"Bu gün vaxtilə məcazi mənada “Qarabağın qapısı” adlandırılan, lakin erməni barbarları tərəfindən “Qafqazın Hirosiması”na çevrilən Ağdamın işğaldan azad edildiyi gündür. Həmin gün bu il həm də ilk dəfə Ağdam şəhər günü kimi qeyd olunur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloq sözlərinə belə davam edib: "Rayon 1930-cu ildə yaradılmış və sahəsi 1094 kvadrat km-dir. Ağdamın relyefi əsasən düzənlik və qismən dağlıq ərazidən ibarət olub, Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərb hissəsində yerləşir.
Uzun müddət Ağdam bütün Qarabağın ümid yeri olmuşdur, lakin 1993-cü il iyul ayının 23-də, 42 günlük ağır döyüşlərdən sonra, Ağdam ərazisinin 73 faizi işğal olunmuşdur. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdular. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdılar.
İşğal müddətində beynəlxalq təşkilatlar azərbaycana qarşı “ikili standartlar” siyasəti yürütmüşdür. Belə ki, ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edərək, tələb edərək göstərmişdir ki, “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılsın”. Təəssüf ki, Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayınmış və dünya da buna göz yummuşdur.
Rəsmi İrəvan işğalçılıq siyasətini davam etdirərək, Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmuş, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətmiş, azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmə həyata keçirmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev yüksək peşəkarlıq siyasəti ilə Ağdam rayonunu, 2020-ci ilin 20 noyabr tarixində heç bir güllə atmadan ermənilərdən təhvil almışdır. Həmin ilin 26 noyabr tarixində. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə “Ağdamın azad olunmasına görə” medal təsis edilmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu həmin medalla təltif edilmişdir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunmuşdur.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev demişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Ağdam işğaldan azad olunandan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev 23 noyabr 2020-ci ildə Ağdama səfər edərək şəhərdə Dövlət Bayrağını ucaltmış və dağıdılmış Cümə məscidini ziyarət etmişdir. Daha sonra 28 may 2021-ci ildə növbəti səfəri zamanı Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin, şəhər 1 saylı məktəbin yeni binasının, Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində, həmçinin şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsində iştirak etmiş, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi, Qiyaslı məscidi və Şahbulaq qalası ilə tanış olmuşdur.
Müzəffər Ali Baş Komkandan İlham Əliyev üçüncü dəfə 13 fevral 2022-ci ildə Ağdam səfər etmiş - Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam” mehmanxanasının, 210 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının və Yeni yaşayış kompleksinin təməlqoyma mərasimlərində iştirak etmiş, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə və Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi ilə tanış olmuşdur.
Möhtərəm Prezident İlham Əliyev 4 oktyabr 2022-ci ildə dördüncü səfəri zamanı Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə, habelə Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə tanış olmuş, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin; Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının, Növbəti yaşayış məhəlləsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimlərində, həmçinin Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak etmişdir. Bu ilin oktyabr ayının 15-də isə Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olmuşdur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə