməsi prossesi sürətləndirildi. Bütün bu hadisələrin fonunda bütün ictimaiyyətin diqqəti ölkə başçısı cənab İlham Əliyevdən gələcək təhlillərə yönəldi. Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibədə cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafına, ərzaq təhlükəsizliyi məsələlərinə, eləcə də, Qarabağda erməni təxribatlarının qarşısının alınmasına münasibət bildirib. İlk növbədə şəhid Anar Kazımovu xatırladan Ali Baş Komandan İlham Əliyev “Qisas” əməliyyatını təhlil edərək Azərbaycan Respublikasının beynəlxalq hüquq normaları çərçivəsindən çıxmadığını vurguladı: “Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq.”

Ermənistanın 10 noyabr Bəyannaməsində öz üzərinə götürdüyü öhdəlikləri açıq-aşkar ləngitməsi Azərbaycan Respublikasını təsiredici vasitələrə əl atmasına vadar edir. Bu hansı öhdəlikdir? Laçın yoluna alternativ yol 3 il ərzində planlaşdırılmalı və Azərbaycanla razılaşdırılmalı idi. Bu bəndin bəyannaməyə salınması haqqında cənab İlham Əliyev müsahibəsində deyir: “Əgər bu bəndi mən saldırmasaydım, o zaman Laçın şəhəri həmin bu beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Ona görə mən təkid edirdim və buna nail oldum ki, bu, məhz o məqsədlə sənədə salındı.” Göründüyü kimi, Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, regiona bələdçiliyi, proqramist təhlil bacarığı bu gün Qarabağda strateji addımlar atmağa zəmin yaradıb. Belə ki, yeni Laçın yolunun inşası ilə bağlı ictimaiyyətin bilmədiyi uzun bir prosses baş vermişdir ki, cənab İlham Əliyev bu məqamları da xalqa təhlil etdi: “Ermənistan bəyan etdi ki, biz bu yolun iqtisadi əsaslandırmasını başlamaq istəyirik və 2023-cü ilin sonuna qədər biz bunu inşa edəcəyik. Yəni, bu, faktiki olaraq manipulasiyadır. Tamamilə qeyri-ciddi və qeyri-adekvat addımdır. Biz dedik, əgər belədirsə, onda biz avqustun 5-də Laçın dəhlizinə giririk, postlar qururuq və baxarıq sonra siz necə hərəkət edəcəksiniz.”

Dövlətin və ordunun ayıq-sayıqlığı Qarabağda yeni təxribatları vaxtından öncə aşkar edib zərərsizləşdirir. Bu fonda Qarabağda quruculuq-bərpa işləri də sürətlə gedir. Böyük Qayıdışa zəmin yaradılır. Artıq Zəngilanın Ağalı kəndi sakinləri öz yurd-yuvalarına qayıtdıblar. Görülən işlərlə paralel olaraq Laçındakı son hadisələr də yaxın gələcəkdə bizi narahat edən məqamlara son qoyulacağını müjdələyir. Cənab İlham Əliyevin təbirincə desək, biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq!

Leyla Hüseynova

YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...