Dr.Zöhrə Əliyeva: "Məktubuma Makronun komandasından cavab gəlib" - EKSKLÜZİV

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr söbəsinin müdiri Dr. Zöhrə Əliyeva Fransa prezidenti Emmanuel Makrona açıq məktub ünvanlayıb. Məktubda vacib nüanslara toxunan Zöhrə Əliyeva SİA-ya açıqlamasında digər məqamlar barədə da danışıb.

Z.Əliyevanın sözlərinə görə, bu məktubun ərəb dilində olan variantı Misirə göndərilib: "Misirin dövlət portalında nəşr olunub. Məktub nəşr olunan gün İordaniyadan, Əlcəzairdən, Türkiyədən zənglər gəldi və bildirdilər ki, bu çox cəsarət tələb edən bir məktubdur".

O, söyləyib ki, bu məktubu cənab Makrona ünvanlaya bilmək üçün bir çox araşdırmalar etdim və nəhayət tapa bildim: "SƏS qəzetində dərc olunan məqaləni qısaldaraq 300 ilə yaxın Fransa-Azərbaycan əlaqələrindən bəhs olunan əlavələrimi etdim və məktubu göndərdim".

Z.Əliyeva vurğulayıb ki, məktuba Makronun komandasından cavab gəlib. Bildirilib ki, sizin ünvanladığınız məktub çox diqqətlə oxunacaq, Prezident və onu kabineti məlumatlandırılacaq: "Ən qısa müddətdə məktuba cavab göndəriləcək. Həmin cavab müvafiq saytda və sosial şəbəkələrdə yayımlanacaq".

Həmin məktubu təqdim edirik:

Mən ittiham edirəm

Fransa prezidenti Emmanuel Makrona açıq məktub.

Cənab Prezident!

29 oktyabr tarixində Nitsa şəhərində baş vermiş hücum nəticəsində 3 nəfərin həlak olması ilə əlaqədar cümlə fransız xalqına yaşadıgım kədər hissini ifadə edirəm. Bu kədər hissi Xocalı soyqırımını yaşamış biz azərbaycanlılara cox yaxından tanışdır.

Bu gün Azərbaycan ordusu 30 il öncə Ermənistan tərəfindən zəbt edilmiş ərazilərini oyuncaq DQR quldurlarından üz-üzə, döyüş meydanında azad etməkdə ikən, Ermənistan ərazisindən xaincəsinə atılan ağır döyüş mərmiləri, cəbhə xəttindən xeyli kənarda yerləşən və heç bir hərbi infrastrukturun yer almadığı Gəncə, Bərdə, Tərtər və digər Azərbaycan ərazilərində xeyli sayda insan tələfətına və çoxsalı dağıntılara səbəb olub.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Pyer Alan Fridez mülki bölgələrə raket zərbələrini dayandırmağa çağırış edərək “Mülki bölgələrə raket zərbələri dayandırılmalıdır. Azərbaycan şəhəri Bərdəyə zərbələrin endirilməsi, 21 nəfərin həlak olması fəlakətdir", deyə bilib.

Cənab Makron, siz Nitsada baş vermiş hadisəyə “islam terrorizmi” adı vermisiniz. Elə isə həmsədri olduğunuz ATƏT-in adından, Azərbaycanın dinc əhalisini, qadınları, məktəbli uşaqları hədəfə götürmüş və qətlə yetirmiş, Hitlerin faşist rejiminə nökərçilik etmiş Njdeyə heykəl ucaltmış bu günkü erməni faşizminə də mühasib bir ad qoymagınız ədalətli olardı.

Sizin “Fransa müsəlman dövlətləri ilə mübahisədə öz dəyərlərindən əl çəkməyəcəkdir” şüarınızdan sonra, məhkəmə qərarı ilə Parisin ətrafında yerləşən "Panten" məscidi "ekstremist baxışları yaymaqda və fransız müəllim Samuel Patinin qətlinə gətirib çıxaran mövqeləri himayə etmək"də ittiham edilərək qapadılıb.

XVIII əsrdə, fransız maarifçiliyi dövründə, Avropa dedikdə hər kəs Parisi, Volterin, Russonun, Didronun, Dümanın dünyaya tanıtdıgı Fransanı düşünürdü.

