Azərbaycanda yeni inzibati ərazi vahidləri yaradılır

Milli Məclisdə "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, qanun layihəsi sahə inzibati ərazi dairələrinin yaradılmasını nəzərdə tutur.

Başqa sözlə, rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində dövlət hakimiyyəti orqanlarının əhaliyə yaxınlaşması və idarəetmənin səmərəliliyinin artırılması məqsədilə sahə inzibati ərazi dairələri yaradılır. Sahə inzibati ərazi dairələri əhalisi 20 min nəfərə qədər olan ərazilərdə yaradılacaq.

Millət vəkili Qüdrət Həsənquliyev sahə inzibati vahidlərinin yaradılması ilə bağlı maddi xərclərin hesablanmadığı üçün qanun layihəsinin geri qaytarılmasını istəyib. O, az əvvəl Yeni Azərbaycan Partiyasının rəsmilərinin rayonların ləğv edilməsi, regional icra strukturlarının yaradılması təklifi ilə çıxış etdiklərini də xatırladıb: "Bəs, nə üçün indi sahə inzibati vahidlərinin yaradılması məsələsi gündəmə gəlib?".

Millət vəkili Zahid Oruc də Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədovun rayon adlarından imtina edilməsi təklifini xatırladıb: "Ərazi vahidləri milliləşdirilməlidir. Məhəllə, yaxud başqa bir ad olsun. Sahə adı çox uğurlu seçilməyib. Bu məsələyə yenidən baxılmalıdır. Amma sistem kimi normaldır, ad dəyişməlidir".

Vitse-spiker Bahar Muradova isə sahə vahidinin yaradılmasının bələdiyyəyə qarşı bir orqan kimi yaradılması barədə təsəvvürlərin yanlış olduğunu vurğulayıb: "İcra hakimiyyəti institutunun təkmilləşməsinə ehtiyac var. Azərbaycan Prezident üsul-idarəsi ilə idarə olunur və icra qurumları həmişə mövcud olacaq. Bunu bələdiyyə qurumları ilə qarışdırmaq olmaz. Bu qurumların sahə yox, məhəllə, yaxud başqa adla adlandırılmasına gəlincə, sahə sözü dilimizə çoxdan daxil olub. Yoxsa Türkiyədən, başqa yerdən ad axtarmaq yersizdir. Öz dilimizə müraciət edək, mən bunun tərəfdarıyam. Mən türk sözlərinə qarşı deyiləm, yerində işlənəndə o da düzgündür. Yerli icra qurumlarını gözdən salan təklifləri də qəbul etmirəm. Yerli icra qurumları ilə bağlı büdcədə kifayət qədər vəsait var".

Millət vəkili Fəzail İbrahimli qanunun qəbulunu zəruri sayıb. Millət vəkili Fazil Mustafa müvafiq qanunun qəbul edilməsinə baxmayaraq hələ də mənzil istismar sahələrinin fəaliyyət göstərməsini absurd sayıb: "Bu gün sahə inzibati ərazi dairələrinin yaradılması da Konstitusiyaya ziddir. Bu sahə inzibati ərazi dairələrinin hansı büdcəyə başa gəlməsinin göstərilməməsi də düzgün deyil. Digər tərəfdən, Naxçıvan Muxtar Respublikasında bu səlahiyyət Ali Məclisə verilir. Ancaq məntiqlə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə verilməlidir. Mən də qanunun mahiyyətinin yerlərdə 5-6 iş yeri yaradılması olduğunu düşünürəm. Bu, bələdiyyələri daha da sıradan çıxaracaq. Yaxşı olardı ki, bələdiyyələrin səlahiyyətini artırmaq məsələsini müzakirə edəydik".

Vitse-spiker Ziyafət Əsgərov Fazil Mustafaya etiraz edib: \"Bu yaxınlarda siz mənə doktorluqla bağlı iş təqdim etdiniz. Təklif olunurdu ki, icra qurumlarının xalqa daha da yaxınlaşdırılması üçün əlavə həlqələr yaradılmalıdır. Mən bu təklifə normal yanaşdım. Sahə inzibati ərazi dairələrini yaratmaqda da məqsəd budur. Bələdiyyələrə gəlincə, gələcəkdə onların da hüquqlarının artırılmasından söhbət gedəcək. Ancaq hazırda yerli icra strukturları ilə bağlı müəyyən boşluq var. Az əvvəl prezident İlham Əliyevin sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti ilə bağlı Əsasnamə təsdiqlənib, indi qanun buna uyğunlaşdırılır. Bir məqamı da qeyd etmək istəyirəm. Siyasi partiyalara dövlət büdcəsindən vəsait ayrılması müzakirə olunanda demədinizmi ki, pul hardadır?, indi xalqa xidmətlə bağlı qurumlar yaradılanda büdcədən, neftin qiymətinin düşməsindən danışırsınız!".

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...