Ağ Evin məktubu fonunda ETİRAFLAR – TƏHLİL

ABŞ prezidentinin Azərbaycana göndərdiyi məktub ciddi şəkildə maraq doğurub və diqqəti də əməlli-başlı cəlb edib. Ona görə ki, Ağ Evin məktubu fonunda ölkəmizlə bağlı etirafları dərk etməmək mümkün deyil və ələlxüsus da Azərbaycanın məhz dünya miqyasında rolunun ABŞ tərəfindən tanındığı barədə dolayısı ilə etiraf olunması diqqəti cəlb etməyə bilməz. Şübhəsiz ki, Co Baydenin məktubunun erməni cəmiyyətində də çaşqınlıq, narahatlıq və rezonans doğurması bu baxımdan heç də gözlənilməz sayılmır.

Regionda maraqları olanlar ölkəmizin yaratdığı yeni geosiyasi reallıqları tam şəkildə qəbul etməkdədirlər

Azərbaycanın prinsipial şəkildə yürütdüyü regional siyasət məhz Cənuni Qafqazın geosiyasi mənzərəsini tamam dəyişib və bunun təkcə ABŞ kimi bir ölkədə deyil, dünyanın hər yerində qəbul edildiyi günün reallığıdır. Xüsusən də II Qarabağ müharibəsinin nəticələri regionda, məhz Cənubi Qafqazda artıq yeni geosiyasi şərtlərin əsas təməl prinspləri olaraq qəbul edilməkdədir. ABŞ prezidentinin məktubu fonunda artıq bəlli olur ki, regionda maraqları olanlar belə ölkəmizin yaratdığı yeni geosiyasi reallıqları tam şəkildə qəbul etməkdədirlər və bunu daha qətiyyən inkar etmək niyyətində görünmürlər.

II Qarabağ müharibəsinin nəticələri ilə Azərbaycan məhz Cənubi Qafqazda maraqları olan dünya ölkələrini, bir çox qüvvələri yeni geosiyasi şərtləri, reallıqları qəbul etmək məcburiyyətində qoyduğuna artıq günü-gündən daha çox əmin oluruq. Əmin oluruq ki, regional proseslərdə, Cənubi Qafqazla bağlı məsələlərdə rəsmi Bakının geosiyasi iradəsindən yayınmağın mümkünsüzlüyü artıq qəbul olunub. Artıq Azərbaycanın razılığı olmadan bu bölgədə, bu regionda hansısa prosesə hansısa qüvvələrin müdaxilə etmək şansının belə olmadığını hər kəs çox yaxşı başa düşür. Hər kəs başa düşür ki, hansısa qüvvələr artıq Cənubi Qafqazda öz geosiyasi maraqları naminə nə isə edə bilməz və öz maraqlarını yürüdə bilməz. Təkcə biz yox, bütövlükdə dünya ictimaiyyti bu reallığı, bu həqiqəti artıq etiraf etməkdədir və ABŞ liderinin məktubu bunu bir daha təsdiqləmiş oldu.

Azərbaycanın xarici təsirlərə qarşı müqavimət potensialı var və bu, regional faktor rolunu oynayandır

Bütün dünya ictimaiyyəti bilir ki, inkişaf etməkdə olan Azərbaycanın xarici təsirlərə qarşı müqavimət potensialı var və bu müqavimət potensialı özü regional faktor rolunu oynayandır. Sirr deyil ki, güclü orduya malik olan Azərbaycanın istənilən xarici müdaxiləyə, kənar təsirlərə sərt şəkildə əks reaksiya vermək imkanı, potensialı var və bunun sayəsində hansısa qüvvələrin öz maraqlarını güdməsinə, həmin maraqları regionda, Cənubi Qafqazda reallaşdırmaq cəhdinə rəsmi Bakı qətiyyən imkan verməz. İstənilən anda, istənilən şəraitdə Azərbaycan öz iradəsini nümayiş etdirməkdən çəkinən deyil və bunun artıq dünya ictimaiyyəti dəfələrlə şahidi oldu. Şahidi oldu ki, istər 44 günlük müharibədə, istər bir sutkadan da az vaxt intervalında başa çatdırılan anti-terror tədbirlərində, istərsə də diplonmatik qələbələrində rəsmi Bakı qətiyyən kənar təsirləri hesaba belə almadı və beynəlxalq hüququn norma və pronspləri çərçivəsində çəkinmədən öz iradəsini nümayiş etdirdi. Hətta indi onu da yaxşı başa düşürlər ki, bütün bu əməliyyatları, tədbirləri Azərbaycan öz gücü, öz potensialı ilə başa çatdırdı və bunun üçün ölkəmizin iqtisadi, maliyyə potensilının da yetərincə olması da zərrə qədər şübhə doğurmur. Bu gün ölkəmizin hansı iqtisadi potensiala sahib olduğunu etiraf etməkdən başqa kimlərinsə heç bir çarəsi qalmayıb. Qərb ölkələri üçün əvəzolunmaz enerji təhlükəsizliyi tərəfdaşına çevrilən Azərbaycanın imkanlarını etiraf etmək ən doğru addımdır və biz bu addımın məhz ABŞ tərəfindən belə atıldığını gördük, Bakıya məktub göndərişində bunun əyani şahidi olduq.

Ölkəmizin dünya məkanında söz sahiblərindən birinə çevrilməsi son vaxtlar dünya nəhəngləri tərəfindən etiraf edilir

Bir məsələni də hər kəs çox yaxşı başa düşür və qəbul edir ki, Orta Asiya enerji resurslarının da Avropa bazarlarına çıxarılmasında Azərbaycan həlledici tranzit ölkə stutusuna sahibdir. Ona görə ki, məhz Orta Asiya enerji resurslarının beynəlxalq alıcıları mütləq Azərbaycan ərazilərindən və boru kəmərlərindən istifadə etmək məcburiyyətindədirlər. Daha dəqiq desək, bütün bunlar onu deməyə əsas verir ki, Avropa və Asiya ölkələri iqtisadi-ticari münasibətlərinin inkişaf etdirilməsində də şəksiz-şübhəsiz məhz Azərbaycana möhtacdırlar. Çünki Azərbaycanın yerləşdiyi uğurlu coğrafi mövqe Avropa və Asiya ölkələrini rəsmi Bakını öz iqtisadi-ticari layihələrinə daxil etmək məcburiyyətində saxlayır və hətta bununla da bitmir, ona görə ki, bütün bu proseslərdə rəsmi Bakı həm də sadəcə, iştirakçı deyil, eləcə də qərarverici iradə sahibidir. Bəli, sözün əsl mənasında məhz Azərbaycan Avropadan Asiyaya qədər davam edən geniş bir arealda inkaredilməz hərbi-siyasi, iqtisadi-ticari və geopolitik iradəyə malikdir.

Etiraf edilməlidir ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-kommunikasiya marşrutlarının gələcək taleyi də birbaşa olaraq Azərbaycanın siyasi mövqeyindən asılı vəziyyətdədir. Heç şübhəsiz ki, rəsmi Bakı bütün bu faktorlardan Azərbaycanın beynəlxalq məkandakı maraqları çərçivəsində maksimum səviyyədə istifadə edir. Bunu görməmək, etiraf etməmək də qətiyyən mümkün deyil və məhz buna görə də beynəlxalq oyunçular, bir çox qüvvələr, ABŞ kimi hegemon ölkələr belə etiraflar etmək məcburiyyətindədirlər. Etiraflar etmək məcburiyyətindədirlər ki, Azərbaycan II Qarabağ müharibəsindən sonra artıq yalnız Cənubi Qafqazda lider dövlət və geopolitik iradə mərkəzi olmağa deyil, həm də öz siyasi iradəsini beynəlxalq məkana daşımağa nail olub, indi dünya məkanında əsas söz sahiblərindən birinə çevrilib. İndi artıq ABŞ prezidentinin göndərdiyi məktubun fonunda görürük və əmin oluruq ki, məhz ölkəmizin dünya məkanında söz sahiblərindən birinə çevrilməsi son vaxtlar dünya nəhəngləri tərəfindən də açıq, yaxud da dolayısı olaraq etiraf edilir.

ABŞ liderinin özü üçün də sirr deyil ki, regional qaydalar məhz Bakıda müəyyən olunur

ABŞ prezidenti Co Baydenin Bakıda keçirilən 29-cu Xəzər Beynəlxalq neft-qaz sərgisinə göndərdiyi məktubunda Azərbaycanın beynəlxalq əhəmiyyətinə eyham vurulması maraq doğurur və diqqəti də cəlb edir. Xüsusən də, Ermənistanla yekun sülh sazişi imzalandıqdan sonra Azərbaycanın dünyada rolunun ciddi şəkildə dəyişəcəyini Ağ Ev sahibinin bəyan etməsi qətiyyən diqqətdən kənarda qala bilməz. Bu həm də ona görə diqqətdən kənarda qala bilməz ki, ABŞ prezidentinin məktubinda yer alan bu məqamda həm də müəyyən dolayısı mesajlar da mövcuddur. İndi dünya ictimaiyyəti bu mesajların özünün də nədən ibarət olduğunu çox yaxşı başa düşür və Azərbaycanın, rəsmi Bakının bütün dünyada hansı nüfuz sahibi olduğu barədə tam qənaətə gəlməkdədir. Hətta bütövlükdə dünya bu reallıqları, ölkəmizlə bağlı reallıqları istənilən anda etiraf belə etməyə hazırdır və bunu görmək heç də çətin deyil.

Artıq əminliklə deyilməli və hətta etiraf belə edilməlidir ki, prezident Co Baydenin məhz Azərbaycanın dünyadakı rolunun dəyişməsindən danışması olduqca böyük önəm daşıyır. Çünki bu, Azərbaycanın beynəlxalq məkana təsir potensialına dolayısı ilə eyham anlamı daşıdığını növbəti dəfə təsdiqləyir. Ağ Ev sahibi bu potensialın reallaşdırılması baxımından, Ermənistanla yekun sülh sazişinin imzalanmasının vacibliyini qabartmağa çalışması da diqqətdən yayınan deyil, amma bunun da haradan qaynaqlandığını hər kəs yaxşı bilir. Hər kəs yaxşı bilir ki, bu, məhz ABŞ-ın ermənipərəst mövqeyindən, erməni lobbisinin, diasporunun təsirlərindən qaynaqlanır. Doğrudur, Azərbaycanın dünya məkanındakı rolunun müəyyən edilməsində Ermənistanla yekun sülh sazişi hansısa ciddi rol oynamır və hazırda Azərbaycan üçün sülh sazişinin taleyüklü şəkildə önəm daşımadığını ABŞ prezidenti də yaxşı bilir. Yaxşı bilir ki, indi sülh sazişi daha çox Ermənistana lazımdır. Üstəlik, rəsmi İrəvan həmin sazişə nail olmaq üçün ilk növbədə məhz rəsmi Bakının şərtlərini qəbul etmək məcburiyyətindədir. Deməli, ABŞ liderinin özü üçün də sirr deyil ki, regional oyun qaydaları məhz Bakıda müəyyən olunur. Belə çıxır ki, bunları başa düşən Bayden öz məktubu ilə bir çox reallıqları yaxşıca başa düşdüyünü və qəbul da etdiyini artıq etiraf edir.

Rəsmi Bakının beynəlxalq məkanında avanqard geopolitik oyunçular sırasına daxil olduğu görünür

Sadalananlar təsdiq edir ki, Azərbaycanın dünya məkanında geopolitik oyunçu olduğu qəbul olunur. Ortada elə önəmli səbəblər var ki, bunlar da həmçinin rəsmi Bakının hansı üstün məqamlara sahib olmasından xəbər verir və bunun etiraf edildiyini də görməkdəyik. Ağ Ev sahibinin hansısa şərt daxilində olsa da belə, Azərbaycanın dünyadakı rolundan danışmaq məcburiyyəndə qalması məhz rəsmi Bakının beynəlxalq məkanında avanqard geopolitik oyunçular sırasına daxil olduğunu göstərir. Daha sadə dillə desək, ölkəmizin beynəlxalq miqyasda söz sahibinə çevrildiyini artıq açıq şəkildə etiraf etməkdən heç kim çəkinmir.

Prezident Co Bayden öz məktubunun məzmunu ilə əslində, Azərbaycanın dünya məkanındakı üstün rolunu ABŞ kimi bir ölkənin artıq tanıdığını əslində, etiraf etmiş olub. Bunu təkcə biz yox, Ermənistan tərəfi də yaxşıca görür və anlayır. Yaxşıca görür və anlayır ki, Azərbaycanın üstün məqamı var və ölkəmizlə bağlı həqiqətləri bütün dünya qəbul etməkdə, etiraf etməkdədir. Görünür elə buna görə də Ermənistan ictimaiyyətində, erməni cəmiyyətində və siyasi dairələrində Ağ Ev sahibinin məktubu səbəbindən ciddi çaşqınlıq, narahatlıq, rezonans müşahidə edilir. Erməni toplumu prezident Co Baydenin məktubundakı əsas şifrələri başa düşdüyü üçün narahatlığını gizlədə bilmir. Deməli, bu gün ölkəmizin üstünlüyü, beynəlxalq arenada, dünya məkanında söz sahibi olması artıq etiraf edilməkdədir və bunu müşahidə etmək bizim üçün qürurvericidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə