Əməliyyat müşavirəsi keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətində əməliyyat müşavirəsi keçirilib. FHN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Xidmət rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasovun rəhbərliyi ilə keçirilən əməliyyat müşavirəsində Dövlət Yanğın Nəzarəti Xidməti aparatının şöbə rəisləri və dövlət yanğın nəzarəti idarələrinin rəisləri iştirak ediblər.

Müşavirədə son günlər qardaş Türkiyənin bəzi bölgələrini cənginə alan və hazırda davam edən, meşələrdən başlayaraq yaşayış məntəqələrinin ərazilərini bürüyən yanğınlarla bağlı mövcud vəziyyət diqqətə çatdırılıb və onun acı nəticələri təəssüflə qeyd olunub. Xidmət rəisi ölkəmizdə analoji hadisələrin qarşısının alınması məqsədilə təsdiqlənmiş mövcud tədbirlər planı haqqında danışaraq, yüksək risk qrupuna aid edilən, o cümlədən yanğın potensiallı obyekt və ərazilərdə aidiyyəti dövlət orqanları ilə birgə yanğın təhlükəsizliyinə nəzarətin gücləndirilməsinin, informasiya mübadiləsinin aparılmasının və mümkün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini bildirib, müvafiq tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...