Konqresdə Dağlıq Qarabağ dinləmələri

Kristofer Smitin ermənipərəst mövqedə olması Helsinki Komissiyasında keçiriləcək dinləmələrin Azərbaycanın xeyrinə olacağına şübhələr yaradır

Sabah ABŞ Helsinki Komissiyası “Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu” mövzusunda növbəti müzakirələrə start verilir. Helsinki Komissiyasının daha əvvəl sərgilədiyi mövqe və onun hazırkı sədri, konqresmen Kristofer Smitin ermənipərəst mövqedə olması bu dinləmələrin Azərbaycanın xeyrinə olacağına şübhələr yaradır. Helsinki Yekun Aktının əsas prinsipləri olan bərabərlik, zor işlətməmək, dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq, mübahisənin dinc yolla həll olunması, insanların hüquq və azadlıqlarına hörmət, dövlətlər arasında əməkdaşlıq kimi müddəaları Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitənin bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməməsi münaqişənin həlli istiqamətində müsbət nəticə əldə olunacağı barədə düşünməyə belə əsas vermir.

Konqresdə Qarabağ münaqişəsinin müzakirəyə çıxarılmasında məqsəd güdülür

Azərbaycana qarşı “907-ci düzəliş”in müəlliflərindən və ABŞ-ın “erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarından biri olan ermənipərəst siyasətçi Konqresmen Kristofer Smitin sədrliyi ilə Helsinki Komissiyasında keçiriləcək növbəti dinləmələrdən Azərbaycan tərəfi heç bir müsbət nəticə gözləmir. Daha döğrusu, erməni lobbisinin çox böyük təsirə malik olduğu Konqresdə Qarabağ münaqişəsini müzakirəyə çıxarmaqla Helsinki Komissiyası ABŞ hökümətinin işğalçı Ermənistana başda hərbi və maliyyə dəstəyi olmaqla yardımlarını artırmaq məqsədi güdür. Maraqlıdır, Helsinki dinləmələri nədənsə qondarma erməni soyqırımı abidəsi önündə diz çökən ermənipərəst konqresmen Kristofer Smitin ABŞ Erməni Milli Komitəsi rəhbəri Aram Hampariyanla bu yaxınlarda görüşündən sonra baş tutmalı oldu. Görünür erməni lobbisinin növbəti sifarişi ilə Azərbaycana qarşı antitəbliğat maşınını işə salmağı qərara alan Smit Helsinki dinləmələrindən alət olaraq istifadə etməyə çalışır. Deyəsən bu ermənipərəst konqresmen bərk narahatçılıq keçirir və əslində bu narahatçılıq, yalnız tək onun özünün narahatçılığı deyil, eləcə də erməni lobbisinin təşviş içində olmasından xəbər verir. Əks halda komissiyanın məlumatlarında 2016-cı il aprel döyüşləri və itkilər barədə statistik göstəricilər xüsusi yer almazdı və görünür Azərbaycan Ordusunun hərbi-strateji üstünlüyünü anti-azərbaycan qüvvələr həzm edə bilmir.

Mübariz Əhmədoğlu: “Kristofer Smit ermənipərəstdir, ermənidən artıq ermənidir”

Azərbaycanın digər sahələrlə yanaşı hərbi gücünü və lazım gəldiyi təqdirdə heç bir xarici müdaxilə olmadan öz torpaqlarını işğalçı rejimdən azad etmək qüdrətində olduğunu dərk edən ermənipərəstlər çıxış yolunu dinləmələrdə görürlər. Amma Helsinki Komissiyası timsalında bu kimi dinləmələrin təşkilatçıları yaxşı başa düşməlidirlər ki, 2016-cı ilin aprel döyüşləri bir də təkrarlana bilər. Poitoloq Mübariz Əhmədoğlu “Səs” qəzetinə açıqlamasında Konqresədə mövzunun qoyuluşunun Azərbaycanın gücünün göstəricisi olduğunu bildirdi: “Bu müsbət halıdır. Amma təbii ki, o Kristofer Smit ermənipərəstdir, ermənidən artıq ermənidir. O. 2015-ci il də qondarma erməni soyqırımının 100 illiyi keçirilərkən gəlib abidə önündə diz çökdü. Yəni o qədər bu ermənipərəstdir. Təbii ki, o çalışacaq ki, mümkün qədər çox Azərbaycanın gücünün belə deyək ki, ziyanlı olması görüntüsü yaradılsın. Azərbaycanın artan gücünün təkcə Ermənistan üçün yox, ümumilikdə region üçün təhlükə olduğunu gostərsin. Çalışacaq ki, Azərbaycanı ABŞ-ın, eləcə də ABŞ vasitəsilə dünya ictimaiyyətinin gözündən salsın. İşin diqqət çəkən, ən maraqlı tərəfi bundan ibarətdir ki, əgər Azərbaycan kasıb, iqtisadi qüdrəti olmayan, müstəqil siyasət apara bilməyən dövlət olsaydı, heç o məsələ orda, o gündəliyə çıxmazdı. Azərbaycanın hərbi qüdrəti və aprel döyüşlərində uğuru olmasaydı, heç o məsələni müzakirəyə çıxartmazdılar da. Onlar istəyirlər ki, Azərbaycanın uğurları, iqtisadi, siyasi, hərbi gücünün ziyanlı olduğunu dünya birliyinə nümayiş etdirsinlər. Ancaq Azərbaycanın müstəqil siyasəti və müdirik, uzaqgörən Prezidenti olduğu üçün imkan verilməyəcək ki, Helsinki Komissiyasının keçirdiyi dinləmələr Azərbaycana elə də ciddi bir ziyan vursun. Ona görə yenə də deyirəm, Helsinki Komissiyasi kasıb, iqtisadi və hərbi qüdrəti olmayan Azrbaycana qarşı mübarizə aparmır. Aprel döyüşlərində qələbə çalmış, dünyanın maliyyə böhranı dövründə də valyuta ehtiyatını artıran, dünyada imici güclənən Azərbaycanla mübarizə aparır. Bax, mövzunun qoyuluşu da onu deyir. Bu baxımdan elə başa düşürəm ki, bizim ora dəvət olunan nümayəndələrimiz də Kristofer Smitə çox şeyi sübut edəcək.

Məlahət İbrahimqızı: “Bu gündə K. Smit Azərbaycanla bağlı qarayaxma kompaniyasında iştirak edir”

Millət vəkili Məlahət İbrahimqızı da o fikirdədir ki, bu kimi dinləmələrin, müzakirələrin formala xarakter daşıdığını bildirdi: “Bu gün bir çox beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlı müəyyən dinləmələr, müzakirələr keçirirlər. Əslində təşkilatların bəziləri tamamilə qərəzli təşkilatlardır, ermənipərəst qüvvələrdir, erməni lobbisi ilə əməkdaşlıq edən qüvvələrdir. Kristofer Smitin özü elə, ermənipərəsdir. Azərbaycan xalqı onu çox yaxşı tanıyır. O Azərbaycan cəmiyyətində mürtəce bir düzəlişin, sənədin qəbul olunmasında xidmətləri olan bir adam kimi tanınır. Bu gündə K. Smit Azərbaycanla bağlı qarayaxma kompaniyasında iştirak edir. Bu mənada onun təşəbbüsü və təklifi ilə müzakirələrə çıxarılan Qarabağın işğalı məsələsinin arxasında onun hər hansı bir yaxşı bir nəticə gözləmirəm. Kaş ki, mənim gözləntim yanlış olsun, amma mən Azərbaycana qarşı həmişə qərəzli mövqedə duran və o insanların iştirakı ilə keçirilən müzakirələrdən hər hansı bir müsbət nəticə gözləmirəm”.

Sual yaranır, Helsinki Komissiyası və ABŞ Konqresinin üzvləri bölgədə müharibə təhlükəsindən belə narahatdırlarsa, o zaman nəyə görə təəssübkeşliklə, hərbi və maliyyə dəstəyi ilə, yardımlarla təcavüzkarı daha da şirnikləndirir və bir daha bədxah əməllərə sövq edirlər? Torpaqları azad etmək üçün işğalçıya təzyiq etmək, qərar və qətnamələrin icrasini tələb etmək, lazım gəldikdə sanksiyalar tətbiq etmək əvəzinə işğala məruz qalmış ölkəni hədəfə almaq münaqişənin həllinə hesablanmamışdır və bu istiqamətdə fəaliyyət nə müharibə təhlükəsindən narahatçılığı ifadə edir, nə də yurd-yuvalarından didərgin düşmüş, təcavüzə məruz qalmış milyonlarla insanın hüquqlarının müdafiəsinə yonləndirilməmişdir. Aydın məsələdir ki, bu tip fəaliyyət yalnız Erməni maraqlarına və seperatçı qüvvələrin müdafiəsinə xidmət edir. Bütün bunlar isə öz növbəsində beynəlxalaq hüquq normalarına tamamilə ziddir və sözün əsl mənasında Azərbaycana qarşı yol verilmiş təfriqə və təxribatdır. Şübhəsiz ki, bu dinləmələrlə bağlı Azərbaycan tərəfi öz ciddi mövqeyini ortaya qoyacaq.

İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...