Fikir, söz və məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi prioritetdir - TƏHLİL

Fikir, söz və məlumat azadlığı hərhansı bir cəmiyyətdə demokratik mexanizmlərin mövcudluğunu, işləkliyini təsdiq edən əsas şərtlərdəndir. Təsadüfi deyil ki, sivil cəmiyyətin atributu da elə məhz fikir və məlumat azadlığı hesab olunur, çünki bu azadlıqlar dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rola malikdir. Fikir, soz, məlumat azadlığına, azad mətbuatın inkişafına ölkəmizdə xüsusi diqqətin ayrılması, eləcə də göstərilən qayğı bu baxımdan başadüşüləndir.

İnsan hüquq və azadlıqlarının müdafiəsinə, fikir, söz və məlumat azadlığının təmin edilməsinə ölkəmizdə göstərilən qayğı və diqqət cəmiyyətimiz tərəfindən müsbət qarşılanır. Heç də sirr deyil ki, Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir və bu, bizim hər birimiz üçün qürurvericidir. Həm də qürurverici olan odur ki, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ölkəmizdə hər zaman olduğu kimi, yenə də ön planda durur və prioritet hesab edilir. Məhz elə buna görə də vətənimiz Azərbaycanda fikir, söz, məlumar azadlığı, azad mətbuat, plüralizm dinamik şəkildə inkişaf etməkdədir və bu inkişaf dinamikası ölkəmizdə demokratiyanın bundan sonra da, gələcəkdə də mövcudluğuna əsaslı zəmin yaradır. Ölkəmizdə soz, fikir, məlumat azadlığının hansı səviyyədə olduğunu müəyyən etmək üçün azad şəkildə fəaliyyət göstərən televiziya və radioların, qəzet və jurnalların, informasiya agentliklərinin maneəsiz, senzurasız çalışmasına diqqət etmək kifafayət edir.

Ölkəmizdə söz, ifadə azadlığının olduğunu birmənalı şəkildə təsdiq edən məqamlardan biri kimi sosial şəbəkələrin mövcudluğunu, insanların həmin şəbəkələrdə öz fikirlərini azad şəkildə paylaşmasını göstərə bilərik. Cəmiyyətimizdə müşahidə edilən hadisələrə vətəndaşlarmızın öz münasibətini məhz sosial şəbəkələr vasitəsilə heç bir maneə olmadan bildirdiyinin hər birimiz şahidiyik. Xatırladaq ki, əgər vətəndaşlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilirlərsə, buna da heç bir qadağa qoyulmursa, maneələr də yoxdursa, bu elə ifadə azadlığının olduğunu təsdiq edir və ölkəmizdə bu azadlığın təmin olunduğu göz önündədir. Sözsüz ki, sosial şəbələrin mövcudluğundan sui istifadə halları, etik normalara riayət edilməməsi, təhqir hallarına və uyğunsuz yanaşmalara qol verilməsi qəbuledilməzdir. Bu baxımdan da insanların həmin şəbəkələrdən istifadəsinə hansısa maneə olmamasına baxmayaraq, burada xaosun da hökm sürməsinə imkan verilmir və xoşagəlməz hallar qanunla tənzimlənir.

Söz, fikir, məlumat azadlığı təmin olunmadan, yəni informasiya cəmiyyətinin fundomental prinsipi təmin olunmadan demokratiyadan da, plüralizmdən də, azad cəmiyyətin tərəqqisindən də danışmaq mümkün deyil. Bütün bunların təminatı üçün isə ilk növbədə əlbəttə ki, həmin sahəni tənzimləyən qanunların olması və dövlət tərəfindən qorunması gərəkir, hansı ki, ölkəmizdə bu sahədə ilkin təminat məhz konstituasiyamıza əsaslanır. Təsadüfi deyil ki, Azərbaycanda medianın inkişafı, söz, fikir, məlumat azadlığının təminatı üçün qanunvericilik normaları da qəbul edilib, institusional mexanizmlər də, bu istiqamətdə inkişafa təkan verən qurumlar belə formalaşdırılıb və bu baxımdan gələcək üçün də nikbin proqnozlar verilməsi üçün məntiqi əsas var.

Xüsusilə vurğulamaq yerinə düşərdi ki, fikir, söz, eləcə də məlumat azadlığı dövlətə inamı formalaşdırır və bununla da vahid mövqedən çıxış edilməsinə əsaslı zəmin yaradır. Son dövrlər ölkə mediasının milli maraqlar kontekstində vahid mövqe sərgiləməsi, dövlətin mənafeyi naminə birlik nümayiş etdirməsi məlumat azadlığının olması ilə yanaşı, dövlətə olan inamın da hansısa səviyyədə olduğunu nümayiş etdirir. Dövlətimizin milli maraqları üstün tutması medianın da milli maraqlardan, vahid mövqedən çıxış etməsi üçün daha bir zəmin yaratmış olur və cəmiyyətimiz bunu müşahidə etməkdədir. Mediamızın belə bir vahid mövqedən, milli maraqlardan çıxış etməsini 44 günlük müharibə zamanı da, qələbə çaldıqdan, Zəfər əldə edikdən sonra da, post-münaqişə dövründə də müşahidə etdik və ən sevindirici də elə məhz bu məqamdır.

Sözsüz ki, hər hansı bir cəmiyyətdə plüralizmin olması, inkişafı üçün ilk növbədə söz, fikir, məlumat azadlığının olması əsas şərtdir. Nəzərə alsaq ki, bizim ölkəmizdə, cəmiyyətimizdə həmin azadlıqlar təmin olunub, deməli, plüralizmin inkişafı üçün ölkəmizdə hərhansı bir maneə yoxdur, əksinə, bunun üçün münbit şərait var. Məhz elə bu münbit şəraitin fonunda da ölkəmizdə siyasi plüralizmin inkişafı göz önündədir. Hazırda ölkəmizdə çoxlu sayda partiyaların olması təsdiq edir ki, plüralizm elə məhz bizim ölkəmizdədir və bu mənada da ölkəmiz digərlər ölkələrə nümunə hesab olunur. Məsələn, özlərini demokratiyanın beşiyi adlandıran ən inkişaf etmiş ölkələrin bir çoxunda cəmir bir və ya iki partiyanın olması hər birimizə bəllidir. Amma Azərbaycanda çoxlu sayda partiya var və bu partiyalara nəinki maneə yoxdur, hətta dövlət dəstəyi belə göstərilir. Təkcə dövlət dəstəyi ilə kifayətlənilmədiyi, siyasi partiyalar haqqında qanunvericiliyin də olması, həmin qanunvericiliyin mütəmadi şəkildə yenilənməsi, daha mükəmməl şəkildə tərtib edilməsi ölkəmizdə plüralizmə, onun inkişafına nə dərəcədə önəm verildiyini bir daha təsdiq edir. 2022-ci ilin oktyabr ayında Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsinin keçirilməsi, müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələrinin iştirak etməsi, siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı maddənin dəyişməsi, siyasi partiya anlayışı, partiyaların təsis edilməsi və digər məsələlərin qanunvericilikdə konkret şəkildə göstərilməsi demokratik cəmiyyət üçün xarakterik, xas olan plüralizmin ölkəmizdə olduğunu və inkişafını göstərir.

Sadalananlar onu deməyə əsas verir ki, söz, fikir, məlumat azadlıqlarının, eləcə də plüralizmin bundan sonra da inkişafı barədə nikbin proqnozlar vermək olar. Ələlxüsus da ona görə nikbin proqnozlar vermək olar ki, fikir, ifadə, məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi dövlət rəhbərinin daim diqqət mərkəzindədir. Bu məqam isə cəmiyyətimiz, ələlxüsus da media nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında cənab Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına layiq görülüb, hansıki bu, azad sözlə, fikir və məlumat azadlığına, mətbuatın inkişafına ölkə rəhbərinin göstərdiyi diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyərin göstəricisidir. Məhz bu dəyərə istinadı edərək, cəsarətlə deyə bilərik ki, Azərbaycanın bundan sonra da söz, fikir, məlumat azadlığının təmantında lider dövlətlərdən biri kimi davamlı şəkildə qəbul edilməsinə ümid etməyə dəyər.

Müəllif: İnam Hacıyev

6.3.2. “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır

Bütün xəbərlər Facebook səhifəmizdə