Siyavuş Novruzov: "Xalqın qarşısına çıxa bilməyənlər MSK-nın qarşısına çıxırlar"

"Bəzi radikallar əvvəlcədən seçki ilə bağlı "baykot" yolu tutaraq, sosial bazalarına inanmadıqları üçün seçkilərdə iştirakdan imtina etdilər. Sadəcə bəyanat verib, vaxtaşırı qarayaxma və böhtan dolu çıxşılarla bu prosesin yalnız formal iştirakçısı olmaq olar. Ciddi siyasi mübarizə və rəqabət aparmaq üçün isə sosial baza gərəkdir ki, bu da həmin qruplarda yoxdur. Belə olan halda, onların seçkidən sonra da nəticələr əleyhinə kampaniya aparmaq cəhdləri gözlənilən idi".

SİA xəbər verir ki, bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib. Bu gün bəzi radikal qrupların guya seçkilərin baş tutmaması ilə bağlı çağırışlar edərək xaos yaratmaq istədiyini deyən partiya funksioneri söyləyib ki, əslində onlar xalqın qarşısına çıxa bilmədikləri üçün cılız addımlar atmaq cəhdləri ilə özlərini sığortalamaq niyyətindədirlər.

S.Novruzov qeyd edib ki, heç bir nüfuzu olmayan radikalların seçkidən sonra atdıqları addımlar onların biabırçı məğlubiyyətini ortaya qoymuş olur: " İllərdir ki, etdikləri əməllərinə görə xalqın qarşısına çıxa bilməyənlər Mərkəzi Seçki Komissiyasının qarşısına çıxmağa cəhd edir. Xalq hər zaman olduğu kimi bu seçkidə də onlara öz yerini göstərdi. Onların piket çağırışı yalnız məğlubiyyətlərini sığortalamaq məqsədi daşıyır".

Bütün xəbərlər Facebook səhifəmizdə