Prezidentlərin Naxçıvan görüşü əlamətdar hadisələrlə yadda qaldı – DEPUTATIN ŞƏRHİ
“Naxçıvan şəhərində iki dost, qardaş ölkə - Azərbaycan və Türkiyə prezidentlərinin növbəti görüşü baş tutdu. Səfər iki müttəfiqin sarsılmaz birliyini, həmrəyliyini bir daha dünyaya nümayiş etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfəri çox önəmli hadisələrlə yadda qaldı. Uzun illər ərzində Ermənistanın işğalçılıq siyasəti səbəbindən blokadada qalan Naxçıvan yeni təməli qoyulan İğdır-Naxçıvan qaz kəməri və Qars-Naxçıvan dəmiryolu xətlərinin inşasından sonra problemlərdən qismən qurtulacaq. Zəngəzur dəhlizinin açılması isə Azərbaycanı ayrılmaz ərazilərimiz olan Naxçıvan vasitəsilə Türkiyəyə, daha sonra isə Avropaya və dünyaya birləşdirəcək. Dövlət başçıları Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılış mərasimində də iştirak ediblər. Qardaş ölkələr arasında çox mühüm Azərbaycan-Türkiyə sənədləri imzalayıblar”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata bəyanatındadediyi kimi, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi iki qardaş ölkə arasında münasibətlərin tarixində önəmli hadisədir: “Bu, gələcək əlaqələrə yeni təkan verəcək. Həm də Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcəkdir. Bu layihələrin həyata keçirilməsi gələcəkdə Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək. Qeyd edək ki, ötən il Azərbaycanla Türkiyə arasında maliyyə dövriyyəsi 6 milyard dollardan çox olub və bu ilin yeddi ayı ərzində daha 40 faiz artıb.Qeyd edilib ki, Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar var. Naxçıvanın yaşıl enerji zonasına çevrilmə potensialı çox böyükdür. Gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdə Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirlərindən də danışılıb. Bildirilib ki, Azərbaycan 23 saat ərzində keçirilən bu tədbirlərlə ərazilərimizdə qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, separatçı qurum şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə