Məmur-vətəndaş təmasları minimuma endirilməlidir - DEPUTAT MÖVQE BİLDİRDİ

"Prezident cənab İlham Əliyev ölkəmizdə rüşvət və korrupsiyaya qarşı amansız mübarizə aparır. Xüsusən son illər ərzində görülmüş işlərlə bu sahədə şəffaflığın artırılması istiqamətində çox vacib hədəflərə nail olunmuşdur". Bunu SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, cənab Prezident tərəfindən xüsusi göstəriş verilib ki, maksimum şəffaflıq təmin edilməli və xoşagəlməz hallara qarşı cəzalar çox sərtləşdirilməlidir. Nəticə onu göstərir ki, ən yüksək vəzifəli məmurlar da daxil olmaqla bu gün istintaq və məhkəmə qarşısında hamı cavab verməli olur və öz əməllərinə görə öz cəzalarını alırlar. Bəli, bugün Azərbaycanda heç kim məsuliyyətdən boyun qaçırda bilməz. Qanun qarşısında hər kəs eynidir.

Prezident İlham Əliyev 12 yanvar tarixində yerli media nümayəndələrinə müsahibəsində də bu məsələyə toxunmuş və yuxarıda qeyd etdiyim məsələləri xüsusi qeyd etmişdi.

Cavid Osmanov bu barədə fikirlərini belə izah edib: "Bəli, bugün son illər ərzində ölkədə aparılan islahatlar və onun tərkib hissəsi olan kadr dəyişiklikləri həyata keçirilir. Bu dəyişikliklər Prezident Administrasiyasında, Milli Məclisdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında özünü ciddi şəkildə göstərir. Bu da öz növbəsində korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq. Əlbəttə, bəzən olur ki, yeni kadr təyin olunur, amma bir müddət sonra həmin kadrlardan əyri yollara düşənlər də olur. Bu baxımdan da cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsini də cənab Prezidentimiz xüsusi vurğulamışdır. Əlbəttə, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin də güclü olmasını vurğulayan Prezident İlham Əliyev ictimai nəzarət bir çox məmurları cinayət xarakterli işlərindən çəkindirir, buna görə də, burada da ictimai nəzarətin güclənməsi vacibdir. Eyni zamanda təbii ki, burada sui-istifadəyə də yol vermək olmaz. Burada böyük ölçüdə şəffaflığın təmin edilməsi vacibdir. Bu baxımdan ictimai nəzarətin, xüsusən medianın bu sahədə böyük rolu ola bilər. Məmurlar bundan sonra başa düşməlidir ki, onlara təkcə Prezident Administrasiyası yox, çox güclü ictimai nəzarət də nəzarət edir. Ümumilikdə bütün sahələrdə "ASAN" Xidmət modeli tətbiq olunarsa, əlbəttə ki, bu şəffaflığın artırılmasında çox mühüm addım ola bilər. Çünki "ASAN" Xidmət modeli artıq sınaqdan çıxıb və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Buna görə də, vətəndaş-məmur münasibətləri sahəsində bu model tətbiq olunmalıdır. Bununla da məmur-vətəndaş təmasları minimuma endirilməlidir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə