Fazil Mustafa: "Diplomatik arenada səylərimiz gücləndirilməlidir" AÇIQLAMA

"Azərbaycan Prezidentinin həm ötən gün Nazirlər Kabinetinin müşavirəsində, həm də son günlər Ermənistanla bağlı səsləndirdiyi bəyanatlar bütövlükdə bölgədə bu ölkənin işğalçı siyasətinin ifşa edilməsi üzərində qurulub". Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkilinin sözlərinə görə, son günlər cəbhədə gedən hərbi əməliyyatlardan sonra artıq diplomatik arenada da səylərimiz gücləndirilməlidir: "Ötən gün Ölkə başçısının Nazirlər Kabinetinin iclasında Ermənistanla bağlı səsləndirdiyi fikirlər obyektivliyi nümayiş etdirir. Dünya dövlətləri artıq Ermənistanın işğalçı siyasətini pisləyir. Bu baxımdan Ermənistanın daha da ifşa edilməsi istiqamətində səylərimizin müəyyən nəticələr verəcəyinə ümid yaranır".

F. Mustafa vurğulayıb ki, Rusiya Ermənistanı dəstəklədiyi üçün münaqişənin həlli ilə bağlı müsbət nəticə gözləməyə dəyməz: "Cəbhədə baş verənlərdən sonra Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə başladı. Lakin hər kəsə məlumdur ki, bu məsələdə Rusiya Ermənistanı dəstəkləyir. Biz Rusiyanın ən azı neytral ölkəyə çevrilməsi üçün ayrı yollar tapmalıyıq. Çünki Rusiya hazırda neytral ölkə deyil və birbaşa düşmən ölkəni müdafiə edir".

Millət vəkili qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində öz güclü ordusuna arxalanaraq ədalətli ordu quruculuğunu genişləndirməlidir: "Son hadisələr nəticəsində uğurlarımızla yanaşı, müəyyən nöqsanlarımız da oldu. Zamanında məsələləri həll etmək üçün bundan nəticə çıxarmalı və ordu quruculuğu ilə ciddi şəkildə məşğul olmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə