Xanlar Hacıyev: “Güc strukturlarının birgə bəyanatı hüquqi tərəfdən suallar doğurur” - MÖVQE

"Hesab edirəm ki, Azərbaycanın məhkəmə sistemində və hüquq mühafizə orqanlarında çalışan bəzi şəxslər öz işlərində müəyyən çatışmazlıqları aradan qaldırmalıdırlar". SİA-nın xəbərinə görə, bunu Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Azərbaycandan olan hakim Xanlar Hacıyev deyib. Onun sözlərinə görə, məhkəmələr hüquq prinsiplərinə hörmət etməlidirlər. Eyni zamanda X.Hacıyev məhkəmələrdə biri birinə qarşı zidd qərarların verilməsi məsələsinə də aydınlıq gətirib: "Bizim ölkədə biri birinə qarşı zidd qərarların aradan qaldırılması istiqamətində işlər görülür. Yüksək məhkəmələrin Konstitusiya Məhkəməsinin və Apelyasiya məhkəməsinin qərarları dərc olmalıdır. Çünki vətəndaşlar bilməlidirlər ki, bunların işinə baxanda hansı məhkəmə hansı qərarları çıxartdı. Bu, hüquqa hörmət deməkdir, qanunların aliliyinə hörmət deməkdir".

 

Hüquq mühafizə orqanlarında mövcud olan bəzi neqativ hallara toxunan hakim deyir ki, güc strukturlarının birgə bəyanatı hüquqi tərəfdən suallar doğurur. Eyni zamanda neqativ halların içərisində hüquq mühafizə orqanlarının istintaqın gedişatı haqqında cəmiyyətə vermək istədikləri məlumatda da qeyri-müəyyənlik mövcuddur: "Bu məlumatı o, şəkildə verirlər ki, insana təsirlik məsələsinə artıq həll etmiş olurlar. Avropa məhkəməsi öz təcrübəsində heç vaxt çıxış etməyib ki, insanlar hər hansı bir cinayətin gedişatı ilə bağlı məlumatlandırılmalıdır. Ancaq həmin informasiyanın sözləri o cür yazılmalıdır ki, həmin insana təsirlik məsələsi əvvəldə həll olunmasın. Həmçinin ayrı-ayrı hüquq mühafizə orqanları birləşıb birgə bəyanat verirlər. Bu özü özlüyündə hüquqi tərəfdən suallar doğurur. Ona görə prosesual tərəfdən, konstitusiya baxışı tərəfdən hər bir hüquq mühafizə orqanın öz funksiyası var. Biri axtarışla məşğuldursa, digəri buna nəzarət edirsə bunların birləşib birgə məlumat verməsi suallar doğurur".

 

Daha sonra jurnalistlərin suallarını cavablandıran hakim Xanlar Hacıyev Azərbaycandan AİHM-nə edilən müraciətlərədə toxunub. O Avropa İnsan Haqları Məhkəməsinə müraciətlərin böyük hissəsinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz evlərindən didərgin düşmüş azərbaycanlı məcburi köçkünlər tərəfindən edildiyini bildirib:"Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə edilən müraciətlərin sayı həmişə dəyişir. Hazırda bu quruma Azərbaycandan edilən müraciətlərin sayı 1000-ə yaxındır. Digər müraciətlər isə hüquq-mühafizə orqanlarının işində yol verilən hüquq pozuntuları və məhkəmə sistemindəki prosedura qaydaları ilə əlaqədardır. Hazırda Avropa Məhkəməsinin Böyük Palatasında Azərbaycanla bağlı 50-yə yaxın iş var".

 

Avropa Məhkəməsinə edilən çoxsaylı müraciətlərin Azərbaycanın imicinə təsirinə gəldikdə isə Xanlar Hacıyev bildirib ki, bu qurum siyasi təşkilat deyil: "Ona görə burada dövlətin imicinə təsirdən söhbət gedə bilməz. Avropa İnsan Haqları Məhkəməsi hüquq sistemində olan pozuntularla bağlı məsələlərə baxılır".

Bütün xəbərlər Facebook səhifəmizdə