“Nikol reallığımızın lakmus sınağı oldu və dövlət, cəmiyyət olmadığımızı göstərdi” Mikael Minasyan

“Paşinyan Şuşanın Azərbaycan şəhəri olduğunu söyləməsindən sonra, bir vaxt Şuşada döyüşənlər, komandirlər hələ də susurlar.” SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan öz Facebook səhifəsində yazıb.
O öz səhifəsində Paşanyan Şuşanın Azərbaycan şəhəri olduğunu söyləməsindən qıcıqlandığını gizlətməyib.
“Nikolun Şuşa haqqında bu cür sözlər danışmasından, bu şəhərin Azərbaycana məxsus olmasını etiraf etməsindən bir sutka ötüb. Amma deyəsən, nifrət və təəccüb belə keçib gedib və hər şey sanki unudulub. Razılaşın ki, Nikol Şuşanın ermənilərin əlindən getməsini həzm edibsə, Şuşanın tarixini etiraf etməsi də gözləniləndir. Erməni baş nazirin belə etirafları ilk dəfə deyil, Paşinyan parlament tribunasından da belə etiraflar az etməyib. Bir az çox, bir az daha az olmaqla həmişə bunu edib. Məni maraqlandırır ki, Paşinyanın Şuşanın Azərbaycan şəhəri olması barədə dedikləri niyə reaksiya doğurmadı? Ermənistanın baş nazirinin Şuşanın bir Azərbaycan şəhəri olması barədə açıqlamasına reaksiya belə olmadı. Heç bir tarixçi reaksiya göstərmədi, Milli Elmlər Akademiyası Tarix İnstitutu susdu. Təhsil aldığım Puşkin məktəbinin tarix müəllimləri susurlar. Tədqiqatçılar susur. Erməni xalqının tarixinin yeni təfsiri ilə razılaşdıqlarına görəmi hamı susur?
Nikol reallığımızın lakmus sınağı oldu. Nikolun vəhşi çıxışları, gücün ən ibtidai göstəriciləridir ki, bu da əslində, dövlətimizin olmadığını, siyasi sahə və ciddi cəmiyyət olmadığımızı göstərir”, deyə Mikael Minasyan etiraf edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə