Azərbaycanın yaratdığı GEOSİYASİ REALLIQLAR - TƏHLİL

Azərbaycanın daha bir uğurunun, diplomatik qələbəsinin bütün dünya şahidi oldu və milli maraqlarınızın təmin olunması fonunda haqq-ədalətin qələbəsinin növbəti təntənəsini müşahidə etdi. Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası, eləcə də sərhəd təhlükəsizliyi üzrə Komissiyanın səkkizinci iclasının yekunlarına əsasən, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə şərti sərhəddə, məhz 1990-cı illərin əvvəllərindən Ermənistanın işğalı altında olan 4 kəndin Azərbaycana qaytarılması barədə razılığa gəlinməsi haqqın, ədalətin daha bir qələbəsi, ölkəmizin növbəti Zəfəri deməkdir.

Kəndlərimizin qaytarılması ilə bağlı gəlinən razılıq tarixi hadisədir

Bu vaxta qədər işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması barədə razılıq tarixi hadisə olaraq qəbul edilməkdədir. Əvvəla ona görə ki, 4 kəndin Azərbaycana qaytarılması heç bir mübahisə olmadan, iki tərəfin razılaşması ilə reallaşmaqdadır və nə regional, nə də qlobal miqyasda heç bir qıcıq belə doğura bilməz. Digər tərəfdən, həmin kəndlərin geri alınması müharibə yolu ilə deyil, danışıqlar yolu ilə baş tutur və bir damla da qan tökülmədən Azərbaycana məxsus torpaqlar geri qaytarılır ki, bu, ölkəmizin daha bir diplomatik qələbəsi və uğuru hesab olunur. Qazax rayonunun qeyri-anklav kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlı razılaşmalar, yəni qarşı tərəfin, Ermənistan tərəfinin bununla bağlı razılığa gəlməsi həm də gələcək proseslər üçün də olduqca əhəmiyyətli hesab olunur. Hətta bəzi siyasətçilərin fikrincə, 4 rayonun Azərbaycana qaytarılması barədə razılıq delimitasiya prosesinin başladığını göstərir və ələlxüsus da sülh danışıqlarına ümidləri artırır. Məhz bu baxımdan da kəndlərimizin qaytarılması ilə bağlı gəlinən razılıq tarixi hadisə olaraq qəbul olunur.

Regional siyasətdə daha bir güclü gediş sərgiləndi

Etiraf etmək lazımdır ki, Azərbaycan diplomatiyası ölkəmizin milli maraqlarını ustalıqla müdafiə edərək regional siyasətdə daha bir güclü gediş sərgilədi ki, bu geosiyasi reallığı danmaq mümkün deyil. Hətta bir çox ermənipərəst qüvvələr belə nə qədər çalışsalar da Ermənistan hökuməti razılığa gəlməkdən başqa çıxış yolu tapa bilmədi. Dünyanın bəzi ölkələri, məsələn, Fransa kimi hayların tərəfində olan ölkələr də Ermənistana mümkün qədər dəstək olsalar belə Ermənistan yenə də Azərbaycanın haqlı tələbi qarşısında aciz qaldı və razılığa gəlməyə məcbur oldu. Dünya ölkələrinin belə Azərbaycanın iradəsinə təsir edə bilmədiyini müşahidə etməkdəyik və məhz 4 kəndin heç bir mübahisə, mübaliğə belə olmadan qaytarılması fonunda cəsarətlə deyə bilərik ki, artıq ölkəmizin haqlı tələblərinin qəbul olunmasından başqa yolun olmadığının qəbul edilməsi ilə razılaşmaqdan başqa çıxış yolunun olmaması özü də məhz ölkəmizin, dövlətimizin formalaşdırdığı, yaratdığı geosiyasi reallıqdır.

Almatı Bəyannaməsinə əsaslanılacağı barədə də razılığa gəlinməsinin əhəmiyyətini qiymətləndirməmək olmaz

Diqqətə çatdıraq ki, görüşün yekunlarına dair protokolda tərəflərin razılığa gəldikləri açıq şəkildə qeyd olunur. Bildirilir ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər əvvəllər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Bağanıs Ayırım, Aşağı Əskipara, Xeyrimli, Qızılqacıl yaşayış məntəqələri arasından birbaşa keçməsi barədə razılığa gəliblər. Onu da nəzərə çatdıraq ki, tərəflər həmçinin delimitasiya prosesinin 1991-ci il Almatı Bəyannaməsinə əsaslanacağı barədə də razılığa gəliblər. Azərbaycan tərəfinin təkid etdiyi bu məsələ ilə bağlı hadisənin əhəmiyyətini qiymətləndirməmək olmaz. Ona görə ki, sərhədlərin delimitasiyası prosesi Bakı ilə İrəvan arasında nəzərdə tutulan hərtərəfli sülh sazişinə nail olmaq yolunda ən mühüm şərtlərdən biri hesab olunmaqdadır.

Kəndlərin qaytarılması fəal iş aparıldığının, bu istiqamətində görülən işlərin məntiqi və müsbət nəticəsidir

Xatırlatmaq yerinə düşərdi ki, cənab Prezident İlham Əliyev 2020-ci ildə məhz işğal olunmuş sərhəd kəndlərinin Azərbaycana qaytarılması məsələsini qaldırdıqdan sonra bu istiqamətdə fəal iş aparıldığı artıq öz təsdiqini tapir. Məhz 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı əldə olunan razılaşmalar bu prosesin məntiqi və müsbət nəticəsi olaraq qəbul olunmaqdadır. Daha dəqiq desək, sözügedən kəndlərin qaytarılması bu istiqamətində görülən işlərin nəticələrinin qənaətbəxş olmasını göstərir. Həm də unutmaq lazım deyil ki, qazanılan uğurlar, nəticələr, sərhədlərin delimitasiyası ilə bağlı əldə olunmuş razılaşmalar digər kəndlərimizin də geri qaytarılması üçün real ilkin şərtlər deməkdir. Bir sözlə, barəsində qeyd olunan razılaşma həmin o qalan kəndlərin də, ərazilərin də geri qayıdacağı anlamına gəlir və həmin kəndlərin də əsl sahibləri olan azərbaycanlıların qısa müddətdə geri qayıdacağı zərrə qədər də şühbə doğurmur. Əgər bu gün hansısa kənar qüvvələr, haylara dəstək verməyə, onları qızışdırmağa çalışan güclər, üçüncü tərəflər rəsmi İrəvanın razılaşma qərarına təsir edə bilmirsə, bu, Azərbaycanın bütün dünyada, qlobal miqyasda, beynəlxalq müstəvidə gücünün, qüdrətinin göstəricisi olaraq qəbul edilir və əsl geosiyasi reallıq da məhz budur.

Azərbaycan bu məqsədinə də çevik diplomatiyası sayəsində nail olub

Nəzərə çatdıraq ki, Azərbaycan strateji əhəmiyyətinə görə delimitasiyaya konkret olaraq Qazax rayonundan başlamaqda israrlı olub. Əgər bu məqsədinə də nail olubsa, deməli, çevik diplomatiyası sayəsində nail olub. Hətta bu reallığın belə rəsmi İrəvan tərəfindən də qəbul edildiyi təkzib edilə bilməz. Hər halda Ermənistanın baş naziri Nikol Paşinyanın məhz dörd kəndin Bakıya qaytarılmasını jurnalistlərə şərh edərkən etiraf etdikləri özü də bu həqiqəti təsdiq edir. “Baş verənləri öncədən həddən artıq qiymətləndirməyinizi istəməzdim, amma mən indi bunun lazımınca qıymətləndirilməməsini, buna az dəyər verilməsini də istəmirəm. Qeyd etmək çox vacibdir ki, Ermənistan və Azərbaycan ilk dəfə olaraq məsələni danışıqlar masası arxasında həll ediblər”, deyə Paşinyan Ermənistan və Azərbaycanın ilk dəfə olaraq sərhədin bir hissəsi problemini danışıqlar yolu ilə həll edə bilməsindən sevincək olduğunu gizlədə bilməyib. Daha bir reallıq da məhz budur.

Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratmağa nail olan cənab Prezident Azərbaycan diplomatiyasının yüksək peşəkarlığını sübut etdi

Etiraf edilməlidir ki, mürəkkəb olan və mütəmadi şəkildə dəyişməkdə olan dünya düzəninin çətin şəraiti fonunda kəndlərin geril qaytarılması barədə razılığa gəlinməsi Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratmağa nail olan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan Azərbaycan diplomatiyasının yüksək peşəkarlığını əyani şəkildə sübut etdi. Bu peşəkarlığın bütün dünya məhz Azərbaycan Prezidentinin, cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən Müharibəsində Azərbaycanın parlaq qələbə qazandığı zaman və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən uzunmüddətli işğalına son qoyulduğu zaman onsuz da şahidi olmuşdu. Eyni zamanda, 2023-cü ilin sentyabrında keçirilən anti-terror əməliyyatı nəticəsində bütün Qarabağ bölgəsinin Azərbaycanın qanuni nəzarətinə qaytarılaraq ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi zaman da bu peşəkarlıq öz təsdiqini tapmışdı. Bu peşəkarlığa azca da olsa şübhəsi qalanların şübhələri də məhz Ermənistanın və onun Qərb himayədarlarının Qarabağda saxta qurumun qalıqlarını saxlamaq və danışıqlar prosesini hansısa statusun müzakirəsi kontekstinə keçirmək cəhdlərinin tamamilə iflasa uğraması ilə yoxa çıxdı. Bununla yanaşı, rəsmi Bakı və Moskvanın konstruktiv atmosferdə və mehriban qonşuluq şəraitində olması fonunda Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən tezliklə çıxarılması ilə bağlı hər iki ölkənin ali rəhbərliyinin birgə qərara gəlməsi və sülhməramlıların ərazilərimizi tərk etməyə başlamaları ilə də Bakının uğurlu diplomatiyasının qələbə qazandığı bir daha təsdiqləndi. İndi də kəndlərimizin qaytarılması ilə bağlı könüllü şəkildə razılığa gəlinməsi özü də məhz ölkəmizin yaratdığı geosiyasi reallığın təzahürü olaraq qəbul olunmaqdadır.

Sözsüz ki, Ermənistanın məhz Qərb dövlətlərinin əlində alət olmaqdan çəkinətək Azərbaycanla səmərəli dialoq qurmasının yeganə doğru yol, regionda davamlı sülhə nail olmaq üçün ən düzgün seçim olduğu bəllidir. Yəni, reallığın məhz bundan ibarət olduğu artıq gün kimi aydındır. Onsuz da baş verən proseslər də bunu açıq-aydın şəkildə göstərir. Məhz geosiyasi reallıq odur ki, ikitərəfli danışıqlar və razılaşmalar yolu ilə Cənubi Qafqazda çoxdan gözlənilən sülh və əmin-amanlıq bundan sonra əbədi olaraq hökm sürə bilər...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə