Sabiq baş nazir Paşinyanın 30 il həbs yatacağı anonsunu verdi Xalqı ölümə sürükləyir

Qrant Baqratyan: “Pandemiya kütləvi erməni qırğınına gətirib-çıxaracaq, real ölüm halları artıq 1000 nəfəri keçib, yüzlərlə ölümlər isə qeydiyyata alınmayıb, bu, bir soyqırımıdır!”

“Nikol Paşinyan hakimiyyətə inqilab yolu ilə deyil, çevriliş vasitəsi ilə gəlib”. SİA xəbər verir ki, bu sözləri Ermənistanın “ArmNews” telekanalında efirə gedən “Günün sualı” verlişində ölkənin sabiq baş naziri Qrant Baqratyan deyib. Onun sözlərinə görə inqilab dəyərlərin dəyişdirilməsidir, lakin mövcud idarəçiliyin keyfiyyəti təhlükə saçır, ölkə günü-gündən geriyə addımlayır.

“Yerevanda bir dənə küçə olsun belə yuyulmur”

“Baş nazir başda olmaqla komendant və rüsvayçı səhiyyə naziri ölkədə uğursuz idarəçilik edirlər. Epidemiya bundan sonra 5-6 il qalacaq, qışda o yenidən başını qaldıracaq”, deyən sabiq erməni baş nazir bildirib ki, Ermənistanda çox zəif “lokdaun” həyata keçirilib, karantin isə ümumiyyətlə olmayıb: “Ödəmələri yalnız telefonlar vasitəsi ilə etmək lazımdır, şəxsi təmasları daha çox məhdudlaşdırmaq lazımdır, pullar bu gün virusun daha çox yayılmasına şərait yaradır. Yerevanda bir dənə küçə olsun belə yuyulmur”.

“Bu gün Ermənistanda 700 min infeksiya daşıyıcısı var”

Baqratyanın sözlərinə görə, yalnız tibbi maskalar vasitəsi ilə virusun yayılmasının qarşısını almaq olmaz, hətta belə demək mümkündür ki, hakimiyyət maska biznesinə qoşulub və ondan səmərə götürür: “Bu gün Ermənistanda 700 min infeksiya daşıyıcısı var. Bizdə olan yoluxmalar karantin elan etməyən İsveç kimi ölkələrdən kifayət qədər çoxdur. Bizim ölkə yavaş-yavaş ölmək üzrədir, bu hökm artıq oxunub. Hətta hər kəs yoluxarsa belə, bu heç nəyi dəyişmir. Çünki yoluxanlar yenidən yoluxacaqlar, antitellər az fazilə yaranacaq. Sübut olunub ki, yoluxmadan sonra sağlıqla bağlı problemlər əmələ gəlir: diabet, ürək-damar probemləri...”

“Paşinyan özünün gələcək məhkəməsi barədə düşünür və onların 20-30 il həbs yatacaqları qaçılmaz olacaq”

Sabiq baş nazir əlavə edib ki, fövqəladə hal vəziyyətini uzatmağa ehtiyac yoxdur, bu vasitə olmadan da situasiyaya nəzarət etmək olar: “Fövqəladə halın elan edilməsinin hədəfi mitinqlərə qoyulan qadağa ilə bağlıdır. Əgər xalq əsl inqilab etmək istəyirsə, bu zaman onlar demokratik azadlıqlarını tələb etsinlər. Paşinyan populistdir, ona görə də bizim mübarizə fiaskoya uğrayır. Bizdə imkandan istifadə edərək, diktatorluq yolu tutmaq istəyirlər. Komendant Avinyan yalnız öz atasının biznesini irəlilətməkdədir, onlar konkurssuz testlər keçirir və maskalar alırlar”.

Qrant Baqratyanın sözlərinə görə, pandemiya kütləvi erməni qırğınına gətirib-çıxaracaq, real ölüm halları artıq 1000 nəfəri keçib, yüzlərlə ölümlər isə qeydiyyata alınmayıb: “Bu, bir soyqırımıdır. Əgər bizdə yoluxanların sayı dünyanın orta statistik göstəricisi kimi olsaydı bu zaman 5 000 xəstə qeydə alınardı, ancaq bizdə 30 000-dir. Paşinyan özünün gələcək məhkəməsi barədə düşünür və onların 20-30 il həbs yatacaqları qaçılmaz olacaq”.

“Pandemiyadan istifadə edib, necə öz hakimiyyətinin ömrünü uzatması barədə düşünür”

Ermənistanın sabiq baş naziri hesab edir ki, bu gün Ermənistanda anti-Rusiya maraqları mövcuddur və baş nazirin Moskvadakı parada getməməsinin səbəbləri də aydın deyil.

“Bir çox məmurlar anti-Rusiya bəyanatları ilə çıxış edirlər. Paşinyan pandemiyadan istifadə edib, necə öz hakimiyyətinin ömrünü uzatması barədə düşünür”, Baqratyan erməni telekanalındakı çıxışında bildirib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə