“Hər kəs ölkə rəhbərinin sözlərindən, tələblərindən ciddi nəticə çıxarmalıdır” KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şəmkir və Cəlilabad rayonlarının icra başçılarını vəzifəyə təyin edərkən görüşdə çox ciddi məqamlara, məsələlərə toxunub və mövcud vəziyyəti bilavasitə geniş təhlil edib. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədrinn sözlərinə görə, əlbəttə ki, ilk növbədə ölkə rəhbəri hər iki rayonda həyata keçirilən sosial-iqtisadi məsələlərə diqqəti cəlb edib, göstərib ki, bu rayonlarda son illər qazlaşdırma, su məsələləri, məktəb tikintisi, digər bir çox obyektlərin istifadəyə verilməsi önəmli olub və bütün bunların həyata keçirilməsi bilavasitə insanların rahatlığına, onların maddi rifah halının yaxşılaşdırılmasına istiqamətləndirilib.

"Sözsüz ki, bu iki rayonun timsalında biz ölkədə həyata keçirilən tədbirlərin mənzərəsini görürük və ölkə rəhbərinin imzaladığı Regionların Sosial-İqtisadi İnkişafəna Dair Dövlət Proqramının necə uğurla yerinə yetirilməsinin şahidi oluruq. Bu gün nəinki Cəlilabad, Şəmkir rayonları mədəniləşib, öz görkəmini dəyişib, demək olar ki, respublikanın hər yerində çox möhtəşəm quruculuq, abadlıq, bərpa işləti həyata keçirilib. Artıq ölkə üzrə qazlaşdırma 97 faizə çatıb, enerji qıtlığı yoxdur, su problemləri müvəffəqiyyətlə həll olunur. Demək olar ki, ən ucqar dağ rayonlarına belə asfalt yollar salınıb, körpülər çəkilib. Respublikada son illərdə 3400-ə yaxın məktəb tikilib, 750-yə yaxın tibb müəssisəsi istifadəyə verilib. Çox böyük işlər görülüb və bunun nəticəsidir ki, regionlar sürətlə inkişaf edib. Bu inkişaf etmənin nəticəsi də qeyri-neft sektorunda uğurların qazanılmasıdır və yerlərdə yeni iş yerlərinin açılması, əhalinin fəallığının yüksəlməsidir. Ona görə də cənab Prezident bu şəxsləri vəzifəyə təyin edərkən göstərdi ki, siz bundan sonra da bu uğurları davam etdirməlisiniz, birinci insanların yanında olmalısınız, onların arzu və tələblərini öyrənməlisiniz, onların vəziyyəti ilə yaxından tanış olmalısınız və onlara düzgün istiqamət verilməlidir.

Əsas olaraq, ölkə rəhbəri idarəetmədə baş verən müəyyən neqativ hallara diqqəti cəlb elədi, göstərdi ki, hər iki rayonun sabiq icra başçıları həbs olunublar, onlar öz fəaliyyətlərində ciddi nöqsanlara yol veriblər, rüşvətxorluq ediblər, insanları incidiblər, etimadı doğrultmayıblar və bir çoxlarının vəzifəsinə səhlənkar münasibət göstərməsi dövlət büdcəsinə ciddi ziyan vurub. Çünki, əgər belə olmasaydı, bizim dövlət büdcəsi bir neçə milyard manat bəlkə də artıq hesablanardı. Əlbəttə ki, bu bir həqiqətdir. Çünki, əgər rayon rəhbərliyi yerində deyilsə, orada yüksək uğurlardan danışmaq olmaz. Əgər rayon rəhbəri rüşvətxorluğa, əliəyriliyə yol verirsə, heç bir investor ora investisiya qoymaz. Ron rəhbəri əgər insanları incidirsə, orada sahibkarlığın inkişafı mümkün deyil, orada insanların əli işdən soyuyur, onlar bir çox vacib məsələləri yerinə yetirməyə qadir olmurlar. Sözsüz ki, bunların hamısı dövlətin imicinə, eləcə də inkişafına ziyan vuran amillərdir. Əgər sahibkarlıq inkişaf etmirsə, deməli, müəyyən vergilər azalır, dövlət büdcəsi budan ziyan çəkir. Hansısa sahibkarın əgər fəaliyyətinin qarşısı alınırsa, iş yeri yaratmaq mümkün olmayacaq. Əgər adamlar incidilirsə, onların işgüzarlığı aşağı düşəcək və onlar iş görməkdən çəkinəcəklər. Hər hansı bir rayonda əgər investor üçün şərait yaradılmırsa, əlbəttə ki, o həmin rayona sərmayə qoya bilməz. Ona görə də bütün bu məsələlər bilavasitə həm insanlara ciddi ziyan vurur, həm də büdcəni zəiflədir. Ölkə rəhbəri ona görə də xatırlatdı ki, əgər siz öz vəzifənizi yerinə yetirməyə qadir deyilsinizsə, həmin vəzifədən gedin, özünüzü bədbəxt eləmiyin.

Digər tərəfdən ölkə rəhbəri icra başçılarına bir vəzifə olaraq tapşırdı ki, mütləq yerlərdə problemlər öyrəniləməlidir, vacib problemlər öyrənilməli, qabardılmalıdır, müzakirəyə çıxarılmalıdır və bunun nəticəsində insanların işgüzarlığını, məsuliyyətini artırmaq çox vacibdir. Cənab Prezident daimi olaraq bu məsələləri xatırladır. Nəinki, bu görüşdə, iki icra başçısının təyinatı zamanı, eləcə də bütün konfranslarda, bütün tədbirlədə o, rüşvətxorluğun, əliəyriliyin, insanların incidilməsinin əleyhinədir və qəti tədbirlər görülməsinin vacibliyini qeyd edir və bunu əməli işdə həyata keçirir. O, heç kimə güzəşt eləmir və bu dəfə də xatırlatdı ki, heç kim qanundan kənara çıxa bilməz, qanun hamı üçündür və hər bir kəs, vəzifə daşıyan hər bir insan qanunun tələblərinə əməl etməlidir. Ona görə də bu həm bir məsləhət idi, həm bir vəzifə idi, həm də bir tələb idi. Tələb odur ki, Azərbaycan inkişaf etdirilirsə, Azərbaycan inkişafdadırsa, Azərbaycan xalqı, Azərbaycan Ordusu azğın düşmən üzərində tarixi qələbə qazanıbsa, biz bu qələbələrimizi sosial həyatda, ictimai həyatda təkrarlamalıyıq. Biz öz əməlimizlə, fəaliyyətimizlə daşıdığımız vəzifədə olarkən hər bir kəsə nümunə göstərməliyik. Əksinə, əgər icra başçısı rayonda əliəyriliklə, rüşvətxorluqla məşğul olursa, sözsüz ki, bu da onun tabeliyində olan insanlara siraət eləməlidir, onlar da öz böyüyündən bir ibrət götürməlidirlər, onun yolunu getməlidirlər, ona oxşamağa çalışmalıdırlar. Sözsüz ki, bizim cəmiyyətimizə belə hallar yaddır və belə halların aradan qaldırılması üçün ölkə rəhbəri çox ciddi tədbirlər görür.

Son dövrlər nazirlər, icra başçıları, digər dövlət məmurları olmaqla, bir çox vəzifə sahibləri ilə bağlı həyata keçirilən tədbirlər, karrupsiyaya qarşı aparılan mübarizə göstərir ki, Azərbaycanda idarəetmədə şəffaflığın, aşkarlığın təmin olunması ciddi qaydada həyata keçirilir və Azərbaycan Prezidenti də öz əməli ilə, öz sözü ilə həmişə buna dəstək verir. Elə bilirəm ki, vəzifəyə təyin olunan hər bir kəs ölkə rəhbərinin dediyi bu sözlərdən, verdiyi məsləhətlərdən, qarşıya qoyduğu tələblərdən ciddi nəticə çıxarmalıdır və Azərbaycanın inkişafı üçün hər birimiz öz əlimizdən gələni əsirgəməməliyik”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə