Millət vəkili: "Bəzi nazirlik, komitə və idarə rəhbərləri özləri rüşvət alırlar"
"Bu gün Respublikamızda korrupsiya ilə bağlı geniş mübarizə işləri aparılır. Gizlətməli deyilik ki, bu gün bizim bəzi nazirlik, komitə və idarə rəhbərləri özləri rüşvət alırlar. Bu da Azərbaycanın iqtisadi cəhətdən irəli getməsinə mane olur və həmçinin vətəndaşlarımızın hüquqlarının nazirlik və komitə sədrləri səviyyəsində pozulmasına gətirib çıxarır". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Kamilə Əliyeva Milli Məclisin bugünki iclasında çıxışı zamanı deyib.
O bildirib ki, ən maraqlısı odur ki, bəzi nazirlər mətbuat vasitəsilə rüşvətxorluq üstündə bəzi əməkdaşların işdən azad olunmasını bəyan edir və bunun korrupsiyaya qarşı mübarizənin tərkib hissəsi kimi hesab edirlər. "Hansı qanunvericilikdə göstərilib ki, rüşvət alan məmurun cəzası yalnız işdən azad olunmaqdır? Əvvəla Cinayət Məcəlləsində rüşvətə qarşı mübarizə maddələri daha kəskindir. Həm də təklif edərdim ki, nazirlər və komitə sədrləri Milli Məclisdə deputatlar qarşısında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə və gələcəkdə görüləcək işlərlə bağlı hesabat versinlər. Adi tədbirlər korrupsiyaya qarşı mübarizə demək deyil",- deyə millət vəkili qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə