“Bir kəmər yolu” - Çin-Azərbaycan dostluq və tərəfdaşlıq yüksələn xətt üzrə

30 illik diplomatik münasibətlər iki ölkə arasında əlaqələrin inkişafının təzahürüdür

Bəlli olduğu kimi, iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti olub. Dövlət başçıları söhbət zamanı hər iki ölkənin “Bir kəmər bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin birgə əlaqələndirilməsinin və mövcud imkanlardan faydalanmağın əhəmiyyətinə toxunublar. Həmçinin iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığı dərinləşdirməsinin, Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılmasını təşviq etməsinin zəruriliyi qeyd olunub. Həmçinin, dövlət başçıları COVID-19 pandemiyası dövründə Azərbaycan və Çinin həqiqi dostluq nümayiş etdirərək, çətinliklərin öhdəsindən gəldiklərini və bir-birini dəstəklədiklərini məmnunluqla qeyd ediblər. Prezident İlham Əliyev COVID-19 pandemiyası ilə mübarizədə dəstəyə görə ÇXR Sədrinə təşəkkürünü bildirib.

Qeyd olunub ki, Azərbaycan və Çin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq edirlər. Dövlətimizin başçısı Azərbaycanın Çinlə əlaqələri daha da möhkəmləndirməyə hazır olduğunu qeyd edib və Çin şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsini alqışlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Çin Kommunist Partiyasının yaranmasının 100 illiyi münasibətilə səmimi təbriklərini ÇXR Sədri Si Cinpinə çatdırıb.

Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğunu vurğulayıb və bildirib ki, hər iki ölkə ənənəvi dostluğu inkişaf etdirir, əməkdaşlığı dərinləşdirir və qarşılıqlı dəstəyi artırır. ÇXR Sədri Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulayıb.

Dövlət başçıları qeyd ediblər ki, 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunacaq və bu əlamətdar hadisə iki ölkə arasında əlaqələrin daha da inkişafına imkan yaradacaqdır.

Si Cinpin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib.

Söhbət əsnasında iki ölkənin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq etmək üçün birgə səylər göstərməyə hazır olduğu qeyd edilib. Dövlət başçıları qarşılıqlı olaraq ölkələrinin ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarının təşkilində Çin Xalq Respublikasına müvəffəqiyyətlər arzulayıb.

Azərbaycan-Çin əlaqələri - Dostluq və qarşılıqlı etimad üzərində qurulan dostluq birliyi

Çin-Azərbaycan münasibətləri tarixinə diqqət yetirsək, görərik ki, bu iki ölkə arasındakı diplomatik təmaslar çox intensiv olmuşdur. 1991-ci il dekabrın 27-də Çin Xalq Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımış və 1992-ci il aprelin 2-də iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Bunun ardınca 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycanda səfirliyi açılmış, 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfiri təyin edilmişdir. Azərbaycan da, öz növbəsində, Çinə olan marağını çox gizlətməmiş və 1993-cü il sentyabrın 3-də Milli Məclis Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılması barədə qərar qəbul etmiş və həmin il Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlamışdır.

1992-2005-ci illər ərzində iki ölkə arasında ikitərəfli ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsinə dair Ticarət-İqtisadi Əməkdaşlıq haqqında, Xidməti səfərlər zamanı vizaların alınması haqqında, Qrup halında turistlərin səfərləri zamanı vizasız gediş-gəliş haqqında, İnvestisiyaların təşviqi və qarşılıqılı qorunması haqqında, Kinematoqrafiya, radio verilişləri və televiziya sahəsində əməkdaşlıq haqqında, Turizm sahəsində əməkdaşlıq haqqında, Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında, Mədəni əməkdaşlıq haqqında, Elmi-texniki sahədə əməkdaşlıq haqqında, Dövlət krediti haqqında, Çinin Azərbaycana güzəştli kredit verməsi haqqında, Təhlükəsizlik haqqında, Texniki-iqtisadi əməkdaşlıq haqqında, İkiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında, Gömrük işi sahəsində qarşılıqh yardım haqqında, Gənclərlə iş sahəsində əməkdaşlıq haqqında, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında və s. hökumətlərarası sazişlər imzalanmışdır.

Bundan başqa, iki ölkənin dövlət başçıları arasında Dostluq haqqında birgə bəyanat, Xarici İşlər Nazirlikləri arasında məşvərət haqqında Protokol, Konsulluq Konvensiyası, Hökumətlər arasında hava əlaqəsinin yaradılması haqqında, Çin hökumətinin Azərbaycana əvəzsiz olaraq üç milyon ABŞ dollar miqdarında əvəzsiz yardım göstərməsi haqqında, Mədəniyyət və Təhsil sahəsində əməkdaşlıq haqqında Protokol və s. sənədlər də imzalanmışdır.

Azərbaycan və Çin arasında iqtisadi əlaqələri tənzimləmək məqsədilə İqtisadi və Ticarət sahəsində əməkdaşlığa dair xüsusi Komitə yaradılmışdır. İki ölkənin prokurorluqları qarşılıqlı təslimetmə haqqında müqavilə imzalayaraq ikitərəfli əməkdaşlıq sahəsində bir çox razılaşmalara gəlmişlər. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları, Təhsil Nazirlikləri və Milli Olimpiya Komitəsi ilə Çinin müvafiq qurumlar arasında da əməkdaşlıq və qarşılıqlı yardım sahəsində bir neçə razılaşmalar və müqavilələr imzalanmışdır.

Qarışıqlı səfərlər Azərbaycan-Çin münasibətlərinin intensivləşməsinə təsir göstərən ən mühüm faktorlardandır

Azərbaycan-Çin münasibətlərinin intensivləşməsinə təsir göstərən ən mühüm faktorlardan biri də iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri və bu zaman maraq kəsb edən məsələlər üzrə əldə edilən razılaşmalar hesab oluna bilər. Dövlət başçıları səviyyəsində 1994-cü il martın 7-10-da Azərbaycan Prezidenti Heydər Əliyevin, 2005-ci il martın 17-19-da isə Prezident İlham Əliyevin Çinə rəsmi səfərini xüsusi qeyd etmək lazımdır. Hər iki səfər ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşmasında mühüm rol oynamış və Çin-Azərbaycan birgə bəyanatının qəbul edilməsi ilə nəticələnmişdir. Hökumət, parlament rəhbərləri, nazirlər və digər rəsmilər səviyyəsində də iki ölkə arasındakı qarşılıqlı səfərlər zəngin olmuşdur.

Müstəqilliyini bərpa etdikdən sonra qısa müddətdə yerləşdiyi regionda aparıcı dövlətə çevrilən, müvəffəqiyyətlə həyata keçirilən bir sıra regional və beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı olan Azərbaycan Respublikası ilə əlaqələrə Çin xüsusi maraq göstərdiyini gizlətmir. Çin Azərbaycanın bu ölkə ilə əməkdaşlığı inkişaf etdirməyə çalışdığı sahələri yaxşı bilir və bundan mümkün qədər məharətlə istifadə etməyə çalışır. Azərbaycanın Tayvan, Tibet və "Şərqi Türküstan" məsələlərində Çinin mövqeyini dəstəkləyən xarici siyasətini qarşı tərəf yüksək qiymətləndirir.

Burada iqtisadiyyatları sürətlə inkişaf edən hər iki ölkənin neftə olan tələbatlarının artması, həmçinin, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisinin reallaşması ilə Azərbaycanın regional siyasi və iqtisadi nüfuzunun yüksəlməsi xüsusi rol oynayır. Daha bir əhəmiyyətli amil isə Çinin son illər xarici siyasət terminologiyasında tez-tez istifadə etdiyi üç şər qüvvə - ekstremizm, terrorizm və separatizmlə mübarizədə digər dövlətlərlə apardığı fəal əməkdaşlıqdır.

Çinlə Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətlərinin perspektivləri bir neçə amillə izah oluna bilər. Geosiyasi baxımdan əhəmiyyətli mövqeyə malik olmaqla yanaşı, sürətlə inkişaf edən Azərbaycan və tədricən dünya iqtisadiyyatının inkişafında həlledici mövqeyə malik olan Çin arasında münasibətlərin inkişaf perspektivləri böyükdür və hər iki tərəf üçün qarşılıqlı əlaqələr xüsusi maraq kəsb edir.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 17 ildə Çinlə münasibətlər dinamik inkişaf etmiş, yeni əməkdaşlıq əlaqələri formalaşmışdır. Xüsusən cənab İlham Əliyevin Çinə 2005-ci ildə rəsmi, 2015-ci ildəki işgüzar səfərləri əlaqələrin inkişafına və canlandırılmasına mühüm töhfələr verib. Hər iki səfər ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşmasında mühüm rol oynayıb və Çin-Azərbaycan birgə bəyanatının qəbul edilməsi ilə nəticələnib. Hökumət, parlament rəhbərləri, nazirlər və digər rəsmilər səviyyəsində də iki ölkə arasındakı qarşılıqlı səfərlər zəngin olmuşdur. Xüsusən cənab Prezidentin 2015-ci ildəki səfəri əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Səfər zamanı aparılan danışıqlar, əldə olunan mühüm razılaşmalar, imzalanmış sənədlər, o cümlədən dostluq münasibətlərinin, əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə, "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyət kəsb edir.

Beləliklə, coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Azərbaycanın və Çinin dövlət başçılarının siyasi iradələri və dostluq münasibətləri iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafına hər zaman əlverişli zəmin yaratmışdır. Təsadüfi deyil ki, 1993-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyon ABŞ dolları təşkil etdiyi halda, 2018-ci ildə bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 1,3 milyard ABŞ dolları olmuşdur. Bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43 faizini təşkil edir. Cari ilin 6 ayı ərzində isə bu göstərici 1,4 milyard ABŞ dolları təşkil etmişdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır.

Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılması prosesinə Çini də cəlb edir

Çin Xalq Respublikası 2013-cü ildə “Bir Kəmər Bir Yol” layihəsini irəli sürərkən, Azərbaycan həmin layihəni ilk dəstəkləyən ölkələrdən biri olub. Ölkəmizin dəstəyi təkcə siyasi bəyanatlarda deyil, real təşəbbüslərdə ifadə olunub. Azərbaycan reallaşdırdığı irimiqyasylı nəqliyyat-infrastruktur layihələri ilə “Bir Kəmər Bir Yol” layihəsinin həyata keçirilməsinə töhfə verib. Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının icra edilməsi bu baxımdan önəmli olub. Hazırda Azərbaycan Zəngəzur dəhlizi layihəsini irəli sürür ki, bunu da Avrasiya və Trans-Xəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırmasına dəstək kimi təqdim edir.

Göründüyü kimi, Azərbaycan bir təqdimatla iki çox mühüm problemi həll etmiş olur. Bir tərəfdən qlobal nəqliyyat marşrutu layihələrini tamamlayır, digər tərəfdən isə, Ermənistanla arada olan Zəngəzur dəhlizi problemini həll etmək üçün qlobal gücləri cəlb etmiş olur. İlk baxışdan spektik görünsə də, artıq Azərbaycanın bu ideyası gerçəkliyə çevrilir. İyunun 2-də Çin Xalq Respublikasının Sədri Si Cinp Prezident İlham Əliyevə zəng vurub. Önəmli olan isə, iki dövlət başçılarının telefon danışığı təşəbbüsü Çin liderindən gəlib. Söhbət zamanı bir sıra məsələlərə toxunulub, o cümlədən, iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığının dərinləşdirməsinin vacibliyi vurğulanıb. Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılmasının vacibliyi qeyd edilib. Bu diplomatik danışığın sadə dildə açıqlaması budur ki, Çindən Qərbə yükdaşımalar üçün qısa və əlverişli alternativ marşrut üzərində iş gedir. Bu, bütün region ölkələrinin maraqlarına və onların iqtisadi əlaqələrinin inkişafına uyğunlaşdırılıb. Ermənistan bir növ “ağıllı siyasət yürütməyə, yeni yaradılan şansdan yararlanmağa” məhkum edilir.

Çin Xalq Respublikasının bu jesti təsadüfi deyil, uzun müddət aparılmış siyasətin nəticəsində ortaya çıxıb. Azərbaycan Prezidentinin 2015-ci il dekabrın 8-11-də ÇXR-ə səfəri, 2019-cu il aprelin 24-27-də “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etməsi bugünkü yardımlaşmanın özülünü yaradıb.

Bir məqamı da vurğulamaq lazımdır ki, Çin iqtisadi-siyasigüc baxımından dünyanın super-güc mərkəzləri olan Avropa Birliyini çoxdan geridə qoyub, ABŞ-la isə yanaşı addımlayır. Şübhə yoxdur ki, indiki gedişatla ABŞ-ı da ötüb keçəcək. Belə bir güc mərkəzinin Azərbaycanı dəstəkləmsi önəmli hadisədir.

Prezident İlham Əliyev: “Azad edilmiş ərazilərdə infrastruktur layihələri bir nömrəli prioritetdir və ümidvaram ki, bir çox Çin şirkəti bizimlə çalışmaq arzusunda olacaq”

Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirə zamanı Prezident İlham Əliyev Çinlə ikitərəfli münasibətlərə böyük önəm verdiyini bildirib və qeyd edib ki, Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünü ictimai şəkildə dəstəkləyən birinci ölkələrdən olub: “Qeyd edim ki, Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünü ictimai şəkildə dəstəkləyən birinci ölkələrdən olub və biz artıq həmin təşəbbüsün fəal iştirakçısına çevrilmişik. Bu da, öz növbəsində, münasibətlərimizdə yeni bir istiqamət yaradır. Mən bir neçə dəfə Çində səfərdə olmuşam və Prezident Si Cinpinlə bir sıra görüşlər keçirmək imkanım olub. Hesab edirəm ki, aramızda konstruktiv dostluq münasibətləri var. Çinə son səfərim zamanı Pekində Prezidentlə görüşümdə o, məni ictimai şəkildə Çinin dostu adlandırdı. Düşünürəm ki, bu, bizim münasibətlərimizin bariz göstəricisidir və biz də Prezident Si Cinpini Azərbaycanın dostu hesab edirik”.

Azərbaycan Prezidenti Si Cinpinə Azərbaycanın “Sinovak” peyvəndi ilə təmin olunmasında göstərdiyi dəstəyinə görə təşəkkürünü də bildirib: «Bizim istəyimiz dərhal yerinə yetirildi və məhz buna görə bu gün Azərbaycan pandemiya ilə mübarizədə öndə gedən ölkələrdəndir. Bunun sayəsində bu gün biz 1,9 milyon insanı peyvənd etməyə müvəffəq olmuşuq. Bu, bizim ümumi əhalimizin təqribən 20 faizini təşkil edir və istifadə olunan peyvəndlər 99,99 faiz Çin istehsalıdır. Biz milyonlarla vaksin sifariş etmişik, o cümlədən digər istehsalçılardan. Lakin bu gün həmin o dostluq jesti olmasaydı, biz çox çətin vəziyyətdə qala bilərdik. Biz bunu dostluq jesti, yaxın və səmimi münasibətlərin göstəricisi olaraq çox yüksək qiymətləndiririk».

Prezident İlham Əliyev azad olunan ərazilərdə yenidənqurma işlərinə cəlb edilən beş ölkədən şirkətlər sırasında Çin şirkətinin də olduğunu deyib: «Bu yaxınlarda başladığımız “ağıllı kənd” layihəsi çərçivəsində Çinin “Huawey” şirkəti öz texnologiyasını təqdim edəcək. Biz azad olunan ərazilərdə yenidənqurma işlərində Çin şirkətlərinin daha geniş şəkildə iştirakını arzulayırıq. Nəhəng potensialın olduğu sahələr haqqında danışarkən sizin də düzgün qeyd etdiyiniz kimi, nəqliyyat sahəsinin birinci yerdə durduğunu düşünürəm. Bu gün biz bir çox Çin şirkətlərinə tranzit imkanlarımızı təqdim edirik. Həmin şirkətlər orta dəhlizdən istifadə edərək Xəzər dənizi vasitəsilə Azərbaycandan keçərək Avropaya yüklərini nəql edir. Yəni, bu marşrutun böyük potensialı var. Çin şirkətləri bizim enerji sektoruna sərmayə yatıranlardandır. Hesab edirik ki, enerji sektorumuzda Çin şirkətləri daha da geniş təmsil oluna bilər. Azad edilmiş ərazilərdə infrastruktur layihələri bir nömrəli prioritetdir və ümidvaram ki, bir çox Çin şirkəti bizimlə çalışmaq arzusunda olacaq».

Bir sözlə, yüksələn xətt üzrə inkişaf edən Azərbaycan ilə Çin arasında dostluq və tərəfdaşlıq münasibətləri yaxşı perspektivlərə malik olmaqla, gələcəkdə hər iki xalqın tərəqqisi və rifahı naminə uğurla inkişaf edəcək, daha da güclənəcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə