8 noyabr Zəfəri “8 may qara tarix”i yer üzündən sildi ŞƏRH

Bəli, bu gün xalqımız Azərbaycan Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti sayəsində çoxəsrlik tariximizin dördüncü ildir ki, Zəfər Gününü qürurla qeyd etməyə hazırlaşır. 8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarixinin dördüncü ilini - Böyük Qələbə, Şanlı tariximizə daxil olan Zəfər gününü, Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu günü qeyd edir. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 30 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar.

Bu tarixi zəfər təkcə Azərbaycan xalqının 30 illik işğal altında qalan əzəli torpaqlarının azadlığa qovuşması tarixi deyil. Bu tarixi zəfər, həm də qüdrətli Azərbaycan ordusunun dünya hərb tarixinə qızıl hərflərlə həkk edilən döyüş dastanıdır. Vətən müharibəsinin ən kritik mərhələsi – Şuşanın azad olunması üçün aparılan qanlı əməliyyat dünyanın ən güclü ordulara sahib olan fövqəldövlətlərinin heyrətinə səbəb olmuşdu. Bəli, öz xaqlının iradəsi ilə əzəli torpaqlarını erməni faşizmindən qurtarmaq üçün cəngəvar kimi döyüşən əzəmətli Azərbaycan Ordusu dünya hərb tarixinə ŞUŞA DƏRSİ-ni yazdı.

Şuşanın işğaldan azad edilməsi əməliyyatı gerçəkdən heyratamiz idi. Demək olar ki, yüngül silahlarla dərələrdən, meşələrdən, sıldırım qayalardan, dağlardan keçən şücaətli Azərbaycan əsgəri əlbəyaxa döyüşdə artileriyyasız, sadəcə bıçaqla əlbəyaxa döyüşə girərək düşmənin 30 illik möhkəmlənmiş səngərlərini yerlə yeksan etdi. Bu döyüş Qarabağın tacı olan Şuşanın azadlığı üçün aparılan tarixi döyüş idi. Şuşa döyüşü bir dövlət olaraq bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını təkcə düşmənə deyil, onların dünyadakı havadarlarına da göstərmiş oldu. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda yağı düşməndən azad olundu.

Nəhayət, 2020-ci ilin noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlı üçün müqəddəs sayılan bir məkandan - Şəhidlər xiyabanından Şuşanın işğaldan azad edilməsi ilə bağlı xoş müjdəni xalqımıza çatdırdı. Ali Baş Komandan İlham Əliyev cənabları xalqa müraciətində tarixi çıxış etdi və ata vəsiyyətinə əməl etdiyini və Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini bizlərə verdi: "Sən azadsan əziz ŞUŞA!".

Arzumuz reallıq oldu. Şuşa öz sahibinin oldu. Lakin bu bəs deyildi. Biz hər bir qarış torpağımızı, hər bir daşımızı, ağacımızı, yurdumuzu-yuvamızı sonuna qədər istəyirdik. Şuşa azad edildikdən dərhal sonra noyabrın 9-u Bayraq Günündə Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini yenidən sevindirdi. Beləliklə də, Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları puç oldu, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası bütün anlamını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı

Beləliklə də, Azərbaycan ordusu nəinki düşməni diz çökdürərək onların 28 il qeyd etdikləri işğal "bayram"larını - 8 may gününü" tarixdən sildi, Müzəffər Ali Baş Komandan əsl sərkərdəlik, siyasi iradə nümayiş etdirərək bizi həsrətində olduğumuz yurd yerlərimizə, tarixi ərazilərimizə qovuşdurdu. Artıq bu gün 8 may tarixini Şuşanın işğal edildiyi gün kimi yox, işğaldan azad olunan, tikilən, qurulan və Azərbaycanın mədəniyyət paytaxtı kimi qarşılayırıq. Təsadüfi deyil ki, Şuşaya qədər işğaldan azad edilən ərazilərdən qaçan, itkilər verərək geri çəkilən erməni hərbçiləri haqqında yaradılan mif Şuşada birdəfəlik darmadağın edildi. Və 44 gün davam edən İkinci Vətən Müharibəsində düşmənə "Dəmir yumruğun" zərbəsi ilə qürur yerimiz - Şuşamız azad edildi! Azərbaycanın 28 illik Şuşa yarası sağaldı! Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.

Və 2020-ci il 8 noyabrda Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının Şəhidlər Xiyabanından xalqa tarixi müraciəti və bu müraciətlə Şuşanın azad olunması müjdəsini verərək ulu öndərin vəsiyyətinin yerinə yetirməsini qürurla qeyd etdi: "Xoşbəxt adamam ki, Ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!".

Bu gün artıq təqdir olunası haldır ki, Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşaya təyin edildi. Bundan əlavə, Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı sərəncamla Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən təşkil olunan "Xarıbülbül" musiqi festivalı Şuşanın əsrarəngiz Cıdır düzündə keçirildi. 2021-ci il 14 yanvar tarixindən - Prezidentin Şuşa səfərindən etibarən Şuşanın bərpası başlandı və qısa müddət ərzində böyük işlər görüldü. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı. Məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. "Qarabağ" və "Xarıbülbül" otelləri istifadəyə verildi. Şuşanın baş planı təsdiq edildi, yeni yaşayış kompleksinin təməli qoyuldu, 2022-ci il "Şuşa İli" elan edildi.

Bir sözlə, işğal dövründə düşmənə boyun əyməyən, Şuşanı xalqımıza qaytaran Prezident İlham Əliyev cənablarının diqqəti və qayğısı ilə Qarabağın tacı yenidən qurulacaq və milli mədəniyyətimizin ünvanı kimi əvvəlki şöhrətini bərpa edəcək. Dövlət başçımızın söylədiyi kimi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!"

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə