Asim Mollazadə: “Azərbaycanın Avroatlantik məkana inteqrasiyası İslam və Türk dünyasına müsbət təsir edəcək” - MÜNASİBƏT

"İnsanların həyat səviyyəsinin artırılması gələcəkdə Xəzər bölgəsində təhlükəsizliyin təmin olunmasında vacib rol oynayacaq və ümumilikdə qlobal miqyasda öz müsbət təsirini göstərəcək". SİA-nın məlumatına görə, bu fikirləri Demokratik İslahatlar Parityasının sədri Asim Mollazadə Brüsseldə keçirilmiş, Avropa Siyasət Mərkəzi ilə Transxəzər Platforması Təşkilatının birgə təşkil etdikləri Xəzər bölgəsinin təzlükəsizlik məsələlərinə həsr olunmuş beynəlxalq konfransda deyib.

 

"Xəzər regionunda təhlükəsizlik" mövzusunda məruzə edən millət vəkili vurğulayıb ki, həll olunmamış münaqişələr, həmçinin radikal separatçılıq və xarici hərbi bazalar region üçün böyük təhlükə törədir. Bölgəni gözləyən təhlükələrə strateji baxışını açıqlayan A.Mollazadə gələcəkdə terrorçu təşkilatların bölgədə inkişafa və sülhyaratmaya ciddi maneələr törədə biləcəyini ifayə edib. Onun fikrincə, gözlənilən təhlükələrdən qaçmaq üçün dünyanın nüfuzlu ölkə və təşkilatlarının Azərbaycanla sıx əməkdaşlığı vacibdir.

 

"Azərbaycana həyata keçirdiyi qlobal layihələrdə dəstək vermək lazımdır. Bu məsələlərdə insan amilinə arxalanmaq zəruridir. Bu gün dünyanın bir çox bölgələrində insan həyatının öz dəyərini itirdiyi bir vaxt terrorçu təşkilatlar insandan canlı bomba qismində istifadə edirlər" deyən millət vəkilinin sözlərinə görə, buna son qoymaq üçün insanların inkişafına, həyat səviyyəsinin yüksəldilməsinə diqqət artırılmalıdır.

 

A.Mollazadə "Yalnız bu bizə gözlənilən təhlükələrdən qaçmağa imkan verəcək. Bu strategiya nəinki Xəzər bölgəsində, həm də bütövlükdə dünyada sabitliyi möhkəmlətməyə imkan yaradacaq", deyə bildirib.

 

Bundan əlavə millət vəkili vurğulayıb ki, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası İslam və Türk dünyasına müsbət təsir edəcək. Bu, həmçinin, bölgədə sülh və sabitliyin bərqərar olmasına yardım göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...