Azərbaycan inteligensiyasının görkəmli nümayəndələri Şahtaxtinski, Hacinski, Abbas Səhhət, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Agayev və digərləri Fransada yaşamış və orada təhsil almışlar. Böyuk dramaturq M.F.Axundzadə “Azərbaycan Molyeri” adlandırılmışdır, onun əsərləri fransız dilində, fransanın teatr səhnələrində dəfələrlə nümayiş etdirilmişdir. 1920-ci ilin yanvar ayında keçirilən Paris sülh konfransında Azərbaycan Demokratik Respublikasını, Daglıq Qarabağın da daxil oldugu sərhədləri daxilində, İngiltərə və ABŞ ilə yanaşı tanıyan ilk üç dövlətdən birincisi Klemonsonun rəhbərlik etdiyi Fransa hökumətı olub.

Azərbaycanda tarixən İslam dini ilə yanaşı digər dinlərə qarşı da həmişə diqqət və qayğı mövsud olmuşdur. Digər dinlərə hörmətlə yanaşmaq bizim mədəniyyətimizin qayəsidir. Tarixən Azərbaycanda dini icmalar – müsəlman məscidləri, pravoslav, katolik, alban kilsələri, yəhudi sinaqoqları fəaliyyət göstərmişlər və bu gün də öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirməkdədirlər. Azərbaycan Prezidentin müvafiq fərmanı 2014-cü ildə ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Ölkədə son illər keçirilmiş Dünya Dini Liderlərinin konfransları, “Bakı prosesi” adlanan Multikulturalizm forumları mövcud olan tolerantlıq mühitinin bariz nümunələridir.

Müsəlmanlar, İslamın erkən çağlarından etibarən fərqli dinlərə mənsub insanlarla bir arada yaşama təcrübəsinə sahib olmuşlar. İslamın müqəddəs kitabı “Qurani-Kərim”in açıq-aşkar dilə gətirdiyi “Dində məcburiyyət yoxdur” hökmü, başqa dinlərə mənsub olan insanlarla münasibətlərin sülh çərçivəsində həyata keçməsinə zəmin yaradıb.

Cənab Prezident!

Nitsada baş vermiş faciənin əsası Şarlı Ebdoda qoyulmuşdur. Avropa liderləri ilə qol-qola girərək, “Hamımız Şarli Ebdoyuq” nümayişi keçirməkdənsə, İslam dünyasının müqəddəsi, Peygəmbər əfəndimiz Məhəmməd əleyhissəlama (s.ə.s) eybəcər karikaturalar tirajlayan kəslərə vaxtında bu sayaq hərəkətlərin yolverilməzliyi anladılsaydı, bu hərəkətlərin xalqlar və dinlər arasındakı münasibətlərə xələl gətirdiyi bildirilsəydi günümüzdə yaşanan Nitsa faciəsi baş verməzdi.

Cənab President! 2016-cı ildə, Bakıda yerləşən Fransa səfirliyində, mən Fransa dövlətinin “Akademik Palmalar” ordeni ilə təltif edilmişəm. Mən bu şərəfə fransız mədəniyyətini, fransız dilini, fransız maarifçilərini öz həmvətənlərimə yaxından tanıtdıgıma və təblig etdiyimə görə layiq görülmüşəm.

Mənə ordeni Siz verməmisiniz, bu fransız xalqının əməyimə verdiyi qiymətdir. Lakin, Liviyada, ATƏT-in Minsk qrupunun tərkibində və Ağdənizin şərqində yürütdüyünüz yarıtmaz, millətçi, davakar və antiislam siyasəti mənə həmin ordendən imtina etmək fikri aşılayır.

Sizin bu gün yürütdüyünüz anti-islam siyasəti məni fransızları, fransız xalqını sevməkdən heç bir vəchlə daşındıra bilməz. Hər bir insan kimi siz də müvəqqətisiniz, faşist rejimi ilə əməkdaşlıq etmiş Peten kimi, hazırda prezidentlik fəaliyyəti Fransa məhkəməsində araşdırılan Sarkozi kimi, fəqət Azərbaycan - Fransa xalqlarının dostlugu zaman fövqundədir.

İki böyük xalq arasındakı mədəni dostluq əlaqələri, zaman-zaman cılız siyasətçilərin təcavüzünə məruz qalsa da heç nə itirməz, sarsılmaz, əksinə bu sayaq sınaqlardan daha güclü çıxar.

Dr. Zöhrə Əliyeva,
Azərbaycan Milli Elmlər Akademiyası
Fəlsəfə və sosiologiya institutu
Beynəlxalq əlaqələr söbəsinin müdiri

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə