Nazir müavini Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş tədbirdə çıxış edib

Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini cənab Xələf Xələfovun Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş tədbirdə çıxışı.

Ermənistanın Azərbaycana qarşı təcavüzü artıq 30 ildən çoxdur ki, davam edir. Təcavüz nəticəsində Azərbaycanın ərazilərinin təxminən 20 faizi işğal edilmiş, 20000 soydaşımızın həyatına son qoyulmuş, 50000-dən çox insan yaralanmış və əlil olmuş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün qismində öz doğma yurdlarından didərgin düşmüşdür. Münaqişənin gedişində ən qanlı səhifələrdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərində Azərbaycan xalqına qarşı törətdiyi soyqırımdır. Bu gün həmin faciənin törədilməsindən 28 il keçir.

Xocalı soyqırımı nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla 613 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər girov götürülmüş və 150 nəfər itkin düşmüşdür. Göstərilən faktlar dünyanın aparıcı kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılmışdır.

Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında Xocalıda törədilmiş cinayətlər “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 1948-ci il Konvensiyasına uyğun olaraq soyqırım kimi qiymətləndirilmişdir. Milli Məclisin 24 fevral 1994-cü il tarixli “Xocalı soyqırımı günü haqqında” Qərarına əsasən 26 fevral tarixi Xocalı soyqırımı günü elan edilmişdir.

BMT Təhlükəsizlik Şurası da Azərbaycana qarşı qanunsuz güc tətbiq edilməsinə və onun ərazilərinin işğalına cavab olaraq 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrdə Azərbaycanda mülki əhaliyə qarşı hücumlar və əhalinin yaşadığı yerlərin bombalanması, kütləvi şəkildə mülki əhalinin məcburi köçkün halına düşməsi halları da daxil olmaqla beynəlxalq humanitar hüququn kütləvi şəkildə pozuntusu hallarını xüsusi olaraq qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilmiş əməlləri müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər olan xüsusilə ağır nəticələr doğuran əməllər kimi səciyyələndirmişdir. İslam Əməkdaşlığı Təşkilatı Xocalıda soyqırım törədilməsi faktını tanımış və bununla əlaqədar Ermənistanın məsuliyyətini tələb etmişdir.

Xocalıda törədilmiş bu mənfur cinayət xüsusi niyyətlə həyata keçirilmiş və həmin niyyət əhalini məhz azərbaycanlı olduğuna görə kütləvi şəkildə qətlə yetirməkdən ibarət olmuşdur. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən aparılmış müvafiq istintaq nəticəsində Xocalıda mülki əhaliyə qarşı soyqırım cinayətinin törədildiyi tam sübuta yetirilmişdir. Bu gün Azərbaycan Respublikası Xocalıda törədilmiş soyqırımı ilə əlaqədar ədalət mühakiməsinin həyata keçirilməsi üçün milli və beynəlxalq səylərini davam etdirir.

Münaqişənin gedişində Ermənistan tərəfindən törədilmiş beynəlxalq cinayətlər həm dövlət, həm də fərdi səviyyələrdə məsuliyyət doğurur:

Ermənistan, ölkəmizə qarşı təcavüz, eləcə də Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının pozulmasına görə dövlət səviyyəsində məsuliyyət daşıyır. Bu məsuliyyətə görə dünya birliyi Ermənistanı hüquqazidd əməllərini dayandırmağa, işğal edilmiş əraziləri qeyd-şərtsiz azad etməyə, münaqişənin ağır nəticələrini və vurulmuş ziyanı aradan qaldırmağa vadar etməlidir.

Bununla yanaşı, Xocalıda törədilmiş məlum cinayət əməlləri həmçinin onları törətmiş şəxslərin fərdi məsuliyyətini doğurur. Qeyd olunmalıdır ki, Ermənistanın bir çox yüksək vəzifəli şəxsləri və hərbi qulluqçuları, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin rəhbərləri Azərbaycan ərazilərinin işğalında və Azərbaycanlı mülki şəxslərə qarşı cinayətlərin törədilməsində şəxsən iştirak etmişlər. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, ... ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz [bu stereotipi] qıra bildik...”

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində, o cümlədən də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu cinayətlə bağlı müvafiq qərarlar qəbul edilmişdir. Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, İndoneziya, Peru, Panama, İordaniya, Sudan, Sloveniya, Honduras, Qvatemala, Cibuti, Paraqvay və Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanlarında Xocalı soyqırımını qınayan rəsmi sənədlər qəbul olunmuşdur.

Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətli ilə dərin iz qoymuş Xatın, Holokost, Ruanda və Srebrenitsa soyqırımları kimi ağır faciələrlə bir sırada dayanır. Həmin soyqırımlara münasibətdə dünya birliyinin səyləri nəticəsində hüquqi mexanizmlər vasitəsilə qiymət verilmiş, cinayət törətmiş şəxslər müvafiq tribunallar qarşısında mühakimə olunmuşlar.

Lakin, Xocalı soyqırımına bu günə qədər dünya birliyi tərəfindən tutarlı hüquqi qiymət verilməmişdir. Təəssüf ki, bu gün soyqırım cinayətinin aid olduğu universal yurisdiksiyanın tətbiqində siyasi konyukturalar üstünlük təşkil etməkdədir.

Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq ədalət mühakiməsinin həyata keçirilməsi, bu qanlı cinayəti törədən şəxslərə münasibətdə cinayət təqibinin davam etdirilməsi və onların məsuliyyətə cəlb edilərək beynəlxalq mexanizmlər vasitəsilə cəzalandırılması Azərbaycan xalqının mənəvi borcu və dövlətimizin qarşısında duran mühüm vəzifədir. Inanıram ki, Azərbaycan xalqının iradəsi ilə Xocalı soyqırımına münasibətdə ədalət zəfər çalacaqdır.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...