Rasim Musabəyov nə demək istəyir?

Deputatın fikirləri xalqı hiddətləndirdi

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın NTV kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı müsahibə verərkən,Türkiyə Ordusunun Dağlıq Qarabağa gəlməməli olduğunu və əks təqdirdə bunun regiondakı təhlükəsizliyə xələl gətirə biləcəyini qeyd edib. SİA xəbər verir ki, onun bu fikirləri ictimai rəydə, eləcə də KİV-lərdə hiddət doğurub. Belə ki, Qarabağdakı 44 günlük zəfər yürüşümüz zamanı qardaş dövlət olaraq Türkiyənin ölkəmizə göstərdiyi nəhəng hərbi-siyasi dəstək xalqımızın qələbə ruhumuzu daha da möhkəmləndirdi.

Eynulla Fətullayev: "Çox yaramaz adamdır, həmişə yazıb demişəm”

Digər tərəfdən, Türkiyə dövləti başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla davam edən proseslərdə hər zaman Azərbaycanın yanında olduğunu müxtəlif ali tribunalardan bəyan etməkdədir. Bu mənada, bəzi politoloqların, siyasət və ictimaiyyət adamlarının belə həssas məsələlərdə yanlış mövqe sərgiləmələri hiddət doğurmaya bilməz. Məhz Rasim Musabəyovun sözügedən müsahibəsi də ictimai rəydə, eləcə də sosial şəbəkələrdə söz-söhbətə, narazılığa və hiddətə səbəb olub.

Bu arada, onun Rusiya kanalına verdiyi müsahibəsindəki fikirlərinə haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev də facebook səhifəsində etirazını bildirib.

"Deputat Rasim Musabəyov Türk qoşunlarının Azərbaycanda sülhməramlı əməliyyatlarda iştirakının əleyhinə çıxdı. Çox yaramaz adamdır, həmişə yazıb demişəm”, yazan jurnalist deputat və politoloqun belə bir həssas məqamda bu cür düşüncəyə sahib olmasının doğru olmadığını bildirib.

"Belə boş-boş məsələlərə görə məni narahat etməyin”, deyən deputat dediyinin üzərində dayanır?

Maraqlıdır ki, deputatın özü verdiyi müsahibəsində dediyi fikirləri "xatırlamayaraq", saytlardan birinə (mediapost) deyib ki, həmin müsahibəni görməyib və oxumayıb.

"Məndən əl çəkin. Heç özüm o müsahibəni görməmişəm, oxumamışam", deyən Musabəyov hətta bu dəfə də Türkiyə hərbi kontingentinin Azərbaycana gəlməsi məsələsini "boş-boş şeylər" adlandırıb. O, "Belə boş-boş məsələlərə görə məni narahat etməyin”, deyə açıqlamasında deyib.

Ancaq buradan digər bir maraqlı məqam da üzə çıxır. Məsələ ondadır ki, Rusiya sülhməramlıları ilə yanaşı,Türkiyə hərbi kontingentinin də sülhməramlı missiyasında yer almasına Azərbaycan tərəfi təşəbbüs göstərib və buna birmənalı razılıq verib. Xüsusilə, Azərbaycan xalqı və dövləti bu məsələnin tezliklə reallaşdırılmasında maraqlı olduğunu nümayiş etdirdiyi halda, Rasim Musabəyovun qeyri-ciddi fikirlərində qalması suallar doğurmaqdadır. Təəssüf ki, uzun illər parlamentdə oturub heç bir iş görməyən deputatın fikirləri ciddi şəkildə araşdırılmayıb və onun səhv düşüncədə olmasına qəti və sərt reaksiyalar göstərilməyib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...