Kamil Mirzəyev: “Ulu Öndər Heydər Əliyev əbədi olaraq xalqımızın qəlbində yaşayacaq” RƏY

“Bu gün Azərbaycanımızın günü-gündən çiçəklənməsinin, ictimai-siyasi sabitliyin, xalqımızın rifah halının daha da yaxşılaşmasının, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının, ümumiyyətlə, əldə edilən bütün uğurların təməlində Ümummilli Lider Heydər Əliyev tarixi siyasi-iqtisadi konsepsiyası və bu reallığı davam etdirən ölkə Prezidentimiz cənab İlham Əliyevin mütərəqqi siyasət faktoru dayanır”. SİA xəbər verir ki, bu fikirləri YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, əldə edilən uğur və inkişaf Ümummilli Liderimiz Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir: “Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə birinci gəlişi ilə ölkəmizin ən yeni tarixindən yeni bir tərəqqi mərhələsinin əsasını qoydusa, ikinci gəlişi ilə çətinliklə əldə etdiyimiz müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmlənməsinə şərait yaratdı. Məhz buna görə də, ömrünü xalqının yolunda şam kimi əridən Ulu Öndərimiz Heydər Əliyevi xalqımız sevib və əbədi olaraq sevəcək”.

Kamil Mirzəyev qeyd edib ki, bu gün Azərbaycan dövlətinin və xalqının qazandığı nə qədər nailiyyətlər varsa, bütün bunların müəllifi Heydər Əliyevdir. Belə ki, məhz Onun yürütdüyü uğurlu siyasət sayəsində bu gün ölkəmiz öz dinamik inkişaf yolunu tutub: “Bu gün Ulu Öndərimizin layiqli davamçısı, partiyamızın Sədri, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin uğur tandemi də bu reallığa söykənir. Həyata keçirilən çoxsaylı islahatların müsbət nəticələri də belə deməyə zəmin yaradır ki, cənab İlham Əliyev xalqının lideri olmaqla yanaşı, həm də Ulu Öndər Heydər Əliyev siyasətinin bariz təcəssümçüsüdür.

Ümumiyyətlə, Ulu Öndərin siyasi irsinin Azərbaycanda öyrənilməsi də ən vacib məsələlərdən biridir. Necə ki, bütün bəşəriyyətə böyük töhfələr vermiş böyük şəxsiyyətlərin tərcümeyi-halı, fəaliyyət istiqamətləri, həyata keçirilən işlər qiymətləndirilir və bunlar dünya ictimai fikrində həmişə öz təsirini göstərmiş olur”.

“Ötən il doğma xalqının etimadını qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin rəhbərliyi altında görülən işlər, xüsusilə Azərbaycanın müxtəlif nəhəng layihələrdə iştirakçı və təşəbbüskar kimi çıxış etməsi, dünyada söz sahibinə çevrilməsi faktı əyani şəkildə göstərir ki, Ulu Öndərimiz Heydər Əliyevin ideyaları yaşayır, yaşayacaq və bu ideyalar xalqın rifahını davamlı şəkildə təmin edəcək”, deyə bildirən YAP Biləsuvar rayon təşkilatının sədri sonda onu da bildirib ki, bütövlükdə, son 16 il ərzində müvəffəqiyyətlə davam etdirilən quruculuq işləri - siyasi, iqtisadi, sosial və s islahatlar Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafı, xalqın həyat səviyyəsinin yüksəldilməsi Heydər Əliyev şəxsiyyətinin unudulmaz xatirəsinə ən qiymətli hədiyyədir: “Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının qarşısında duran vəzifələri belə müəyyənləşdirmişdir. “Mənim bir məqsədim var - Azərbaycan xalqına xidmət etmək, Azərbaycanı möhkəmləndirmək, ölkəmizin dünyadakı mövqelərini gücləndirmək, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün iş görmək, Azərbaycanı müasir güclü ölkəyə çevirmək". Hər birimiz əminliklə vurğulaya bilərik ki, Ulu Öndər Heydər Əliyev əbədi olaraq xalqımızın qəlbində yaşayacaq, yaşadılacaq”.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...