Azərbaycan Sosial Rifah Partiyası bəyanat yayıb

Azərbaycan Sosial Rifah Partiyası Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb. Bu barədə SİA-ya partiya sədri Əsli Kazımova məlumat verib.
Məlumatda 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən XX əsrin ən böyük bəşəri cinayətlərindən sayılan Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan Sosial Rifah Partiyasının bəyanatının mətni də yer alır və SİA həmin bəyənatı olduğu kimi təqdim edir.
"29 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridilərək yerli əhali xüsusi qəddarlıqla qətlə yetirilib. Yandırılan şəhərdən xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinlər yollarda, meşələrdə pusqu qurularaq xüsusi amansızlıqla qətlə yetiriliblər. İnsanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən olan Xocalı Soyqırımı insan hüquq və azadlıqları konvensiyalarının, beynəlxalq hüququn kobudcasına pozulmasıdır. Bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. İnsanlıq adına qanlı bir ləkə olan bu cür qətliamların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatının qərarları çərçivəsində Xocalı soyqırımına layiq olduğu diqqəti verməsi və lazımi reaksiya göstərməsinin vacib olduğunu bir daha vurğulayırıq. Bu haqlı davada həmrəyliyimizi ifadə edirərək, Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq məhkəmə qarşısına çıxarılmasına çağırırıq.
Vurğulamaq istəyirik ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Xocalıda baş verən qətliamın dünya miqyasında soyqırımı kimi tanıdılması istiqamətində mühüm işlər görülur. Bu uğurlu fəaliyyətin nəticəsidir ki, dünyanın bir çox dövlətləri, o cümlədən ABŞ-ın bir sıra ştatları bu soyqrımını tanyıb və ya onunla bağlı qətnamə qəbul edib. Eləcə də Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban xanım Əliyevanın bu yöndə fəaliyyəti xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il dünyanın bir çox dövlətlərində anım tədbirləri keçirilir, insanlığa qarşı olan bu qətliam beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır".
Bəyanatda həmçinin bildirilir ki, Ermənistan tərəfindən insanlıq əleyhinə törədilmiş bu dəhşətli cinayət 1949-cu il Cenevrə Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır və dünya birliyi bu ədalətsizliyə göz yummamalıdır. Hər bir beynəlxalq təşkilat Xocalı soyqrımını Xolokost, Lidiçe, Srebrenitsa qətliamları kimi tanımalı və onun günahkarlarının ədalət mühakiməsi qarşısında məsuliyyət daşımasını təmin etməlidir. Xüsusi qeyd etmək lazımdır ki, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən 44 günlük Vətən müharibəsində əlddə etdiyimiz möhtəşəm zəfər ölkəmizin ərazi bütövlüuyünü təmin edib. Bununla belə, Azərbaycan ictimaiyyəti heç bir zaman Xocalı faciəsini unutmayacaq, bu soyqırımının dünyada tanınması üçün səfərbər olacaq. Cinayəti törətmiş şəxslərin beynəlxalq ədalət mühakiməsinə çağırılmaması isə bu məsələyə beynəlxalq aləmin ikildi standartlardan yanaşmasının göstəricisidir. Dünya ictimaiyyəti anlamalıdır ki, Xocalı soyqırımına adekvat reaksiya verməməklə, yeni soyqrımlara imza atmış olacaqlar.
Partiyanın verdiyi məlumata görə, bəyanat 15 dən çox beynəlxalq təşkilatalara ünvanlanmışdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...