"Ermənistan Azərbaycanla sülh danışıqların aparıldığını israrla bildirib, sülh sazişini imzalamaq iddiasında olduğunu deyir. Hətta səhv etmirəmsə, Azərbaycan tərəfinə 12 bəndlik təkliflər paketi təqdim edib. Bununla yanaşı olaraq Ermənistan silahlanır, sərhəd bölgəsində hərbi istehkamlar inşa edir, Rusiya ilə İqtisadi Əməkdaşlıq Şurasında iqtisadi əlaqələrini inkişaf etdirir. Bu əlaqələrdə kosmik artım müşahidə olunur. 2023-cü ildə 8 mlrd, 2024-cü ildə 14 mlrd dollarlıq bir ticarət dövriyyəsi var. Amma digər tərəfdən də Avropa İttifaqı ilə əlaqələri dərinləşdirməyə və üzv olmağa cəhd göstərir". Bu sözləri hüquqşünas, siyasətçi Əli Mustafa SİA-ya açıqlamasında deyib.
Siyasətçinin sözlərinə görə, bunlar ziddiyətli və paradoksal hallar olduğuna görə Ermənistan üçün müəyyən risklər, kotaklizmlər vəd edir: "Eyni zamanda Ermənistan ABŞ və Avropa ilə yaxın əməkdaşlıq edib daha çox ora inteqrasiya olunmağa və Azərbaycan-Ermənistan sərhədlərində Avropa İttifaqının müşahidəçilərini saxlamağa çalışır. Lakin digər tərəfdən də bütün bunlara qarşı olan İranla əməkdaşlıq içərisindədir. Bunların hamısını uzlaşdırmaq olduqca çətindir. Bir formada sanki erməni diplomatiyası bunları reallaşdırmaq üçün özünü zorlayır, həmçinin Ermənistan 2025-ci il dəyişiklikləri üçün çox ciddi risklər vəd edir. Azərbaycanla münasibətləri tənzimləmək istəyir, lakin Naxçıvana yol vermir, Zəngəzur dəhlizinin açılmasına razı deyil. Türkiyə ilə münasibətləri nizama salmağa çalışır, amma eyni zamanda bölgədə Azərbaycan-Türkiyə münasibətlərindən, Türkiyənin buradakı nüfuzunun artmasından əndişəlidir. Əlbətdə bir tərəfdən silahlanmaq, digər tərəfdən Azərbaycanla yaxınlığa cəhd etmək, Avropa İttifaqı ilə əməkdaşlıq, həm də Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirmək, yəni bütün bunlar hamısı sonda bölgədə və Ermənistanda toqquşan maraqların müəyyən nəticələrə gətirib çıxarmasını şərtləndirəcək. Konkret olaraq Zəngəzurla bağlı məsələdə bizim maraqlarımızı təmin etməyəcəksə, o zaman biz başqa addımlar atmalı olacayıq. Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasına imkan verməyəcəksə təbii ki biz məmnun olmayacıq. Avropa İttifaqının müşahidəçilərini Ermənistan ərazisində saxlayacaqsa əlbətdə İranla da münasibətlər gərginləşəcək"
Bununla yanaşı ekspert sözlərində Avropa İttifaqına doğru sürətli inteqrasiya, yəni onun üzvü olma çabaları onun Rusiya ilə də münasibətlərində gərginliklər yaradacağını vurğulayıb: "Düşünürəm ki, bütün bunların hamısı Paşinyan üçün sərt ilin olacağını vəd edir, onun nüfuzu Ermənistanda sürətlə azalır. Bu da sonunda Ermənistanda hakimiyyət boşluğu yarada bilər. Əlbətdə hakimiyyətin dəyişməyində, devrilməyində Rusiya da maraqlıdır. Amma Qərb ölkələri Paşinyanı qorumağa çalışır, eyni zamanda bunlarla yanaşı Ermənistanın daxilində müəyyən gərginliklər müşahidə edəcəyik. Xüsusilə 2026-cı ildə gözlənilən seçkilər öncəsi onun rəqibləri də güclənməyə və Paşinyanın nüfuzunu sarsıtmağa çalışacaqlar. Ermənistanda baş verəcək böyük hadisələri, katoklizmlərin əhəmiyyətli bir hissəsi Tramp Adminstrasiyasının bölgə və Ermənistan barəsində siyasəti ilə bağlı olacaq. Tramp prezidentliyindəki ABŞ Ermənistana nələri vəd edəcək, Rusiya və İrandan qorumağa çalışacaq ya yox, ümumiyyətlə Ermənistanın hansı addımlar atacağı olduqca gərgin bir il vəd edir. Ermənistan bu il risklərlə, süprizlərlə üz-üzə gələcək. Hər halda dünyada olan qütbləşmə məsələsi dərinləşdikcə Ermənistanında bölgədəki tədirgənliyi artacaq. Artıq yeni çox qütblü dünyada bölgə dövlətləri ilə bir yerdə olmaq məcburiyyətində olacaq. Bu baxımdan onun Avropa İttifaqı, ABŞ və Rusiya ilə təmasları, bölgədəki digər güclərin geometrik maraqları ilə toqquşması nəticəsində Ermənistan üçün sadə bir il olmayacaq. Həm regional, həm də daxili siyasət baxımından Paşinyanı sabit və sakit olmayan bir il gözləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə