PREZİDENT İLHAM ƏLİYEV: "İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir"
Azərbaycan İtaliya əlaqələri tarixi köklərə, strateji tərəfdaşlığa və dostluğa söykənir. Zəngin mədəniyyətə, böyük dövlətçilik ənənələrinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan İtaliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin tarixi ölkəmizin müstəqilliyinin bərpasının ilk illərinə təsadüf edir. Belə ki, 1992-ci ilin əvvəllərində İtaliya Azərbaycanın müstəqilliyini tanımış, həmin il ölkələrimiz arasında diplomatik əlaqələr qurulmuşdur. İtaliya hökumətinin Cənubi Qafqaz ölkələri arasında ilk olaraq Azərbaycanda öz səfirliyini təsis etməsi ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının bariz nümunəsidir. 1997-ci ildə Azərbaycanda İtaliyanın səfirliyi yaradılmış, həmin ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İtaliyaya rəsmi səfər etmişdir. Dəfələrlə ölkələrimizin nümayəndə heyətləri, hökümət rəhbərləri ardıcıl və davamlı görüşlər keçirmiş və eyni zamanda yüksələn xətlə inkişaf edən sazişlər, mühüm qərarlar qəbul edilmişdir. Ümumilikdə, ölkələrimiz arasında siyasi və iqtisadi cəhətdən də maraqlarımızın üst-üstə düşdüyü məqamlar çoxdur. İtaliyanın iş adamları, şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunu həyata keçirir, Xəzərin karbohidrogen ehtiyatlarının istismarında yaxından iştirak edirlər. Ölkəmizin xarici siyasətinin başlıca prioritetlərindən olan Avropa və Avratlantik qurumlara inteqrasiya, o cümlədən Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi, eləcə də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatlarına üzv olması prosesində İtaliya ölkəmizə dəstəyini heç zaman əsirgəməmişdir. Xüsusilə. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin İtaliya tərəfindən dəstəklənməsi prosesə öz müsbət təsirini göstərmişdir. Eyni zamanda, dost ölkə olaraq İtaliya bizim azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün dəvət etdiyimiz ilk ölkələrdən biridir.
BİZ STRATEJİ MƏNA DAŞIYAN İTALİYA-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİ DAHA DA GENİŞLƏNDİRMƏYƏ ÇALIŞIRIQ
Prezident İlham Əliyev Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib ki, bu, doğrudan da çox önəmli tədbirdir və İtaliya-Azərbaycan dostluğunu böyük dərəcədə gücləndirəcək bir layihədir. İtaliya-Azərbaycan əlaqələri strateji məna daşıyır və biz çalışırıq ki, bu strateji tərəfdaşlıq çərçivələrini daha da genişləndirək: "İlk növbədə, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Siz də öz çıxışınızda qeyd etdiniz ki, Prezident Mattarellanın Azərbaycana səfəri, mənim İtaliyaya səfərlərim bu əlaqələri daha da gücləndirir. Əlbəttə ki, yanvarın 11-dən bu günə qədər İtaliya hökumətinin üç nazirinin Azərbaycana gəlməsi çox önəmli və deyə bilərəm ki, fövqəladə bir hadisədir. Bu səfərlər zamanı biz həm hərbi, hərbi-texniki, energetika və bütövlükdə investisiya, ticarət sahələrində əməkdaşlığı müzakirə etmişik və edəcəyik".
VƏTƏN MÜHARİBƏSİ DÖVRÜNDƏ İTALİYANIN AZƏRBAYCANLA HƏMRƏYLİYİ
Bəli, Azərbaycan-İtaliya hər zaman dost olduğunun əməlləri ilə göstərib. Belə ki, 44 günlük Vətən müharibəsi bir daha kimin dost, kimin düşmən olduğunun göstərdi.
Prezident İlham Əliyev hər zaman çıxışlarında işğaldan azad olunmuş ərazilərimizin bərpasında Azərbaycanın dost ölkələri təmsil edən şirkətlərlə əməkdaşlıq edəcəyini bəyan edib. İtaliya da Azərbaycana dost ölkələrdəndir və strateji tərəfdaşımızdır. Ölkələrimiz arasında bütün istiqamətlər üzrə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Təsadüfi deyil ki, 2020-ci il İtaliyada «Azərbaycan ili» kimi qeyd olundu. Bu bir daha onu göstərir ki, Azərbaycan İtaliya əlaqələri tarixi köklərə, strateji tərəfdaşlığa və dostluğa söykənir.
Azərbaycan və İtaliya arasında dostluq münasibətləri 44 günlük Vətən müharibəsi dövründə də rəsmi Roma tərəfindən açıq şəkildə bəyan olundu. İtaliyanın ayrı-ayrı rəsmi orqanlarında müxtəlif səviyyələrdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti əks etdirən sənədlər qəbul olundu. Həmin sənədlərdə də vurğulanırdı ki, İtaliya bölgədə sülh və hörmətin bərqərar olması üçün tərəflərin BMT-nin müvafiq qətnamələrinə və 10 noyabr tarixində imzalanmış Bəyanatdan irəli gələn öhdəliklərə əməl etməsinin vacibliyi vurğulanırdı. Hətta İtaliyanın müxtəlif rəsmi orqanları Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti əks etdirən sənədlər qəbul etdi.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən işğaldan azad edilmiş ərazilərin bərpasına dost ölkələrin yaxından cəlb edilməsi və onlara geniş imkanlar yaradılmasını iki ölkə arasında dost münasibətlərinin bariz nümunəsi olduğunu önə çəkdi. 44 günlük müharibə zamanı İtaliya informasiya cəbhəsində, ölkəmizin haqq səsinin bütün dünyaya çatdırılması prosesində də Azərbaycana əvəzsiz dostluq nümayiş etdirdi. Belə ki, İtaliyanın nüfuzlu “Politicamente Corretto”, “Adnkronos” xəbər agentliyi, “Il Giornale” qəzeti, “Notizie Tiscali”, “Notizie Yahoo”, “Occhio Notizie”, “Telenicosia”, “Agenzia Nova” və digər media resursları Azərbaycan üçün əhəmiyyətli platformaya çevrildi. İtaliya mətbu orqanlarında Ermənistanın Gəncə şəhərinə raket hücumu və Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı materiallar dərc edildi, mülki əhaliyə qarşı həyata keçirilən terror siyasəti qətiyyətlə pislənildi və bütün bunlar ən qabarıq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətlərinin yeni mərhələyə qədəm qoymasında körpü rolunu oynayan əsas dost dövlətlərdən biri də məhz İtaliyadır.
Ümumiyyətlə, qlobal proseslərə, sabitliyin bərpası, sülhün təmin edilməsi, terrorizmə, işğala və ölkələrin sağlam inkişaf prinsiplərinə vahid baxış Azərbaycanla İtaliyanı birləşdirən əsas amillərdəndir. Təsadüfi deyil ki, İtaliya-Azərbaycan arasındakı tərəfdaşlıq-dostluq münasibətləri təkcə-neft-qaz sektorunda özünü göstərmir, həmçinin turizm, sənayə, kənd təsərrüfatı, nəqliyyat, təhsil və digər sahələr üzrə hər iki ölkə arasında davamlı əlaqələr mövcuddur. Elə buna görə də qarşılıqlı sərmayə yatırımları da hər iki ölkədə yüksələn xətt üzrə inkişaf edir.
Ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı sahəsində “ICE” - İtaliya Ticarət Agentliyinin, “OICE” - İtaliyanın memarlıq, mühəndislik və texniki-itisadi konsaltinq şirkətləri assosiasiyasının, “Assorestauro” - İtaliyanın memarlıq, incəsənət, restavrasiya və şəhər bərpası üzrə assosiasiyasının, “Confindustria” -İtaliyanın sənaye və xidmət şirkətləri assosiasiyasının, “SACE” – İtaliya İxrac-Kredit Agentliyinin, “ANCE” - İtaliyanın Milli İnşaatçılar Assosiasiyasının və “Elettricita Futura” - İtaliyanın elektrik enerjisi şirkətləri assosiasiyası ilə əməkdaşlıq imkanları ən yüksək səviyyədə müzakirə edilərək İtaliya şirkətlərinin işaldan azad edilən ərazilərin bərpası proesində iştirakı ilə bağlı qərarlar qəbul olunub. İtaliyanın Azərbaycandakı səfiri Klaudio Tafurri Ağdama səfəri zamanı bu şəhərin tamamilə məhv edildiyini və İtaliya şirkətlərinin bərpa-inkişaf işlərində iştirakına hazır olduqlarına bildirmişdi.
İtaliyanın “Geopolitica.info” portalında italyan tədqiqatçı Chiara Minoranın müəllifi olduğu “Atəşkəsdən 300 gün sonra: Qarabağın bərpası və İtaliyanın rolu” sərlövhəli məqalədə İtaliya da daxil olmaqla, bir sıra ölkələrin şirkətlərinin iştirakı ilə çoxsaylı bərpa və yenidənqurma layihələri həyata keçirildiyi, bunun azad olunmuş ərazilərdə davamlı iqtisadi inkişafı təmin etmək, eyni zamanda, münaqişə dövründə ölkənin qalan hissəsinə sığınan yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz ərazilərinə qayıtmasını təmin etmək məqsədi daşıdığı qeyd olunurdu.
Prezident İlham Əliyev 2021-ci il fevral ayının 3-də İtaliyanın “Maire Tecnimont Group”un sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən İtaliyanın Azərbaycan üçün əhəmiyyətini xüsusi olaraq vurğulamışdı: “İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd etmək istəyirəm. Bir il bundan əvvəl mənim ölkənizə dövlət səfərim bunu bir daha göstərdi və mən bizim rəhbər şəxslərlə, biznes icması ilə görüşlərimizi və müzakirələrimizi xatırlayıram. Biz həmişə sözümüzü tuturuq və razılaşdırdıqlarımızın hamısını icra edirik. Həmçinin keçən il tariximizdə yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq. Biz İtaliya mediasının bu məsələyə obyektiv yanaşmasının şahidi olduq və onu da gördük ki, imzaladığımız və vurğuladığımız məsələləri reallığa çevirdik. Çünki İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və reallıq da bizim strateji tərəfdaş olduğumuzu göstərir”.
Azərbaycan, həmçinin İtaliya ilə bu gün kifayət qədər aktuallıq kəsb edən “yaşıl kimya”, “yaşıl enerji”, “yaşıl enerji zonası”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında sıx əməkdaşlıqda maraqlıdır. Eyni zamanda, İtaliya-Azərbaycan münasibətləri humanitar sahə üzrə də inkişaf etməkdədir.
2020-Cİ İLİN "AZƏRBAYCAN İLİ" ELAN EDİDMƏSİ İTALİYA VƏ AZƏRBAYCANIN STRATEJİ TƏRƏFDAŞ OLDUĞUNUN TƏSDİQİDİR
2020-ci ilin İtaliyada “Azərbaycan ili” elan olunması, Vətən müharibəsi dövründə İtaliyanın Azərbaycanla həmrəyliyini göstərən faktlar və İtaliya mediasının məsələyə obyektiv yanaşması iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Qeyd edək ki, 2020-ci ildə İtaliyada “Azərbaycan ili” elan olunmmasını İtaliya Respublikasının Prezidenti Sercio Mattarella geniş tərkibdə görüşdən sonra Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib. İtaliya Prezidentinin sözlərinə görə, ölkəsi Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrə hər zaman dəstək olmağa hazırdır: "Mən artıq cənab Prezidentə bu barədə bildirdim ki, 2020-ci il İtaliyada "Azərbaycan ili" elan olunub. Bu, bizim əlaqələrimizi, dostluğumuzu, əməkdaşlığımızı artırmağa kömək edəcək və iki ölkə arasında münasibətləri daha da intensivləşdirəcək".
S.Mattarella onu da bildirib ki, İtaliya Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrə stimul olmaq üçün bu sahədə də çox geniş formada əməkdaşlıq etməyə hazırdır: "İtaliya Azərbaycanı, həmçinin, Avroatlantik Tərəfdaşlıq üzrə də ən əsas tərəfdaş kimi görür. Əfqanıstanda terrorizmə qarşı mübarizədə və gördüyünüz kimi, hər bir sahədə bizim ölkələrimiz arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Azərbaycan hər zaman bu əməkdaşlıqda İtaliyanın dostluğuna və dəstəyinə əmin ola bilər".
Xüsusi olaraq vurğulamaq lazımdır ki, İtaliyada "Azərbaycan ili"nin elan olunması ölkəmizə iqtisadi dividentlər gətirməklə yanaşı, siyasi nüfuzunu da artırmaqdadır. Belə ki, son illər Avropanın enerjitəhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən, Cənub Qaz dəhlizinin bir qolu olan TAP layihəsinin icrası ilə bağlı süni şəkildə əngəlliklər yaradılırdı. Aralarında erməni lobbisinin də fəal şəkildə iştirak etdiyi maneələr aradanqaldırıldı. Qeyd edək ki, TAP-n istifadəyəverilməsi isə Azərbaycana iqtisadi dividentlər gətirməklə yanaşı, siyasi nüfuzda gətirir.
Prezident İlham Əliyev ötən il fevral ayının 3-də İtaliyanın “Maire Tecnimont Group”un sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən İtaliyanın Azərbaycan üçün əhəmiyyətini xüsusi olaraq vurğulamışdı: “İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd etmək istəyirəm. Bir il bundan əvvəl mənim ölkənizə dövlət səfərim bunu bir daha göstərdi və mən bizim rəhbər şəxslərlə, biznes icması ilə görüşlərimizi və müzakirələrimizi xatırlayıram. Biz həmişə sözümüzü tuturuq və razılaşdırdıqlarımızın hamısını icra edirik. Həmçinin keçən il tariximizdə yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq. Biz İtaliya mediasının bu məsələyə obyektiv yanaşmasının şahidi olduq və onu da gördük ki, imzaladığımız və vurğuladığımız məsələləri reallığa çevirdik. Çünki İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və reallıq da bizim strateji tərəfdaş olduğumuzu göstərir”.
Bir sözlə, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyev cənablarının apardığı çoxşaxəli siyasətin və beynəlxalq aləmdə şəxsinə olan inamın, hörmətin nəticəsidir.
YENİ RELLIQLAR FONUNDA AZƏRBAYCAN VƏ ONUN LİDERİ BÜTÜN DÜNYA TƏRƏFİNDƏN DİQQƏTLƏ QARŞILANIR VƏ QƏBUL OLUNUR
Ümumiyyətlə Prezident İlham Əliyevin xarici ölkələrə işgüzar səfərləri, səfər çərçivəsində dövlət rəsmilərilə görüşləri Azərbaycan Prezidentinin dünyadakı artan siyasi nüfuzunun göstəricisidir ki, illərdir davam edən nüfuzlu forumun təşkilatçıları əsas qonaq qismində məhz Azərbaycan Prezidentinə dəvət göndəriblər. Eyni zamanda dövlət başçımızın İtaliyaya səfəri. Belə ki, ötən il 1-2 sentyabr tarixlərində Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri, səfər çərçivəsində dövlət rəsmilərilə görüşləri Azərbaycan Prezidentinin dünyadakı artan siyasi nüfuzunun göstəricisidir. Belə ki, müxtəlif illərdə Çernobbio Forumunda dünya ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər. Sayca 48-ci olan bu dəfəki forumun əsas plenar iclasında Prezident İlham Əliyev “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bir sıra məsələlərə toxunub və Azərbaycanın Avropanın enerji təminatının əsas təchizatçılarından biri olduğunu vurğulamışdır.
Bir sözlə, Beynəlxalq Çernobbio Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycana yalnız böyük şirkətlərin, ayrı-ayrı dövlətlərin deyil, həm də nüfuzlu beyin mərkəzlərinin marağı artır. Bütün bu faktlar Azərbacyanın və Prezident İlham Əliyevin dünyada artan siyasi nüfuzunun nəticəsidir. Yeni rellıqlar fonunda Azərbaycan və onun lideri bütün dünya tərəfindən diqqətlə qarşılanır və qəbul olunur.
AZAD OLUNMUŞ TORPAQLARDA ƏN ÇOX İŞ GÖRƏN TÜRKİYƏ VƏ İTALİYA ŞİRKƏTLƏRİDİR
Prezident İlham Əliyev Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib ki, güclü siyasi əlaqələrimiz çox böyük təməldir. Neft-qaz və hazırda elektroenergetika layihələri bu təməli böyük dərəcədə gücləndirdi: "Bilirsiniz ki, İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesi sürətlə gedir, 5 İtaliya universiteti bizimlə artıq tərəfdaşdır. Eyni zamanda, azad olunmuş torpaqlarda ən çox iş görən şirkətlər Türkiyəni və İtaliyanı təmsil edirlər".
Dövlətimizin başçısı onu da bildirib ki, 2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya bizim enerji potensialımızı daha da gücləndirəcək. Çünki buna həm Azərbaycanda, həm də Avropada ehtiyac var.
Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərinin ilk növbədə, elektroenergetika sahəsindən başladığını qeyd edən dövlətimizin başçısı deyib ki, artıq 10-dan çox yarımstansiya və 10-dan çox su elektrik stansiyası inşa edilib: “Artıq biz iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq”.
Prezident bildirib ki, bütün stansiyalar ümumi şəbəkəyə qoşulub. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq. Yəni, bu sahə prioritet olaraq qalır.
Prezident İlham Əliyev bildirib ki, İtaliya-Azərbaycan əlaqələri o qədər dərin və səmimidir ki, biz özümüz üçün ən vacib saydığımız layihələri məhz İtaliya şirkətlərinə həvalə etmişik. Bakı şəhərində, azad edilmiş bir çox şəhərlərdə Qələbə və İşğal muzeylərinin İtaliya şirkətləri tərəfindən yaradıldığını qeyd edən dövlətimizin başçısı deyib: «Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dağılmış 3 məscid və yeni inşa edilən 1 məscid İtaliya şirkətləri tərəfindən bərpa olunur və inşa edilir. Yəni, bütün digər sahələrlə yanaşı, qeyd etdiyim bu layihələr bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu, bizim həm tarixi keçmişimizdir, eyni zamanda, Qələbəni əks etdirən yeni rəmzlər olacaq”.
Bir sözlə, bütün bunlar Azərbaycan-İtaliya münasibətlərinin bütün sahələr üzrə yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə