Azərbaycan - Türkiyə - ən çətin anların sınağından çıxan - QARDAŞLIQ BİRLİYİ

El arasında gözəl bir məsəl var: “Yaxşı dost dar gündə sınanar!”. Bu deyimi, təkcə fərdi-insani münasibətlərə deyil, həmçinin xalqlar, dövlətlərarası münasibətlərə də şamil etmək olar. Yaxın keçmişdə erməni təcavüzkarları tərəfindən xalqımızın başına gətirilən müsibətlər danılmaz bir həqiqəti – Azərbaycan Türkiyə arasındakı qədim dostluq-qardaşlıq bağlarını bir daha yenilədi, bu bağların əbədi və sarsılmaz olduğunu göstərdi. Çünki onların kökləri çox dərindədır. Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıbdır”.

Həyatımızın hər sahəsində izi görünən, nəfəsi duyulan ümummilli liderimiz Heydər Əliyevin illər öncə müdrikcəsinə söylədiyi – “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi. Bu gün hər iki xalqın nümayəndələri müdrik siyasi xadim Heydər Əliyevin bu sözlərinə sadiqlik nümayiş etdirdilər. Bütün dünyaya bir daha məlum oldu ki, bu tarixi ifadə, sadəcə olaraq, sözdən ibarət deyildir. Bu tarixi kəlam iki dost və qardaş ölkənin yolunu daha da işıqlandırıb, hər iki dövlət yaxşı gündə də, pis gündə də bir-birinin yanındadır, hər iki dövlət eyni yolu yaşayır. Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır.

Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur

Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. İstər dövlət səviyyəsində, Azərbaycan- Türkiyə həmişə olduğu kimi, sevincdə də, kədərdə də bir yerdədir. Bu, tarixən də belə olub, belə də davam edir. Türkiyə taleyüklü məqamlarda hər zaman Azərbaycanın yanında olduğu kimi. 44 günlük Vətən müharibəsi zamanı yaşananlar və Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - «Bir millət, iki dövlət» birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söyləyərək bildirmişdir ki, "Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq". Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirmişdir ki, "Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır". Bəli, bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır.

Elə bu birliyin nəticəsidir ki, 2021-ci il iunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfəri və Qarabağın ürəyi olan Şuşada tarixi bəyannaməyə imza atıldı. Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzaladılar.

Dövlətimizin başçımızın dediyi kimi: “Bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır".

Şuşa Bəyannaməsinin ardınca isə Azərbaycan, Pakistan və Türkiyə parlamentləri arasında Bakı Bəyannaməsi imzalandı ki, bu da hər üç ölkənin əməkdaşlığını nəzərdə tutan mühüm sənəddir. Bu sənəd müttəfiqlik münasibətlərinə yeni keyfiyyət qazandırmaqla yanaşı, strateji əməkdaşlığı daha da dərinləşdirir. Bu isə ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək düşünülmüş, nəticəyə istiqamətlənmiş siyasi addımdır. Bu, həm də illər ərzində üç ölkənin bir-birinə olan de-fakto dəstəyinin de-yure müstəviyə keçməsi deməkdir. Bakı Bəyannaməsi, sadəcə, regional deyil, qlobal inteqrasiyanı da özündə ehtiva edən əməkdaşlıq formatıdır. Bakı Bəyannaməsinin imzalanması həm Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin və yürütdüyü çoxvektorlu xarici siyasətin Türkiyə və Pakistan kimi güclü dövlətlər tərəfindən dəstəklənməsi, həm də dövlətimizin başçısının müstəqil xarici siyasət yürütməsinin və müstəqil qərarqəbuletmə mexanizminin reallaşdırılmasıdır.

Türkiyə ilə Azərbaycan bu fəlakətə də birlikdə son qoyacaq

Tarixin sınaqlarından şərəflə çıxan və dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlığı Türkiyədə iyulun 28-dən başlayan yanğınlar ilə bağlı yaşanan fəlakətdə də bir daha özünü göstərdi. Prezident İlham Əliyev qardaş ölkənin rəhbərinə yanğınlar zamanı həyatını itirən vətəndaşlara görə başsağlığı verərək Azərbaycan hökumətinin və xalqının hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu söyləyib. Həmçinin, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Türkiyəyə dəstək olaraq sosial şəbəkədəki hesabında paylaşım edərək yazıb: “Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbr diləyirəm!”.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup iyulun 30-da, ikinci qrup isə iyulun 31-də Türkiyəyə yola salınıb. Artıq üçüncü yanğınsöndürən təyyarəsi avqustun 5-də yola salınıb. Hazırda FHN-in yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirirlər. Bütün bunlar bir daha Azərbaycanın Türkiyə ilə əsl qardaş, etibarlı dost olduğunu göstəricisidir. Bu, bir daha sübut edir ki, istər xoş günlərdə, istərsə də çətin məqamlarda Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır. Əminik ki, iki qardaş ölkənin birgə səyləri nəticəsində çox qısa zamanda yanğınların qarşısı alınacaq, Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir. Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz!

Məşhur Məmmədov,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...