"Bunlar dövlətimizin iqtisadi qüdrətinin sözdə yox, əməldə təsdiqidir" - AHİK SƏDRİ ŞƏRH ETDİ

“Zəngilan rayonunun işğaldan azad olunması uğrunda əməliyyatlar Silahlı Qüvvələrimizin daha bir qəhrəmanlıq nümunəsidir. Zabit və əsgərlərimiz qısa vaxt ərzində, sürətli hücumla Zəngilan əməliyyatını digər əməliyyatlar kimi, zəfərlə sona çatdırdılar. Bu əməliyyatda Sərhəd Qoşunlarımızın göstərdiyi fədakarlıq Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin və birləşmələrinin peşəkar səviyyədə olduğunu bir daha nümayiş etdirir. Sərhədçilərimizin cəsarəti və əzmkarlığı sayəsində işğal altında qalmış 132 kilometr İranla sərhəd xətti tam olaraq nəzarətimizə keçdi, həmçinin Ermənistanla sərhədə çatmış olduq. Təbii ki, əməliyyatların effektli təşkili, şəhərlərin ardıcıl olaraq azad edilməsi əsgərlərimizə yeni ruh verirdi, düşmən üzərində psixoloji üstünlüyümüzü artırır, növbəti əməliyyatlar üçün stimul olurdu”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Deputat qeyd edib ki, hazırda sakinlərin tez bir zamanda doğma yurdlarına qayıtması üçün Zəngilanda keyfiyyətli abadlıq-quruculuq işləri aparılır:

“Zəngilan Naxçıvana çəkiləcək yolun üzərində yerləşir. Naxç­ıvanla Azərbaycanın qərb rayonlarını, həmçinin Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanı əlaqələndirəcək Zəngəzur dəhlizi açıldıqdan sonra rayonun geostrateji əhəmiyyətini artıracaq, hərtərəfli inkişafına təkan verəcək. Burada tikilən aeroport rayonla yanaşı, ümumilikdə Şərqi Zəngəzurun və Qarabağın sosial-iqtisadi inkişafına şərait yaradacaq, turizm potensialını artıracaq, bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirəcək, həm də sakinlərin məşğulluğuna kömək edəcək”.

AHİK sədri vurğulayıb ki, ilk “Ağıllı kənd” pilot layihəsi də burada salınır, ağıllı texnologiyalar tətbiq olunur, rayonda alternativ enerji mənbələrindən istifadə olunacaq: “İnanırıq ki, yaradılmış bu imkanlar sayəsində Zəngilan ölkəmizin ən inkişaf etmiş rayonlarından birinə çevriləcək. Buna rayonun təbii sərvətləri, bir sıra faydalı filiz yataqları da əlverişli şərait yaradacaq”.

S.Möhbalıyev bildirib ki, işğaldan azad olunan Şərqi Zəngəzurda və Qarabağda aparılan tikinti-bərpa işləri Prezident İlham Əliyevin nəzarəti altındadır: “Oktyabrın 20-də - Zəngilanın işğaldan azad olunduğu gün cənab Prezident və Birinci-vitse-prezident Mehriban xanım Əliyeva rayona səfər etdilər, “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksində yaradılan şəraitlə tanış oldular, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak etdilər. Gördüyümüz odur ki, bir il ərzində bu qədər misilsiz işlər görülüb və görülməkdədir. Bütün bunlar dövlətimizin iqtisadi qüdrətinin sözdə yox, əməldə təsdiqidir. Aparılan çevik və səmərəli işlər bizi bir daha əmin edir ki, yaxın vaxtlarda bu proses başa çatacaq, sakinlərin səbirsizliklə gözlədiyi doğma Vətəndə yaşamaq arzusu reallaşacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...