Məhkəmə tibbi ekspertizası süni süründürməçiliklərlə məşğuldur - ARAŞDIRMA

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası ölkə ictimaiyyəti tərəfindən böyük marağa səbəb olub. Məhz bu Komissiyanın iclasından sonra dövlət qurumlarında geniş kollegiya iclasları keçirilmiş qarşıya çıxan neqativ halların aradan qaldırılması, uyğunsuzluqlara yol verən işçilərin cəzalandırlması prosesləri həyata keçirilib. Eyni zamanda bu tədbirlərin davamlı olaraq həyata keçirilməsi şəffaflığın təmin edilməsi də başlacı amil kimi qiymətləndirilib. Digər bir tərəfdən isə cəmiyyət üzvləri, ictimaiyyətin müxtəlif nümayəndələri də bu cür məsələlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıblar. Çünki bu gün ölkəmizdə bütün sahələrdə uğurlar təmin edilir. Məhz bu böyük yüksəlişə kölgə salan neqativ halların isə heç bir halda mövcud olmasına göz yumulmur.

Redaksiyamıza korrupsiya faktı ilə bağlı maraqlı bir şikayət daxil olub. Şikayətdə vətəndaşlar vəfat etmiş ailə üzvlərinin cəsədinin məhkəmə tibbi ekspertizasının bir neçə gün qəsdən gecikdirildiyini və cəsədin tez qaytarılması üçün onlardan 600 manat rüşvət istənildiyini bildirirlər. Müraciətlə bağlı araşdırma apardıq və məsələyə aydınlıq gətirməyə çalışdıq.

Redaksiyamıza daxil olan müraciətdə qeyd olunur ki, Suraxanı rayon Zığ qəsəbəsinin sakini, 73 yaşlı Nəbiyev Mikayıl Nəbi oğlu 5 fevral 2011-ci il tarixdə vəfat edib. Sabahı gün - 6 fevralda yaxınları tərəfidnən yaşadıqları evin yaxınlığındakı dayanacağın arxasından tapılıb və ekspertizaya götürülüb. Cəsədin ailəsinə qaytarılması 1 gün gecikdirlib. Bütün həngamə isə bundan sonra başlayıb.

"Mərhumun ailə üzvləri meyitin qaytarılması üçün 600 manat rüşvət istənildiyini bildirirlər"

Bizə daxil olan müraciətdə deyilir ki, Mikayıl kişi bir müddət öncə həyat yoldaşını itirib və bu hadisədən bərk sarsılıb. Mərhum son günlərdə özünü pus hiss edirmiş. Fevralın 5-də axşam saatlarında evin yaxışlığında gəzişərkən qəflətən çalaya yıxılıb və dünyasını dəyişib. Mərhumun cənazəsi ölümün səbəblərini aydınlaşdırmaq üçün Səhiyyə Nazirliyinin tabeçiliyində olan Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin (MTEPAB) Suraxanı rayon şöbəsinə gətirilib. Lakin 2 gün keçməsinə baxmayaraq mərhumun cəsədi yaxınlarına qaytarılmayıb.

MTEPAB-ın rəisi Şahin Verdiyevə müraciət edən ailə üzvləri müxtəlif bəhanələrlə aldadılıb. Rəis gah ekspertizanın hələ keçirilmədiyini, gah Suraxanı rayon prokuroru Sərdar İmanovu gözlədiklərini deyərək meyiti təhvil verməkdən imtina edib. Mərhumun ailə üzvləri Şahin Verdiyevin onlardan meyitin qaytarılması üçün 600 manat rüşvət istədiyini bildirirlər.

Ümumiyyətlə, son vaxtlar belə hallarla çox qarşılaşırıq və redaksiyamıza vətəndaşlardan bir neçə dəfə bu cür şikayət daxil olub. Belə hallarda əsasən məkkəmə-tibbi ekspertizasında cəsədin yarılmaması üçün rüşvət alındığı idda edilir. Bəs belə hallar qanunda necə müəyyənləşdirilib? Öncə bu suala aydınlıq gətirməyə çalışdıq.

"Yaxınlarından pul almaq üçün ekspertizanı gecikdirirlər, ya da yarmamaq üçün rüşvət istəyirlər"

Tanınmış hüquqşünas Əlövsət Əliyevin sözlərinə görə, MTVAPB-nin vəzifəsi ölüm faktının səbəblərini araşdırmaqdır. Əgər mərhumun yaxınlarının onun öldürüldüyü haqda şübhəsi və iddiası varsa, ya da mərhumun öldürülməsi ilə bağlı prokurorluq tərəfindən cinayət işi açılırsa yalnız o zaman cəsədin ətraflı ekspertizadan keçirilməsinə ehtiyac yaranır.

Hüquqşünasın sözlərinə görə, çox zaman belə situasiyalarda mərhumun yaxınlarından pul almaq üçün cəsədin müayinəsini gecikdirirlər, ya da ümumiyyətlə cəsədin yarılmaması üçün rüşvət alırlar. Hüquqşünas qeyd edir ki, ekspertiza prosesində prokurorluq nümayəndəsinin və mərhumun yaxınlarının da iştirakı təmin olunmalıdır. Qeyd etdiyimiz hadisədə iddiaçı tərəf bildirir ki, MTEAPB-in Suraxanı rayon şöbəsinin rəisi prokurorluq nümayəndəsinin iştirakının gecikməsini bəhanə edərək cəsədin qaytarılmasını ləngidir.

"Cəsədlərin heç bir əsas olmadan Saxlanmasına heç kimin ixtiyarı yoxdur"

Məsələ ilə bağlı Suraxanı rayon prokurorluğu ilə əlaqə saxladıq. Rayon prokurorunun müavini Camal Abbasov bildirdi ki, prokurorluq nümayəndəsinin ekspertizada iştirakının gecikməsi mümkün deyil: "Bizim idarə ilə ekspertiza şəbəsinin arasında 15 metr məsafə var, bizə məlumat verilən kimi uzağı yarım saat ərzində müstənqimiz şöbədə olur və ekspertizada iştirak edir".

Prokuror müavinin sözlərinə görə, MTEPAB-ın şöbələrində cəsədlərin heç bir əsas olmadan saxlanması üçün heç kimin ixtiyarı yoxdur. "Yalnız istisna hallarda- məsələn, mərhumun cəsədi aşkar olunduqda və yaxınları bir neçə gün ərzində tapılmadıqda bir neçə gün morqda saxlana bilər. Hesab edirəm ki, bu cür hallar qanuna ziddir və vətəndaşlar belə vəziyyətlərdə prokurorluğa müraciət etsələr ciddi tədbir görülər".

Son vaxtlar bu kimi oxşar halların çoxalmasına və vətəndaşlardan rüşvət istəmə fatına gəldikdə isə, Camal Abbasov şikayətçi vətəndaşların prokurorluqla əlaqə saxlamasının və faktla bağlı araşdrma aparmaqda onlara yardım etməsinin vacib olduğunu dedi.

Cəsədin tibbi ekspertizadan keçirilməsi müddət və şərtləri qanunda necə müəyyən edilir?

Səhiyyə Nazirliyinin məsul şəxsləri də bu sualımıza cavab verə bilmədilər və məktubla rəsmi müraciət etməyi məsləhət gördülər. Nazirliyin məsul işçisi Şəfiyə xanımın sözlərinə görə, şikayətçi vətəndaşlar nazirliyin özün də müraciət edə bilərlər və tədbir görüləcək. Nazirlik işçisi qaynar xətt telefonuna (565 12 04) və veb-sayt vasitəsilə də müraciət etməyin mümkünlüyünü dedi. Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun I Fəsil, Maddə 22-də (Məhkəmə ekspertizasının aparılması) deyilir: - Təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun, hakimin qərarı və ya məhkəmənin qərardadı, habelə bu Qanunun 22-1-ci maddəsində nəzərdə tutulmuş müraciət məhkəmə ekspertizasının aparılması üçün əsas sayılır.

Məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizasının aparılması müddətləri Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə müvafiq olaraq müəyyən edilir. Uzun müddət müxtəlif instansiyalarla araşdırmağa çalışsaq da ekspertizanın konkret müddəti barədə dəqiq informasiya ala bilmədik.

"Meyit ləkələri şübhə doğururdu, ona görə də prokurorun iştirakı ilə sabahısı gün ekspertiza etdik"

Daha sonra şikayət olunan orqanla - MTEPAB-ın Suraxanı rayon şəbəsinin rəisi Şahin Verdiyevlə əlaqə saxladıq. Şöbə rəisi bildirdi ki, fevralın 5-də vəfat edən mərhumun meyiti ayın 6-da yaxınları tərəfindən kanalizasiya quyusunda tapılıb və təcili yardım maşını ilə morqa gətirilib: "Tərəfimizdən aparılan müayinə zamanı aşkar olundu ki, meyit ləkələri mərhumun bədəninin arxa tərəfindədir, halbuki onun yığıldığı vəziyyət üzüqoylu şəkildə olub və belə halda da tapılıb. Bu da şübhəli göründüyü üçün ətraflı ekspertiza aparılmasına ehtiyac var idi.

Həmin gecə rayon prokuroru Sərdar müəllimə də məlumat verilmişdi və o sabah ekspertizada şəxsən özünün də iştirak etmək istədiyini bildirdi. Biz də meyitin ekspertizasını sabaha (fevralın 7-ə) ə saxladıq. Bu gün də prokurorun iştirakı ilə baxış keçirilib və ekspertizadan sonra meyit ailə üzvlərinə təhvil verilib. Ölüm səbəbi xəstəlikdən olaraq müəyyən edilib".

Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyindən mətbauta hörmətsizlik nədən qaynaqlanır?

Qeyd edək ki, məsələ ilə bağlı MTEPAB-ın bir neçə telefonuna dəfələrlə zəng vurduq, amma rəis Şakir Musayevi tapmaq mümkün olmadı. Hətta Səhiyyə Nazirliyinin müraciət etdiyimiz rəsmiləri də Şakir müəllimin telefonlarına düşə bilmədilər. Nəhayət uzun sürən mübarizədən sonra Birliyin məsul şəxslərindən biri Ziya müəllimlə "danışmaq şərəfinə nail olduq".

Mədəni şəkildə və hörmətlə müraciət etməyimizə baxmayaraq Ziya müəllim bizimlə kobud danışdı və heç bir sualımıza cavab vermədi. Nəhayət ona qısa və konkret sual verdik: "Ekspertiza şöbəsində cəsədi bir neçə ay, ya da bir neçə il saxlamaq olarmı, bununla bağlı konkret müddət və şərt varmı?". Elə bu yerdə Ziya müəllim telefonun dəstəyini yerinə çırpdı və söhbət bitdi.

Qeyd edək ki, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi ilə bağlı dəfələrlə vətəndaşlar tərəfindən redaksiyamıza şikayətlər ünvanlanır. Həm düzgün ekspertizanın aparılmaması, həm meyidin vaxtında sahiblərinə qaytarılmaması ilə bağlı, həm də vəfat etmiş qadınların kişi ekspertləri tərəfindən müayinə edilməsi, bir sözlə süni süründürməçilik insanları daim narahat edir.

Araşdırmamız isə davam edəcək...

Bütün xəbərlər Facebook səhifəmizdə