"Rus sülhməramlı qoşunları bir də səhvə yol verəndə..." - DEPUTAT MÖVQE BİLDİRDİ

"Mənim fikrim belədir ki, Qarabağdan sülhməramlı qüvvələrin çıxarılması birbaşa bir ildən az bir müddətdə yaxın vaxtda imzalanmış üçtərəfli müqaviləyə bağlıdır. Yəni bu işə 5 ildən bir baxıla bilər. Bir daha yada salmaq lazımdır ki, iki ölkədən biri ya Azərbaycan, ya da Ermənistan bundan imtina etməlidir ki, bu müddət uzanmasın". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, fövqəladə vəziyyətdə onların çıxmasını tələb etmək indiki durumda düz gəlməz. Amma, həqiqətən, son vaxtlar özü də tək Azərbaycanda yaşayan yox, bütün dünyada yaşayan azərbaycanlılar tərəfdən də sual qoyulur ki, bu nə siyasətdir. Bu siyasətin arxasında nə dayanıb ki, Ermənistanın belə axmaq, xoşagəlməz, hətta deyərdim revanşist addımlarının qarşısını almırlar?.

Rüfət Quliyev bu haqda fikrini belə izah edib: "Burada bir məqam da var, orada tendensiya yaranıb. Trend ondan ibarətdir ki, bəzi Xankəndidə yaşayan erməni ailələri öz gözləri ilə gördülər ki, Azərbaycan bir il keçməmiş nə işlər gördü. Susuz, işıqsız qalmış erməni ailələr Şuşada, ya da yaxın olan digər Azərbaycan ərazilərində məskunlaşmaq istəyirlər. Bunun da qabağını aldığım məlumata görə, rus qoşunu kəsib. Rus əsgərinin sayı, zirehli texnikasının sayı artıq kifayət qədərdir. Həmin bu qoşun dinc əhalinin qarşısını kəsib, onları Ermənistanın xüsusi orqanlarına təhvil verib. Bu da düzgün deyil. Çünki keçib burada yaşamaq istəyirlərsə, bu haqda qərarı Azərbaycan verə bilər. Yoxsa onlar bu haqda qərar verə bilməz. Amma buna baxmayaraq, biz onsuz da başda möhtərəm İlham Əliyev olmaqla öz siyasətimizi yeridirik. Lazım olanda dəmir yumruqla bağlı da yadlarına salırıq. Vaxt bizim lehimizə işləyir. Bütün dünya ictimaiyyəti, bütün diplomatlar, qonaqlar görürlər ki, Azərbaycan nələr meydana gətirib. Füzulidə aeroportunun inşa edilməsini, yüz kilometrlərlə yolların tikilməsini, dəmir yolunun yenidən bərpa edilib tikilməsini, infrastruktur layihələrin həyata keçirilməsini görən dünya başa düşür ki, Azərbaycan öz torpaqlarına sahib çıxıb. Bu siyasəti də biz inkişaf etdirəcəyik. Mən belə başa düşürəm. Rus sülhməramlı qoşunları bir də səhvə yol verəndə, kor olanda mütəmadi olaraq biz onları müxtəlif yollarla başa salmalıyıq. Belə olanda müəyyən notalar verilməlidir, müəyyən fikirlər XİN-dən bidirilməlidir ki, yəni siz başa düşün ki, biz hər şeyə nəzarət edirik və hər şeyi də nəzarətdə saxlamışıq. Azərbaycan tələb edir ki, madam Rusiya prezidenti bu müqavilənin altından qarant kimi qol çəkibsə, onlar həmin o qarant məsuliyyətini dərk edib axıra kimi həyata keçirsin".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə