“23 fevral tarixinin bizim ordumuza heç bir aidiyyatı yoxdur” - TARİXÇİ DANIŞDI

“Fevral ayının 23-ü keçmiş SSRİ-də vaxtilə ordu kimi günü kimi qeyd olunub. Bu bayramın tarixi 1918-ci ilin 23 fevralına gedib çıxır və o zaman baş verən hadisələrlə bağlıdır. Həmin tarixdə formalaşmaqda olan qırmızı qvardiya hissələri alman qoşunları ilə üz-üzə gəlmiş və həmin zaman almanlar üzərində parlaq qələbə qazanmışdılar. 1923-cü ildə Sovet İttifaqı qurulduqdan sonra 23 fevral məhz bu tarixə görə qırmızı ordunun yarandığı gün kimi qeyd etməyə başladılar”. Bu sözləri SİA-ya açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.

O bildirib ki, 1923-1946-cı illərdə 23 fevral qırmızı ordu və donanma günü, 1946-1993-cü illərdə isə Sovet ordusu və hərbi dəniz donanması günü kimi qeyd olunmağa başlanıldı: “Təbii ki, Sovet İttifaqının dağılmasından sonra müstəqil respublikaların əksəriyyəti artıq öz milli ordu günlərini qeyd etməyə başlasalar da, bəzi ölkələrdə təəssüf ki, Sovet ənənəsi hələ də qalmaqda idi.

23 fevral tarixi hazırda Rusiyada “Vətən müdafiəçiləri günü” adı altında dövlət bayramı kimi qeyd olunur. Hətta bu günlərdə Belarusiya, Tacikistan, Qırğızıstanda 23 fevralı qeyri-iş günü kimi rəsmi formada qeyd edirlər. Lakin bir tarixçi kimi 23 fevral tarixinin qeyd olunmasının tərəfdarı deyiləm. Çünki 23 fevral tarixinin bizim ordumuza heç bir aidiyyatı yoxdur, müstəqil Azərbaycanın öz silahlı qüvvələr günü var. Eyni zamanda Qırmızı ordunun Azərbaycan tarixində törətdiyi faciələrlə yadda qalması da mütləq vurğulanmalıdır. Məhz 20 Yanvar faciəsini törədən də elə Sovet ordusu idi. Buna görə də bu ordunun gününü qeyd etməyə ehtiyac yoxdur. Biz Vətən müharibəsində düşmənə qalib gəldik və 8 noyabr Zəfər günü kimi tarixə yazıldı. Bizim artıq milli ordumuzla bağlı olan milli bayramlarımız, günlərimiz var”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə