Taxıl böhranından çıxış "taxıl dəhlizi"mi? - ANALİZ

Dünya taxıl böhranı ilə üzləşib. Gərginlik, təlaş o qədər artıb ki, hətta bunu böyük savaşa keçəcəyi barədə təhlükəli proqnozlar verənlər də tapılır. Quraqlıq, yanacağın qiymətində hər gün baş verən dəyişikliklər, fors-major hadisələr – müharibələr, iqlim dəyişkənliyi, əhalinin sayındakı artıb dünyada taxıla olan tələbatı bir az da artırır. Bəs həqiqətənmi dünyada baş verən taxıl böhranının əsl səbəbkarı Rusiya-Ukrayna savaşıdır? Bu hadisənin təsirsiz olduğunu deyə bilməsək də, tam olaraq bu müharibədən asılı olduğunu da söyləmək olmaz. Dünyanın ən iri taxıl ixracatçısı Çindir – 135 milyon tondan çox, Hindistan 107 milyon ton taxıl istehsal etsə də onun cəmi 2, 5 milyonunu satır, qalanını taxili tələbatına saxlayır. Hər halda 1,4 milyard əhalinin taxıla olan ehtiyacını ödəmək lazımdır. ABŞ və Kanada “saxla samanı, gələr zamanı” siyasətinə üstünlük verərək buğdanı bazara çıxarmaqdan imtina ediblər.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi taxıl ixracının azalacağı ilə bağlı xəbərdarlıq edib. Bu il ümumi məhsul nəzərdə tutulandan aşağı ola bilər. Rəsmilər məhsul yığımında ötən ilki qrafikdən xeyli geri qaldığını qeyd edirlər. Məhsul yığımı üçün hava şəraitinin əla keçdiyini deyən ekspertlər proqnozların aşağı düşməsinin səbəbini əkin sahələrinin düzgün qiymətləndirilməməsində və rüsumlar hesabına kənd təsərrüfatı müəssisələrinin ixracın artırılmasına marağını itirməsində görürlər.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünya buğdasının qiymətinin 14,5% ucuzlaşdığını bildirib. Türkiyənin Kənd Təsərrüfatı Naziri Vahit Kirişçi bildirib ki, buğdanın hər tonunun qiyməti 440-450 dollardan 350-355 dollara düşüb. Bütövlükdə, mart ayında rekord həddə çatdıqdan sonra qlobal ərzaq qiymətləri ardıcıl dördüncü ayda azalmağa davam edir, FAO indeksi iyulda 2022-ci ilin iyun ayına nisbətən 8,6% aşağıdır. Bu, 2021-ci ilin iyul ayı ilə müqayisədə 13,1% yüksək olsa da, yazda indeksin artımı 30% səviyyəsində olub.

Rusiyada da taxılın qiyməti ucuzlaşıb. İyulun sonunda Uralda, Volqaboyu və Sibirdə tənəzzül kəskin surətdə artıb. Uralda 3-cü dərəcəli buğda 2,65 min rubl ucuzlaşaraq bir ton üçün 16 minə, Sibirdə - 15 minə, Volqa bölgəsində - 13,7 minə qədər ucuzlaşıb.

Dünya bazarları üçün xoşagəlməz sürpriz, artıq rekord məhsul və böyük potensial ixracdan danışmayan Rusiya Federasiyasından gələ bilər. Kənd təsərrüfatı naziri bu il 130 milyon ton taxıl yığmağa imkan verməyən risklərdən danışıb. “Bunlar, xüsusən, bir sıra rayonlara yağan yağışlar, yüksək rütubət və küləklərdir. Bundan başqa, indiki şəraitdə kənd təsərrüfatı texnikasının yükü xeyli artıb, xarici texnikalar üçün isə komponentlərin tədarükü ilə bağlı çətinliklər yaranıb. Nəticədə avqustun 4-nə Rusiyada 56,5 milyon ton taxıl yığılıb ki, bu da ötən ilin analoji tarixi ilə müqayisədə (64,5 milyon) 8 milyon ton (12,4%) azdır. Biz Rusiya bazarını tam təmin edəcək, bununla bağlı heç bir problem olmayacaq”, - deyə nazir bildirib.

Lakin nəzərdə tutulan həcmlərə nail olunmasa, Rusiya 50 milyon tonluq ixrac planlarına yenidən baxmalı olacaq. Bu isə dünya taxıl bazarına mənfi təsir göstərə bilər. Eyni zamanda vurğulayaq ki, məsələ təkcə Rusiya məhsulunda deyil. ABŞ və Avropada quraqlıq, Avstraliyada daşqınlar, Hindistanda da pis hava var. Nəticədə bütün ixracatçılar tədarükləri kəsəcəklər.

Ümumilikdə, 2021-ci ildə Rusiya Federasiyasında 121,4 milyon ton taxıl, o cümlədən 76 milyon ton buğda yığılıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2021-2022-ci kənd təsərrüfatı ilində (30 iyunda başa çatıb) ixrac 38,1 milyon ton (bunun 30,7 milyonu buğda olub) təşkil edib. Əvvəlki ildə ixrac 49 milyon ton, o cümlədən 38,4 milyon ton buğda olub. Bir ay əvvəl Kənd Təsərrüfatı Nazirliyi taxıl məhsulunun 130 milyon ton (87 milyon ton buğda) olacağını proqnozlaşdırmışdı. Rekord 50 milyon ton ixrac potensialını isə prezident Vladimir Putin, xüsusən də iyunun sonunda BRİKS Plus sammitinin iştirakçıları ilə videokonfrans zamanı dəfələrlə dilə gətirib. Bildirib ki, Rusiyada yaxşı məhsul var. Hər şey yaxşı olacaq və bu il dünya bazarına çıxardığımız 37 milyon tondan çox güman ki, dünya bazarlarına 50 milyon ton taxıl çıxara biləcəyik.

İndi Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxslərinin sözlərinə görə, həm biçin, həm də ehtiyat hissələri ilə bağlı hər şey pis gedib. Lakin Kənd Təsərrüfatı Nazirliyinin bu həyəcanverici bəyanatları təbiətin vəziyyəti ilə bağlı qiymətləndirmələri və analitiklərin proqnozları ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Məsələn, avqustun 5-də “Rusaqrotrans” analitik mərkəzi qış buğdasının yüksək məhsuldarlığı fonunda bu il Rusiyada buğda istehsalı proqnozunu 92,7 milyon tondan 94,1 milyon tona qədər artırıb.

"Rusiyanın hava şəraiti çox şanslı olub, keçən ilin payızından bəri yaxşıdır", - "Sovecon" kənd təsərrüfatı bazarı analitik mərkəzinin direktoru Andrey Sizov bildirib. Bəzi rayonlarda yağan yağışların payızlıq əkinlərin keyfiyyətini pisləşdirə biləcəyini deyən Mərkəz direktoru, əlavə edib ki, yaz məhsulu əla olacaq. “Biz taxıl yığımını 137,5 milyon ton, ixracı isə 55 milyon ton proqnozlaşdırırıq ki, bu, rekord göstəricidir”. O, daha əvvəl bildirilmişdi ki, “Sovecon” cari kənd təsərrüfatı ilində (2022-ci ilin iyul – 2023-cü ilin iyun ayları) buğda yığımı proqnozunu 1,7 milyon ton artıraraq 80,9 milyon tona, ixracını isə rekord həddə - 42,9 milyon tona çatdırıb.
Qeyd edək ki, “Qazprom” müxtəlif və kifayət qədər obyektiv səbəblərə görə 2022-ci ilin birinci yarısında Avropaya tədarükünü üçdə birdən çox (34,7%) azaldıb, şirkətin rəhbərliyi isə maliyyə əməliyyatlarının nəticəsindən kifayət qədər razıdır, çünki yanacağın qiymətləri çox yüksək səviyyədə saxlanılır.

Proqnozların belə kəskin geriləməsini hava şəraiti ilə izah etmək olmaz, çünki ölkənin əsas taxılçılıq rayonlarında təbii fəlakətlər baş verməyib, kənd təsərrüfatı müəssisələri də ehtiyat hissələrini əvvəlcədən hazırlayır və onların qıtlığı gələn il özünü büruzə verə bilər, deyə Bazar Araşdırmaları Mərkəzinin direktoru Georgi Ostapkoviç hesab edir. “Taxıl çatışmazlığı ilə bağlı məlumatların qiymət artımı üçün mümkün amil kimi manipulyasiya edilməsini istisna etmək olmaz, lakin belə bir ehtimal olduqca azdır. Burada hər şey daha şəffafdır və amerikalılar, məsələn, peyklərdən hər hektarı, hər yüz kvadrat metri görə bilirlər", deyə ekspert izah edib.

Rusiya Taxıl İttifaqının vitse-prezidenti Alexander Korbut deyib ki, 7-8 milyon ton geriləmə realdır və bunu təkcə hava ilə əlaqələndirmək olmaz. Bunun bir neçə səbəbi var. Əvvəla, ilkin olaraq 19 milyon hektar əkin sahəsi elan edilmişdi və məlumatlara görə, yazda cəmi 16,4 milyon hektarda səpin aparılmışdır və bu fərq əslində izah edilməmişdir. Kənd Təsərrüfatı Nazirliyinin ötən il tətbiq etdiyi statistik məlumatların dərcinə qoyulan məhdudiyyət də başa düşülməyə mane olur. Yüksək ixrac rüsumuna görə təsərrüfatların rentabelliyi azalıb (rüsum səbəbindən fermerlər satışdan demək olar ki, 450 milyard rubl itiriblər), əvvəlki illərdə formalaşmış maliyyə ehtiyatları tükənib, buna görə də qiymətləri xeyli yüksələn texnika (bir kombayn 20 milyon rubla başa gəlir) və ehtiyat hissələri kreditlə alınmalıdır.

Hər halda, Rusiya taxılçılıq təsərrüfatları daxili istehlak üçün lazım olan 80 milyon ton məhsul yığacaq, lakin yüksək rüsum səbəbindən ixracı artırmaqda sadəcə maraqlı deyillər, ekspert belə yekunlaşdırır.
Ərzaq qiymətlərinin azalmasına baxmayaraq, bütün dünyada ekspertlər aclıq mövzusundan istifadə etməyə davam edir, bu ekspertlər üçün sualdır. Son illər dünyada ac insanların sayı artmaqda davam edir. Qiymətləri endirməklə bu artımın tempi azalacaq. BMT-nin baş katibi Antonio Quterreş təkcə 2020-ci ildə dünyada ac insanların sayının 161 milyon nəfər artmasından danışıb.

Bu gün dünya ölkələrində taxıl böhranının getdikcə dərinləşdiyi, idxaldan asılı ölkələrdə vəziyyətin getdikcə kritik hal alması ilə bağlı demək olar ki, hər gün məlumatlar alırıq. Doğrudur, elə ölkələr var ki, taxıl əkini üçün heç bir münbit şərait yoxdur, buna baxmayaraq əkin sahələrinin olmadığını da demək olmaz. Amma tam olaraq öz əhalisini təmin etmək imkanı yoxdur və ümidi yalnız idxala qalıb. Amma idxaldan qismən asılı ölkələrlə bərabər, idxaldan az asılı ölkələrdə vəziyyət fərqlidir. Dövlət Statistika Komitəsinin 2020-ci il üzrə məlumatlarına görə, Azərbaycanın illik buğda tələbatı təxminən 3,5 milyon tondur. Bunun 57 faizini özümüz təmin edirik. Daxili təlabatın bir hissəsi idxal hesabına ödənilir. Son illər ərzində idxal olunan buğdanın 80 faizdən çox hissəsini Azərbaycan Rusiyadan idxal edir. Ölkədə 2021-ci il yanvar-noyabr aylarında buğda idxalı 1 milyon tondan çox olub ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2,5 faizdən çox azdır.

Dünya bazarında taxıla olan tələbat artdıqca bu, özünü qiymət artımında da göstərir. Ötən ilin son rübünün statistikasına görə buğdanın qiyməti 12 faiz artıb. Əslində son illər havaların quraqlıq keçməsi, yanacaq növlərinin qiymətlərində artım və digər subyektiv müdaxilələr həyati vacib bu qidanın qiymətlərinə öz təsirini göstərib. Dünya bazarının əsas ixracatçı ölkələri - Çin, Rusiya və Ukraynada məlum səbəblərdən bazara kifayət qədər taxıl çıxara bilmir. Əvvəlki illərdən fərqli olaraq Hindistan və Çin istehsal etdiyi məhsulun xeyli hissəsini daxili bazara yönəldib. Ukrayna və Rusiya isə aralarında davam edən müharibə səbəbində taxıl bazarında görünmürlər. Bir sözlə dünya “çörək imtahanı”na çəkilir. Bütün bu deyilənlərdən başqa qıtlığa səbəb həm də ötən il ərzində ABŞ, Kanada və Rusiyada müşahidə olunan quraqlıq və yüksək temperatur buğda istehsalına ciddi şəkildə təsir edib. ABŞ-da quraqlıq səbəbindən ötən ildə yazlıq buğda məhsulu 40 faiz azalıb. Azərbaycanda isə ötən il ümumi əkin sahəsinin təxminən 40 faizində buğda əkilib 1,9 milyon ton məhsul əldə edilib.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...