“Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr başlayıb

Bu gün Milli Məclisdə “Qarabağ – Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr başlayıb. SİA xəbər verir ki, dinləmələrə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov sədrlik edib.

Səməd Seyidov ölkə başçısının “Valday” klubunda Dağlıq Qarabağla bağlı çıxışının əhəmiyyətindən söz açıb.
“Həmin çıxış bir daha göstərdi ki, biz hər şeyə qadirik. Baxmayaraq ki, qaçqın və məcburi köçkün problemi ilə üzləşmişik. Bununla bərabər yüksək səviyyədə mövqeyimizi müdafiə edə bilirik”, deyə komitə sədri bildirib.
Tədbirdə Qarabağ icmasının rəhbəri Tural Gəncəliyev də çıxış edib və qeyd edib ki, Prezidentin öz çıxışında Ermənistanı ifşa etməsi hamı üçün örnəkdir.

“Biz Azərbaycan xalqı olaraq cənab prezidentin addımlarını özümüzə nümunə götürməliyik və ermənilərin ifşası üçün fəaliyyət göstərməliyik. Biz icmanın nüfuzunun beynəlxalq təşkilatlarda qaldırılması üçün fəaliyyət göstəririk. Eyni zamanda, ermənilərin saxta iddiasına, təxribat xarakterli bəyanatlarına cavab verməliyik. Bu bəyanatdan sonra əminik ki, biz tezliklə öz torpaqlarımıza qayıdacağıq. Biz Qarabağ icması olaraq xüsusilə informasiya müharibəsinin getdiyi bütün platformalarda mübarizəmizi davam etdiririk”, deyə icma rəhbəri diqqətə çatdırıb.

Digər çıxışçı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşı ölkənin ərazi bütövlüyü ilə bağlı fikirlərini bildirməlidir.
“Azərbaycan xalqı heç vaxt geriyə addım atmayacaq. Azərbaycan xalqı cənab prezidentin mövqeyini, qətiyyətini bilir. Bizim diplomatiyamızın uğurunu bütün dünya görür. Məcburi köçkünlər üçün bütün lazımi şərait yaradılır. Onların yaşayış səviyyəsinin qaldırılması üçün mənzillər tikilir. Ancaq bununla yanaşı, hazırda elə vəziyyətdə yaşayan məcburi köçkünlərimiz də var ki, onlar üçün də lazımi şərait yaradılır. Bununla belə, komitəyə gələn hər bir məcburi köçkün Azərbaycanımızı bütöv görmək arzusundadır”, deyə komitə sədri vurğulayıb.

Milli Məclisdə “Qarabağ – Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr digər çıxışlarla davam etdirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə