Dünya Azərbaycanın müharibənin nəticələrini aradan qaldırmaq istəyini anlayır - ŞƏRH ÖZƏL

"Dağlıq Qarabağ probleminin bütün tarixi boyunca biz ilk dəfə olaraq münaqişə tərəflərindən heç birinin indiki vəziyyətlə razı olmadığı bir məqamla rastlaşmışıq. Azərbaycanın təcavüzə məruz qalmış tərəf olaraq Qarabağ probleminin həll olmamış indiki vəziyyətindən narazı qalması yeni bir təzahür deyil. 1988-ci ildən indiyə qədər Azərbaycan Qarabağ probleminin həll olunmaz durumundan narazılığını ifadə edir və bunun üçün çox ciddi əsaslara malikdir. Status-kvo dəyişməyənədək də bu narazılıq davam edəcək. Çünki ölkəmiz ərazisinin 20 faizini xarici təcavüz və müdaxilə nəticəsində itirdiyinə görə, ərazilərinin və insanlarının itkisi ilə heç cür barışa bilməz". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Ermənistanın Qarabağ probleminin indiki durumundan narazı olmasının özünə məxsus motivləri var: "Ola bilsin ki, Ermənistan müəyyən dövrlərdə mövcud olan status-kvodan razı olub, amma bu gün hətta Ermənistanın özünün də Qarabağ probleminin indiki durumundan razı qalmadığını sezmək mümkündür ki, bu da indiki hakimiyyətin siyasi konsepsiyası ilə əlaqədardır. Ermənistanın hazırki hakimiyyəti Qarabağ probleminin indiki durumundan ona görə narazıdır ki, ölkədə onlara qarşı böyük narazılıqlar var. Hakimiyyətə böyük hay-küylə və şüarlarla gəlsələr də heç bir problemi həll edə bilməyiblər. Üstəlik də davam edən müharibə və təcavüz siyasəti nəticəsində Ermənistanın dövlət büdcəsi daxildə sosial iqtisadi tələbləri heç minimum səviyyədə qarşılaya bilmədiyi üçün əhali arasında çox böyük narazılıqlar baş qaldırır. Belə şəraitdə Ermənistan hakimiyyətinin qarşısında iki yol qalır. Hansıki, bu yolların hər ikisinin mahiyyətində Qarabağ probleminin indiki durumundan narazılıq motivləri var".

Ekspert bidirib ki, Ermənistan hakimiyyətinin qarşısındakı o yolların biri nəyin bahasına olursa olsun, Qarabağ problemində indiki status-kvonun beynəlxalq tanınmasına nail olmaqdan ibarətdir: "Əlbəttə bu fantastik bir məqsəddir, çünki dünya Qarabağ probleminin indiki status-kvosunun qanuniliyini heç vaxt tanıya, Dağlıq Qarabağın müstəqil subyektliyini heç vaxt qəbul edə bilməz. Bütün bunlara baxmayaraq Ermənistan buna cəhd edir, çünki bu yolda hakimiyyəti müəyyən qədər uzatmaq perspektivləri var. Ermənistan hakimiyyəti üçün indiki status-kvonun qanuniliyini dünya miqyasında qəbul etdirmək perspektivsiz olsa da, hakimiyyət bu siyasi yolla gedir. Çünki bu yolda öz faydalarını güdür. Ermənistan hakimiyyəti üçün ikinci əsas yol isə ölkədə xalqın nəzər və diqqətini daxili problemlərdən yayındırmaq üçün Azərbaycanla sərhədlərdə və təmas xəttində daimi gərginlik və müharibə vəziyyətini saxlamaqdır. Son aylarda Ermənistanın sərhəd bölgələrdə və təmas xəttində sabitliyin yaranmasına imkan verməməsi və davamlı gərginlik yaratmaq siyasəti məhz bu məqsəddən irəli gəlir".

A.Quliyev vurğulayıb ki, Azərbaycan Prezidentinin ölkə televiziyalarına verdiyi müsahibədə və BMT-nin onlayn konfransında etdiyi çıxışlar qəti şəkildə deməyə əsas verir ki, Ermənistanın bu gün Qarabağ siyasəti ilə bağlı perspektivsiz konsepsiyasını ifşa etmək baxımından Azərbaycanın atdığı addımlar olduqca əhəmiyyətli və təsirlidir: "Artıq Azərbaycan dünyanın özünü elə bir həddə gətirib çıxarıb ki, dünya həm Ermənistanın işğalın nəticələrini tanıtmaq siyasətinin ədalətsiz olduğunu anlayır, həm də Ermənistanın öz maraqları naminə bu gün sərhədlərdə müharibə vəziyyətini davamlı şəkildə uzatmaq siyasətinin mahiyyətini tamamilə bilir. Bu şəraitdə dünyanın Azərbaycanın özünü müdafiə etməyə haqqının olduğunu dərk etməsi bizim üçün çox müsbət bir haldır. Çünki dünya dərk edir ki, Azərbaycan bu problemi həll etmək üçün müharibə üsulundan istifadə etməyə hüququ çatır. Eyni zamanda Azərbaycan beynəlxalq arenanı inandıra bilib ki, Ermənistan təcavüz nəticəsində torpaqlarımızın böyük bir hissəsini işğal etsə də, buna qane olmur və yeni təcavüzkar müharibələrə hazırlaşır. Belə şəraitdə həm dünya indiyə qədər Azərbaycanın məruz qaldığı təcavüzkar müharibələrin nəticələrini aradan qaldırmaq istəyini, həm də yeni mühaibə təhlükəsinin qarşısının alınması üçün müharibə haqqına malik olduğunu tam şəkildə anlayır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...