1969-cu ilin 14 iyulu Azərbaycanın tarixində unudulmaz günlərdən biridir. Həmin gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi seçilmişdir.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk günlərindən cəmiyyətdə ədalətin təmin olunması istiqamətində gələcək fəaliyyətinin konturları açıq şəkildə görünürdü.
Ulu öndərin Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il tarixli plenumundakı dərin məzmunlu tənqidi çıxışı çox böyük rezonans doğurmuşdur. Plenumdakı çıxışında Heydər Əliyev həmin dövrdəki mövcud problemləri, xüsusilə dövlət idarəçiliyi sistemindəki bürokratiya və korrupsiya hallarının yolverilməz olduğunu bildirərək demişdir:
“Biz ayrı-ayrı vəzifəli şəxslərin davranışında özünü büruzə verən nalayiq hallara, pozğunluq təzahürlərinə göz yuma bilmərik. Mənəviyyat,əxlaq bütün işimizə nüfuz etməlidir. Kadrları açıq-aşkar, kütlələrin gözü qabağında seçmək, onlar haqqında kollektivin, adamların, iş yoldaşlarının rəyini nəzərə almaq lazımdır. Yalnız belə olduqda kadrların seçilməsi və yerləşdirilməsindəki bir çox səhvlərin qarşısını almaq, həmin sahədə işimizin səviyyəsini xeyli yüksəltmək olar.
...Biz rüşvətxorluq faktlarına qarşı ən qəti və amansız mübarizə aparmalı, rüşvətxorluğu doğuran səbəblərin kökünü kəsməliyik".
Heydər Əliyevin bu cəsarətli çıxışı sovet dövlətindəki yalançı gurultulu şüarlara qarşı bir mövqe idi.
Həmin dövr belə bir mövqe nümayiş etdirmək sözün həqiqi mənasında bir möcüzə idi. Çünki mərkəzin icazəsi olmadan hər hansı bir sahədəki vəziyyətin təhlil edilməsi qeyri mümkün idi.
Heydər Əliyev hər cür risqə rəğmən mövcud naqislikləri açıq deməkdən, rüşvətxorluğa, korrupsiyaya qarşı barışmaz mübarizəyə başlamaqdan çəkinmədi.
Ulu öndər qısa müddətdə respublikamızın iqtisadiyyatında böyük keyfiyyət dəyişikliklərinə nail oldu, Azərbaycan xammal istehsalçısından qabaqcıl, müasir sənaye bazasına çevrildi.
Azərbaycan az bir müddətdə keçmiş SSRİ-də özünün layiqli yerini tutmağa başladı. Artıq hər bir azərbaycanlının mədəni, iqtisadi, elmi-texniki sahələrdə fəallığı sürətlə genişlənirdi. Bütün sahələrdə tədricən milli kadrlarımız ön sıralarda yerlər tuturdu. Milli kadr hazırlığına ciddi əhəmiyyət verən ulu öndər azərbaycanlı tələbələrin xaricdə təhsil almasına daim xüsusi diqqət yetirirdi. Belə ki, 1970-1980-cı illərdə keçmiş SSRİ-nin aparıcı ali məktəblərində 15 mindən artıq gənc ali təhsil almışdır. Bu mənada Heydər Əliyevin Azərbaycanın müstəqilliyini görən müdrik rəhbər və uzaqgörən siyasətçi olduğunu sonrakı dövrlər təsdiq etdi.
Ümummilli liderin bütün varlığı ilə sevdiyi Azərbaycanın xoşbəxt gələcəyi uğrunda xidmətləri misilsizdir. Həyatımızın elə bir sahəsi yoxdur ki, Heydər Əliyev ora diqqət yetirməmiş olsun.
Heydər Əliyev Azərbaycanın inkişafında ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının roluna xüsusi əhəmiyyət verirdi. O, 2003-cü ildə AHİK-in II qurultayına gəlmiş xarici qonaqları qəbul edərkən həmkarlar ittifaqına olan münasibətini aşağıdakı sözlərlə bildirmişdir. "Mən əmək fəaliyyətimə başladığım vaxtdan həmkarlar ittifaqının üzvü idim, doğrudur, bu çox çəkmədi. Ona görə ki, sonralar uzun müddət hərbi xidmətdə oldum, orada isə həmkarlar ittifaqı yox idi. Sonra mən partiya, dövlət işinə keçirildim və o vaxtdan bəri həmkarlar ittifaqının səliqəli üzvüyəm, üzvülük haqqını ödəyirəm, borcum yoxdur".
Azərbaycan KP MK-nin birinci katibi işlədiyi zaman Azərbaycan Həmkarlar İttifaqları Şurasının XIV, XV, XVI qurultaylarında iştirak etmiş və böyük nitqlər söyləyərək həmin dövrlərə uyğun olaraq respublika həmkarlar ittifaqlarının vəzifələrini göstərmişdir.
Azərbaycan KP MK-nin 1972-ci ildə AHİŞ-in XIV qurultayına göndərdiyi məktubda oxuyuruq: “Azərbaycan Həmkarlar İttifaqları Şurası və həmkarlar ittifaqlarının respublika komitələri həmkarlar ittifaqı təşkilatlarının işinin səviyyəsini yüksəltməli, həmkarlar ittifaqı kadrlarını özlərinə tələbkarlıq ruhunda, işdəki nöqsanlara qarşı barışmazlıq ruhunda tərbiyələndirməlidir".
Artıq həmin dövrdə Azərbaycan həmkarlar ittifaqları Heydər Əliyevin göstəriş və tələblərini rəhbər tutaraq, öz fəaliyyətlərində əsaslı dönüş yaratmağa başladılar.
1977-ci ildə AHİŞ-in XV qurultayında söylədiyi nitqində Heydər Əliyev demişdir: “Hər bir həmkarlar ittifaqı təşkilatı.......fəhlələrin təşəbbüsünü müdafiə etməli, zəhmətkeşlərin ehtiyaclarının ödənilməsinə daim qayğı göstərməli..........əmək kollektivinin mübarizəsinin önündə getməlidir....kadrların düzgün seçilməsi müvəffəqiyyətin açarıdır, müvəffəqiyyət isə ən əvvəl rəhbər orqanlara seçilmiş adamlardan asılıdır. Həmkarlar İttifaqı işi yaradıcılıq işidir, məsuliyyət işidir,kim etimada layiq görülüb, həmkarlar ittifaqında böyük və ya kiçik bir işə irəli çəkilirsə, öz prinsipiallığı, düzlüyü, adamlara diqqətli münasibəti ilə kütlələrin etimadını doğrultmalıdır".
Göründüyü kimi avtoritar rejimdə belə Heydər Əliyev cəmiyyətdə Həmkarlar İttifaqlarının fəaliyyətinə xüsusi əhəmiyyət verirdi.
Ulu öndərin tövsiyyəsi ilə həmkarlar ittifaqı orqanlarında rəhbər vəzifələrə istehsalatda bilavasitə özünü təsdiq etmiş kadrlar irəli çəkilirdi:
Ağırmaşınqayırma sənayesi işçiləri həmkarlar ittifaqı Respublika Komitəsinin sədri vəzifəsinə Keşlə Maşınqayırma zavodunun frezerçi briqadasının briqadiri, Sosialist Əməyi Qəhrəmanı Şamil Əliyev, Neft və Qaz Sənayesi işçiləri həmkarlar ittifaqı Respublika Komitəsinin sədri vəzifəsinə neftçi, Sosialist Əməyi Qəhrəmanı İsrafil Hüseynov, Toxuculuq Sənayesi işçiləri həmkarlar ittifaqı Respublika Komitəsinin sədri vəzifəsinə Mingəçevir Toxuculuq Kombinatının usta köməkçisi, Sosialist Əməyi Qəhrəmanı Yaqub Rüstəmov irəli çəkilmişdir.
Ümumiyyətlə demək olar ki, həmin dövrdə ulu öndərin tövsiyyələri rəhbər tutularaq əmək kollektivləri həmkarlar ittifaqına rəhbər vəzifələrə qabaqcıl əmək adamların namizədliyini irəli sürürdü.
İlk vaxtlardan Heydər Əliyev respublikamızda həmin dövrdə həmkarlar ittifaqı işinin tərkib hissəsi olan kurort sahəsinin inkişafına da xüsusi diqqət yetirmişdir. Onun təşəbbüsü ilə keçmiş SSRİ Nazirlər Soveti 1970-1980-cı illərdə Azərbaycanda bu sahənin inkişafı üçün xüsusi qərarlar qəbul etmişdir.
1982-ci ildə AHİŞ-in XVI qurultayındakı söylədiyi nitqində Heydər Əliyev demişdir: ”Həmkarlar İttifaqlarının başlıca vəzifələrindən biri əmək adamlarının hüquqlarını və mənafeyini qorumaq, istehsalatda demokratiya prinsiplərini inkişaf etdirməkdir.........Bütün münaqişələrdə prinsipial mövqe tutmaq, əmək adamının da, dövlətin də mənafeyini ciddi surətdə qorumaq həmkarlar ittifaqlarının borcudur".
Həmin ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdir.
SSRİ rəhbərliyində işlədiyi dövrdə də Heydər Əliyev əmək adamlarının mənafeyini hər şeydən uca tutaraq,həmkarlar ittifaqının fəaliyyətini daim diqqət mərkəzində saxlamışdır.Bununla əlaqədar SSRİ rəhbərliyində təmsil olunan şəxslərdən biri – keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü E.K. Liqaçov yazır: “1986-cı ildə SSRİ Ali Sovetində Əmək kollektivləri haqqında qanun qəbul edilərkən, Heydər Əliyev müəssisələrin idarə olunmasında əmək kollektivlərinin hüquqlarını müdafiə etdi. O, əmək kollektivlərinin həyatında həmkarlar ittifaqlarının hüquqlarının azaldılmasının əleyhinə qətiyyətlə çıxış etdi. İşçini işdən azad edərkən həmkarlar ittifaqlarının razılığının mütləq olması maddəsinin əmək qanunvericiliyində öz əksini tapmasında Heydər Əliyevin böyük rolu oldu".
1993-cü ilin iyun ayında Azərbaycan Respublikası Milli Məclisinin sədri, oktyabr ayında isə respublikanın Prezidenti vəzifəsinə seçilən Heydər Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində hər bir sahədə olduğu kimi Azərbaycan həmkarlar ittifaqlarının həyatında da yeni mərhələ başlandı.
Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan demokratik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf yolu seçdi.
Həmkarlar ittifaqına olan ögey münasibət, təzyiqlər arxada qaldı, respublikada həmkarlar ittifaqı hərəkatı yeni bir mərhələyə qədəm qoydu.
1993-cü il 9 iyulda Nazirlər Kabineti ilə əmək və sosial – iqtisadi məsələlər üzrə Baş saziş qəbul edildi. Sosial tərəfdaşlığın subyektləri arasında sosial əmək münasibətlərinin formalaşmasının əsası qoyuldu. AHİK-in beynəlxalq əlaqələri sürətlə genişlənməyə başladı.
24 fevral 1994-cü ildə cəmiyyətdə həmkarlar ittifaqının statusunu müəyyənləşdirən “Həmkarlar İttifaqları haqqında” Qanun qəbul edildi. Göründüyü kimi, Heydər Əliyev prezidentliyinin ilk yarım ilində bu qanunu imzalayıb.
Respublikamızın Prezidenti cənab İlham Əliyevin AHİK-in III qurultayının iştirakçılarına göndərdiyi təbrik məktubunda deyildiyi kimi “Respublikamızı dərin sosila-iqtisadi və siyasi böhrandan çıxaran ümummilli liderimiz Heydər Əliyev həəmkarlar təşkilatlarını müxtəlif siyasi qüvvələrin təsirindən qorumuş, öz missiyasının yerinə yetirilməsinə lazımi şərait yaratmışdır. Onların uzun illlər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısı alınmış, vətəndaş cəmiyyətinə yad olan inzibati-amirlik metodlarından imtina edilmiş, demokratik idarəçilik prinsiplərinə əsaslanan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının möhkəmlənməsinə dəstək verilmişdir".
Heydər Əliyev respublikamızın ən çətin anlarında belə sosial-iqtisadi məsələləri daim diqqət mərkəzində saxlamışdır. 20 may 1994-cü ildə Əhalinin sosial müdafiəsini gücləndirmək və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşməsini təmin etmək tədbirlərinə həsr olunmuş müşavirədə Ulu Öndərimiz demişdir: “Biz respublikanın sosial-iqtisadi məsələləri ilə daim məşğul oluruq... Hesab edirik ki, bu respublikamızın müstəqilliyini möhkəmləndirmək və əhalinin rifah halını get-gedə yaxşılaşdırmaq üçün strateji xətdir, yoldur. Bu yol sərbəst bazar iqtisadiyyatı, sərbəstləşdirmə proseslərinin davam etdirilməsi, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaradılması yoludur".
Heydər Əliyev bu sahədə həmkarlar ittifaqlarının fəaliyyətinə xüsusi əhəmiyyət verir. 1998-ci ildə keçirilmiş AHİK-in I qurultayına ünvanladığı təbrik məktubunda oxuyuruq: “Yeni mərhələdə həmkarlar ittifaqları əmək adamlarının kütləvi və müstəqil təşkilatına çevrilərək, onların iş şəraitinin yaxşılaşdırılması, əməyin təşkili, iqtisadi hüquqlarının qorunması, sosial müdafiə problemlərinin həll edilməsi yolunda daha böyük əzmlə çalışmalıdır".
Həmin məktubda həmkarlar ittifaqlarının beynəlxalq fəaliyyətinə xüsusi diqqət yetirən Ulu öndərimiz yazır: “Sosial məsələlərin həlli yolunda dünyada qəbul olunmuş standartların, inkişaf etmiş ölkələrin bu sahədə müsbət təcrübəsinin mənimsənilməsi və onların həmkarlar ittifaqları ilə faydalı əməkdaşlığı ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasında, qarşılaşdığımız sosial-iqtisadi problemlərin həllində mühüm rol oynaya bilər".
Heydər Əliyevin bu tövsiyələrini rəhbər tutaraq, Azərbaycan Həmkarlar İttifaqları beynəlxalq əlaqələrini daha da sürətlə inkişaf etdirirdi.
2001-ci ilin noyabr ayında AHİK Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasına bərabərhüquqlu üzv qəbul olunmuşdur. Bu təşkilatın xətt ilə AHİK bir sıra tədbirlərin təşkilatçısı və iştirakçısı olmuşdur.
Azərbaycan həmkarlar ittifaqları Beynəlxalq Əmək Təşkilatının keçirdiyi bütün tədbirlərdə iştirak edərək, həmkarlar ittifaqlarının və onun üzvlərinin hüquqlarının qorunması, sahibkarlarla və hökümətlə münasibətlər sahəsində təşkilatın tövsiyə və konvensiyalarından istənilən səviyyədə istifadə edir.
Hüseyn Qaraşov
Sosiologiya elmləri doktoru, professor
Bütün xəbərlər Facebook səhifəmizdə